|
|
|
|
Elə dəyərlər var ki, insan onlara çox kiçik yaşlarından alışmağa başlayır və bu hisslərlə də böyüyür. İl üstə gələn illər bu dəyərlərin nə qədər özəl, əvəzolunmaz olduğunu özümüzlə bərabər, içimizdə də böyüdür ki, onlardan ən əzəli Vətəndir. Hər bir qələm əhlinin yaradıcılığında onun üçün həssas olan mövzuların yeri fərqlidir. Təbii ki, mənim də. Çox kövrəkcəsinə yanaşdığım bu mövzuların içində qürbətdə yaşayan həmyerlilərimiz də var. Onlarla hər tanışlıq adətən bir müsahibə ilə tamamlanır. Bu dəfə də belə oldu.
Bugünkü şənbə qonağımızı Vətəndən yaxın bir keşmiş ayırır - 15 ildir, İtaliyanın Florensiya şəhərində yaşayır. İntibah dövrünün memarlıq və incəsənət əsərlərilə zəngin olan bu şəhəri həmyerlimiz heç də təsadüfən seçməyib. Bu haqda özü söhbət əsnasında danışacaq. Mən isə onu Vətənimin bir ziyalı, elm və incəsənət adamı kimi təqdim etmək istərdim. Qonağımız fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, Azərbaycan və Rusiya Rəssamlar İttifaqının, Beynəlxalq Dizaynerlər Assosiasiyasının üzvü, CQE-nin XIV Beynəlxalq konvensiyasının, "Əsrin keyfiyyəti" beynəlxalq mükafatının laureatı Raymonda Xıdırzadədir.
- Maraqlı adınız var...
- Raymonda Aleksandr Qlazunovun balet əsərinin qəhrəmanıdır. Atam gənclik çağlarından baleti çox sevib və daima tamaşalara gedib. "Raymonda" baleti ona o qədər təsir edib ki, obraza bir rəğbət hissi yaranıb onda. Atamda belə bir istək yaranıb ki, ailə qurandan sonra ilk qız övladı doğulsun, adını Raymonda qoysun və o da balerina olsun. Mən dünyaya gələndən sonra ətrafdan eşitdiyi bütün iradlara baxmayaraq, atam adımı Raymonda qoyur, lakin yaşayış yerindən uzaq olduğundan baletə gedə bilmədim və sonda oldum riyaziyyatçı.
- Qızlar dəqiq elmlərə heç də həmişə maraq göstərmir...
- Ən əvvəl mən bunu özüm üçün genetik hesab edirəm. Babam Mikayıl Xıdırzadə 1932-ci ildə Moskva Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olunan ilk azərbaycanlı tələbədir. Qayıdandan sonra indiki BDU-nun Mexanika-riyaziyyat fakültəsində baş müəllim kimi fəaliyyətə başlayıb, daha sonra fakültənin ilk azərbaycanlı dekanı olub. Atam babam müharibəyə gedəndən bir ay sonra dünyaya gəlib və onu görməyib. Lakin babam kimi o da riyaziyyatçı olub, ikinci təhsilini memarlıq üzrə alıb. Özüm musiqiçi olmaq istəmişəm həmişə, pianoda çalmağa çox həvəsli idim. Lakin ata tərəf nəslində belə bir fikir formalaşmışdı ki, hamı ya fizik, ya da riyaziyyatçı olmalıdır. Uşaq yaşlarımdan atamdan yalnız bu sözü eşidirdim ki, qızım atamın yolunu davam etdirəcək. Bu, şüuraltı olaraq mənim beynimə yeridildiyindən elə həmin fikirlə də böyüdüm. Məktəbi Qızıl medalla bitirdim, BDU-nun Mexanika-riyaziyyat fakültəsini Qırmızı diplomla başa vurdum, müdafiə edib fizika-riyaziyyat üzrə fəlsəfə doktoru oldum, öz sahəm üzrə ali məktəblərdə mühazirələr oxudum. Lakin sonda gördüm ki, mən incəsənətə olan sevgimi, hisslərimi boğa bilmirəm.
- Və səmtinizi axır ki, dəyişdiniz...
