Bir aya yaxındır, götürmək istədiyim bu müsahibə teatr işçilərinin tətildən qayıtmasını gözlədiyimə görə bu günə qismətmiş. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrındayam, müsahibimin gəlişini gözləyirəm. Gözləmə otağındakı içi kitabla dolu qutu diqqətimi cəlb edir və kitabları vərəqləməyə başlayıram. Saralmış vərəqlər, kiril əlifbası və kitabın ətri o illəri görməməyimə baxmayaraq, məni ötən əsrin 90-cı illərinə aparır. Bir daha əmin oluram ki, nə dəyişir-dəyişsin, bu teatr hər zaman bizim mədəniyyətimizin canlı tarixi olaraq qalacaq.
Müsahibim Azərbaycan Dövlət Akademik Milli Dram və Əsa teatrlarının aktrisası, "Sənsiz", "Çıxış yoxdur", "Şükriyyə", "Dantenin yubileyi" kimi tamaşalarda, müxtəlif film və seriallarda rol almış, ölkəmizi üç dəfə xaricdə təmsil etmiş Lalə Süleymanovadır.
Beləliklə, isti avqustun son şənbəsində fəslin sonuncu müsahibəsini təqdim edirəm.
- Artıq yay bitdi, yeni tamaşalarla sentyabr ayı gəlir. Yeni teatr mövsümündə Dram teatrının tamaşaçılarını nə gözləyir?
- Tamaşaçıları yeni mövsümdə çox gözəl tamaşalar gözləyir. Hazırda yeni sezonda artıq premyerası olacaq bir tamaşa var. Rejissoru Mehriban Ələkbərzadədir. Tamaşa Hüseyn Cavidin "İblis" əsəri əsasında qurulub, Mehriban xanım "İblis"ə yeni bir baxış, müasir oxunuş gətirib. İlk premyera sentyabr ayının əvvəlində Sankt-Peterburqda keçiriləcək. Daha sonra yeni tamaşalarımız olacaq, amma hələ ki spoiler verə bilmərəm.
- Ölkəmizi Qazaxıstanda V Teatr Forumunda "Sənsiz" tamaşası ilə təmsil etmisiniz. Səhnədə olarkən hansı hissləri keçirdiniz, ümumiyyətlə, bu səfər necə yadda qaldı?
- Çox gözəl hisslər keçirdim. Biz bundan əvvəl "Çıxış yoxdur" tamaşası ilə İzmirdə Əsa teatrı ilə birlikdə ölkəmizi təmsil etmişdik. Hər iki tamaşanın rejissoru Nihad Qulamzadədir. "Sənsiz" tamaşası Nihad bəylə ikinci işimiz idi və ikinci dəfə ölkəmizi təmsil edirdik. "Sənsiz" öz əsərimiz idi, Şıxəli Qurbanovun əsəri idi deyə daha qürurlu idik. Maraqlısı isə odur ki, dil fərqi olmasına baxmayaraq, insanlar tamaşanı aydın şəkildə başa düşdülər. Xeyli tamaşaçı var idi, nə qədər bilet satılmışdı və bu, bizim üçün çox qürurverici idi. İnsanların tamaşadan sonra gəlib bizimlə söhbət etmələri, bizi görmək istəmələri fərqli hisslər yaşatdı.
- Özbəkistanda da "Leyli" obrazı ilə səhnəyə çıxmısınız. Özbəkistan səfəri nə ilə yadda qaldı?
- Daşkənddə keçirilən Azərbaycan və Özbəkistan incəsənət ustalarının birgə qala konsertində Özbəkistan Prezidenti ilə birlikdə bizim Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdi. Hər iki ölkənin bir-biri ilə çox yaxın dostluq və qardaşlıq münasibəti var. Bu, mənim Özbəkistana ilk səfərim idi. Artıq iki tamaşa, daha sonra belə bir layihə ilə qala konsertində çıxış etmək mənim üçün qürurverici oldu. Həm də mən səhnəyə müəllimlərimlə birlikdə çıxırdım. Pərviz Məmmədrzayev, Nicat Kazımovla eyni səhnəni bölüşdüm. Müəllimimə baxdım və dedim ki, illər əvvəl mən sizinlə həmkar olacağımı, bir səhnəni bölüşəcəyimi demişdim, indi öz müəllimimlə bir səhnəni bölüşmək mənim üçün çox xoşdur.
- Tamaşanı yaşamaq üçün onun bir parçası olmaq lazımdır, yoxsa onu izləmək kifayət edir? Bir aktrisa kimi daha çox tamaşada oynamağı, yoxsa izləməyi sevirsiniz?
- İkisi də bir-birindən fərqli hisslərdir. Bir aktrisa kimi deyə bilərəm ki, tamaşanın içində olanda artıq hər nöqtəsini bilirsən. Rejissor tamaşanın hər nöqtəsini öz baxış bucağı ilə görür və aktyora da öz baxış bucağını göstərir ki, mən tamaşanı bu baxış bucağından qururam. Biz bu ali məqsədə yönəlirik və ona uyğun oynayırıq. Tamaşaçının gördüyü isə bizim çatdıra bildiyimiz, göstərə bildiyimiz qədərdir. Mən öz oynadığım tamaşalara tamaşaçı kimi baxmağı çox istəyirəm. İstər "Dantenin yubileyi" olsun, istər "Sənsiz", "Çıxış yoxdur" tamaşaları olsun, yaxud da "İblis" olsun. Öz səhnələrim gələnə qədər "İblis" tamaşasına oturub qıraqdan baxıram, sonra çıxıb öz rolumu oynayıb bir də təzədən baxıram. Aktyor kimi, rejissor kimi tamaşanın içində olmaqla tamaşaçı kimi izləmək tamam fərqlidir. Aktyor kimi biz tamaşaya bir obraz tərəfindən baxırıq, amma tamaşaçı hər tərəfdən görür, bütün tamaşanı izləyir. Ona görə tamaşaçı daha dolğun hisslər yaşayır.
- Sənətdə kumiriniz varmı?
- Kumir deməyək, amma bəyəndiyim insanlar çoxdur. Məsələn, bir insan, aktrisa kimi Sənubər İsgəndərlini çox sevirəm. Həmçinin Mehriban Zəkini də çox bəyənirəm. Həm müəllimim olub, həm "Sənsiz" tamaşasında eyni səhnəni bölüşmüşük. Bir qadın, bir insan, bir aktrisa kimi Mehriban Zəkini çox sevirəm. Ona görə kimisə digərindən ayırsam, aralarına fərq qoysam, düz olmaz. Çünki hamısından nələrsə öyrənirəm. Hazırda işlədiyim bütün aktrisalardan, məsələn Bəsti Cəfərovadan çox şey öyrənirəm. Sadəcə səhnədəki davranışlarına deyil, həyatdakı davranışlarına da baxıram və dərs götürürəm. Zemfira xanım Nərimanova ilə bir serialda iştirak etmişik, ondan da çox şey öyrənmişəm. Qısası, bacardığım qədər hər kəsdən nəsə öyrənməyə çalışıram.
- Səhnə ilə real həyatı bir-birindən fərqləndirdiniz. Səhnədəki Laləni həyatdakı Lalədən nə fərqləndirir?
- Səhnədə fikirlərimi daha rahat ifadə edirəm, çünki özüm deyiləm axı. Oynadığım obraza həmişə özümdən nələrsə qatıram. Amma səhnədə olmaq, orada danışmaq mənə daha rahatdır. Ona görə də mən həmişə özüm də fikir verirəm ki, səhnədə çox rahatam, amma elə ki tamaşa bitir və sonda səhnəyə çıxıram, bax o zaman gərgin oluram. Yəni iki Lalə bir-birindən çox fərqlənir.
- İmtina etdiyiniz tamaşa və yaxud film olubmu?
- Olub, tamaşa da olub, serial da olub, film də olub.
- Səbəb maddiyyatla bağlı olub, yoxsa obrazı bəyənməmisiniz?