- Bəli, dəyişdim, çünki düşündüm ki, artıq arzularımı bağlı qapı arxasında saxlamaq istəmirəm. Xeyli düşündüm və Raymond Art studiyasını açdım. Gülləri, çiçəkləri çox sevirdim, elə indi də sevirəm. Və ilk olaraq gül və çiçəklərlə floristika işləri görməyə başladım. Lakin onu da bilirdim ki, bu, artıq başqa bir sənətdir və bunun incəliklərinə bələd olmaq üçün təhsil almalıyam. Beləcə, axtarışa çıxdım. İtaliyanın Roma şəhərində, Milanda uzunmüddətli proqramı olan kurslardan dərs almağa başladım. Sərgilərə qatıldım və özümü üzə çıxarmağa doğru hərəkətə keçdim. Yəqin sevgimin, həvəsimin, istəyimin gücündəndir ki, Tanrı bütün qapıları taybatay üzümə açdı. Qatıldığım bütün yarışmalarda qazandığım yalnız iki və üçüncü yerlər olub. Həmişə də bunun səbəbi axtarırdım.
- Tapmamış olmazsınız...
- Təsəvvür edin ki, tapdım. Floristika xaricdə çox mükəmməl bir sahədir və orda bu yarışmalarda çox peşəkarlar iştirak edir. Amma mənim həmişə iki, ya da üçüncü yeri tutmağımın bir səbəbi mütləq olmalı idi. Baxmayaraq ki, uğur qazanırdım, amma bununla belə, bu sirrin bir açıqlaması olmalı idi. Xaricdə floristika çox inkişaf etdiyindən onların bu sahə üzrə müxtəlif ləvazimatları, aksesuarları var. Əgər bir buket hazırlayırsansa, iki-üç çiçəyi birləşdirmək üçün kiçik bir elementdən istifadə etməlisən ki, davam edə biləsən. Azərbaycanda floristika yoxdur və təbii ki, ona lazım olan ləvazimatlardan istifadə etmək imkanım heç vaxt olmayıb. Bütün kompozisiyaları heç bir ləvazimatdan istifadə etmədən yığdığımdan bu, münsiflərin diqqətini həmişə cəlb edib. Yəni sırf əl işi, əl zəhməti, heç bir əlavə köməkçi vasitə olmadan yarada bildiyim bir kompozisiya onlar üçün əsl sənət nümunəsi hesab olunub.
- Və beləcə floristikanın sirlərinə bələd olmağa başladınız...
- Bu sirlərə yiyələnmək üçün çoxlu kurslar keçdim, müsabiqələrə qatıldım, qalib yerlər qazandım və İtaliyanın bir çox şəhərlərində, o cümlədən, Milanda, Romada, San Remoda, Florensiyada floristlərin çevrəsində tanıtmağa başladım. Sonra düşündüm ki, niyə də əkmə güllərlə məşğul olmayım. Bunun üçün də təbii, onu məktəbindən öyrənməyə başladım. Londonda birillik kurs keçdim və landşaft məşğuliyyətimin bir hissəsi oldu. Nəticədə bu sahə peşəmə çevrildi. Hələ də bu peşəmi davam etdirirəm və buna görə çox xoşbəxtəm.
- Amma bu istək sizi Vətəndən ayırdı...
- Ayırdı deməzdim... Mən ilk növbədə Vətənimi onun hüdudlarından kənarda təmsil etməyi daha çox istədim. Eyni zamanda öz üzərimdə daha çox işləməyi də. Mənim landşaft layihələrim şəhərimizin küçələrində, xiyabanlarında bu gün də görünməkdədir. Florestik işlərim şəhərimiz üçün həmişə olub. Bir nümunə çəkəcəyəm. Qanlı Yanvar hadisələrinin 20 illiyində ağ və qırmızı qərənfillərdən hazırlanan "Ağlayan şamlar" kompozisiyasını ilk dəfə mən qurmuşam. Çox qürurvericidir ki, bu gün də mənim həmin kompozisiyam əsasında ona bənzər dizayn işləri görülür. Burda çalışa-çalışa xarici ölkələrdə də layihələr üzərində işləyirdim. Niderlandda, Türkiyədə, İtaliyada, Moskvada floristika ilə bağlı uzunmüddətli layihələrə imza atırdım. Belə olan halda düşündüm ki, artıq Avropaya köçərək orada gördüyüm işləri daha da mükəmməlləşdirim, biliyimi artırım. Bütün yarışlara qatılırdım. Düşündüm ki, orada yaşasam, artıq azərbaycanlı florist kimi, landşaft memarı kimi Avropada həm Vətənimi tanıdaram, həm də öz sözümü deyərəm. Və artıq buna nail ola bilmişəm. Mən heç zaman imkan verməmişəm ki, hansısa mükafatı mənə Raymonda Xıdırzadə olaraq təqdim etsinlər. İstənilən təqdimatda, mükafatlandırılma tədbirində ilk olaraq Azərbaycanın adı səslənib və yalnız o kəlmənin kölgəsində mən özümü görmüşəm. Bax, elə buna görə də Avropaya köçdüm, lakin heç zaman Vətənimdən ayrılmadım, çünki onu özümdə daşıyıram.