- Məsələ nə sırf büdcə ilə bağlıdır, nə də sırf ssenari seçməklə. Mənim üçün ssenari və işin perspektivi maddi məsələlərdən daha önəmlidir. Elə işlər olub ki, büdcəsi az olub, amma bilmişəm ki, bu iş mənə çox şey qazandıracaq, buna görə razılaşmışam. Elə işlər də olub ki, büdcəsi yüksək olsa da, obraz və ssenari mənə uyğun olmadığına görə qəbul etməmişəm.
- Bəs elə bir tamaşa varmı ki, orada oynamağı çox arzulamısınız?
- Mən universitetdə Musiqili teatr bölməsini bitirmişəm. Həmişə musiqili tamaşada oynamaq istəmişəm. "The Phantom of the Opera" adında bir opera var və orada Chiristine adlı bir obraz var. Həmin obrazı oynamağı çox istəmişəm. Daha sonra "Notre-Dame de Paris" əsərində Esmeralda obrazında çıxış etmək istəmişəm. Bu tamaşaların hər birində rol almaq mənim ən böyük xəyalımdır. Elə bilirəm ki, bu obrazları oynasam, çox xoşbəxt olaram.
- Sosial şəbəkələrdə fəalsınız və bilirik ki, sosial şəbəkələr həyatın görünən tərəfidir. Bəs Lalə Süleymanovanın həyatının görünməyən tərəfində nələr gizlidir?
- İşimlə, həyatımla bağlı sosial şəbəkədə aktiv olmağım doğrudur. Amma izləyicilər mənim onların görmələrini istədiyim qədərini görürlər həmişə. Elə bilirlər ki, Lalə həyatındakı hər şeyi sosial şəbəkədə paylaşır, elə deyil. Mənim problemlərimi, ailəmlə, dostlarımla harada olduğumu, nə etdiyimi görmürlər. Dediyim kimi, yalnız göstərmək istədiyim qədərini göstərirəm.
- İzləyicilərinizin bir çoxu sizi problemsiz, xoşbəxt biri kimi tanıyır.
- Sözsüz ki, problemsiz insan yoxdur. Xoşbəxt olmağına xoşbəxtəm. Hamının həyatında problem olur, amma hamı həmişə xoşbəxt ola bilmir. Bir dostum var, mənə deyir ki, hamı sənin kimi işıq saçmır. Sözün düzü, o söz mənə çox təsir etmişdi. Bir-iki aydır o cümlə mənim ağlımdan çıxmır. Axı mən həmişə işıq saçmıram. Demirəm həmişə zülmət kimi oluram, amma həmişə işıq da saçmıram. Lakin daima şükran içindəyəm. Həyatda ən böyük şansım məni dəstəkləyən ailəmin və dostlarımın olmasıdır, buna görə həmişə şükür edirəm. İstədiyim yerdəyəm, sağlamam, gözəl tamaşalarda rol alıram. Ona görə düşünürəm ki, xoşbəxt olmamaq üçün səbəblərim çox azdır. Mən çox xoşbəxtəm.
- Həm "Alatava" serialında, həm "Sənsiz" tamaşasında sevilən obraz oldunuz. Bəs hansı sizi daha çox tanıtdı, karyeranıza daha çox rəng qatdı?
- "Alatava" da, "Sənsiz" də eyni vaxtda məşhurlaşdı. "Alatava" çıxan kimi yaxşı mənada böyük səs-küyə səbəb oldu və o işdə iştirak etdiyimə görə çox şadam. Əlixan Rəcəbov ssenarini yazanda mən nəyin necə olacağını bilirdim. Final bölümünü mənə danışanda ağlamışdım və mən hələ də final bölümünə baxmamışam. Çünki o bölüm mənə çox pis təsir edir. Həm o işin içində olduğuma, o əziyyətləri gördüyümə, həm də final bölümün ağırlığına görə həmin bölümə baxa bilməmişəm. Mən bütün komandanı təbrik edirəm, çünki çox uğurlu bir layihə oldu. "Sənsiz" tamaşasının premyerası isə dekabrda oldu. İlk aylardan tamaşaçıların marağını qazanmışdı. Amma 2-3 aydan sonra "Sənsiz"ə yeni bir izləyici dalğası gəldi. "Sənsiz"in biletləri 1 həftə, maksimum 10 gün ərzində tükənirdi. Biz "Sənsiz"i reklam etmirdik, bu tamaşa özü özünü reklam elədi. "Sənsiz"i izləməyə 7-8 dəfə gələn tamaşaçılar var idi. Artıq bir çox tamaşaçını üzdən tanıyıram.
- Ümumiyyətlə, bir aktyorun tanınmasında teatrın, yoxsa kinonun rolu daha böyükdür?
- Bu sualı mənə bir il əvvəl versəydiniz, mütləq deyərdim ki, kino. Amma məni insanlar "Sənsiz"dən tanıyırlar. Əvvəl də məni tanıyan bir kütlə var idi, lakin adi bir paylaşımla "Sənsiz"dən sonra izləyici kütləm daha da artdı. Bu səbəbdən deyə bilərəm ki, məni daha çox Sevinc kimi tanıyırlar. Kinoda çox rol almamışam deyə, mənim üçün teatr ilk yerdə dayanır.
- Azərbaycan teatrının gələcəyi haqqında nə düşünürsünüz?
- Ümid edirəm ki, teatrımız yaxşı şeylər gözləyir və düşünürəm ki, çox yaxşı olacaq. Çünki əvvəlki kimi bu ixtisasa qərəzli yanaşmırlar. Aktrisa olmaq, aktyor olmaq çox çətin işdir. Gecəmiz-gündüzümüz yoxdur, nə vaxt, harada, necə olacaq, bilmirik. Həyatımız əsasən məşqlərdən ibarətdir. Hazırda universitetə də maraq çox böyükdür. Mən izləyirəm, görürəm kimlər qəbul olur, onlara uğurlar arzulayıram. Ümid edirəm ki, sənət yolları çox işıqlı, parlaq və rahat olar. Əgər bu maraqla, bu həvəslə davam etsələr, uğur əldə edə bilərlər. Amma sadəcə həvəs, maraq və istedad bəs eləmir, çox məşq eləmək lazımdır, çox çalışmaq lazımdır. Tanıdığım bir çox insan var ki, çox həvəsli idilər, istedadlı idilər, amma yetəri qədər çalışmadılar. Çox istərdim ki, bu gün onlar da teatrda olsunlar, kinoda olsunlar. Hazırda teatra olan maraq əvvəlkinə nisbətən çoxdur, əvvəllər tələbələr daha çox kinoya, seriala can atırdılar, amma indi baxıram ki, teatra daha çox maraq oyanıb. Bunu həm tamaşaçılara, həm də aktyorlara aid edirəm. İndi tamaşalarda tamaşaçı kütləsi o qədər çox olur ki... Bəzən eyni tamaşada bir tamaşaçını 3 dəfə görürəm və artıq bilirəm ki, həmin tamaşaçı teatra gəlməkdə davam edəcək, müxtəlif tamaşalara gedəcək. Müəyyən qədər tamaşaçı kütləmin olduğunu biləndə özümlə qürur duydum. Mənim 24 yaşım var və bir vaxt əlində daraq güzgü qarşısında mahnı oxuyan balaca Lalə indiki Laləyə baxanda deyir ki, sənə halal olsun, belə davam elə, çox yaxşı yerlərə gedəcəksən. Həqiqətən də arada düşünürəm və öz-özümə deyirəm ki, deyəsən, bu işi bir az bacarmısan (gülür). Burada tamaşaçının rolu böyükdür. Lap əvvəllər insanların teatra hədsiz çox marağı var idi, sonra bir ara o maraq yox oldu, amma indi yenidən insanların teatra axını başlayıb. Bu isə teatr sahəsində çalışan hər kəs üçün böyük bir uğurdur.
Ləman İLKİN