- Vətəndən kənarda yaşayan azərbaycanlı...
- Bu suala öz baxışım çərçivəsində cavab verəcəyəm. Vətənimdə nə qədər məsuliyyətli idimsə, indi bu məsuliyyət ikiqat artıb. Bir vətəndaş, bir sənət adamı, bir azərbaycanlı kimi məsuliyyət yüküm daha da çoxalıb. Burada mənim haqqımda yaranan fikir bilavasitə Vətənimin də adına sirayət edir. Hər kəsin öz xarakteri, öz düşüncəsi, öz qavrama qabiliyyəti var və buna görə heç kəsi mühakimə etmək fikrində deyiləm. Lakin xoşlamadığım bir məqam var. Bir neçə nəfər yerli camaatla birlikdə olanda nəyisə göstərərək deyir ki, sizdə bu nə yaxşıdır, bizdə belə deyil. Bu fikri qəti qəbul etmirəm. Bizim istər mədəniyyətimizdə, istər insani münasibətlərdə, istər dünyagörüşümüzdə o qədər müsbətlər var ki, bu, digər ölkə ilə müqayisə oluna bilməz. Belə hallarla qarşılaşanda diplomatik şəkildə bizdə olanları onların nəzərinə çatdırıram. Bizim insanlar hədsiz zəhmətkeşdirlər və bunu həmişə dəyərləndirib vurğulamağa çalışıram.
- Kənardan öz mədəniyyəti, incəsənəti, gözəlliyilə göz qamaşdıran İtaliya...
- Elə dediyiniz kimidir, bu, həm də mənim baxışımdır. İncəsənətin bütün sahələrində burada zənginlik aşıb-daşır. Çox istedadlı olmaqla yanaşı, italyanlar hədsiz qoruyucudurlar. Bunu ürəkağrısı ilə deyirəm, çünki ən xırda kəsəyi belə, qoruyan, onun yanına kiçik bir lövhə vuraraq, orada bu kəsəyin haradan qopduğunu, neçənci ilə aid olduğunu qeyd edən, saatlarla həmin daş parçasına heyranlıqla tamaşa edən insanlara heyran qalmamaq qeyri-mümkündür. Onların bu qoruyuculuq, dəyər verə bilmək xüsusiyyətlərinə qibtə etmək olar. Etiraf edirəm ki, onlardan öyrəndiklərim az deyil.
- Bir azərbaycanlı üçün bu ölkədə yaşamağın çətin və asan tərəfləri...
- Bir azərbaycanlı kimi gedib orada Azərbaycanın bir parçasını yaratmaq istəsəm, bu, çətindir. Lakin mən öz qanun və qaydaları, öz mədəniyyəti, öz insani münasibətləri olan bir ölkəyə gəlmişəmsə, burada özümüzü yaratmağa deyil, tanıtmağa çalışmalıyam. Bunlar fərqli yanaşmalardır. Məsələn, qızım bizim Rəssamlıq Akademiyasını bitirib, magistr dərəcəsini Florensiyada Moda Akademiyasında aldı. Mən onun sərgisini təşkil edəndə, sırf italyan dostlarımı dəvət etdim. Məkanın girişində böyük qlobus yerləşdirmişdim, öz bayraqımızla Azərbaycanı nişan vermişdim. Ayrıca bayrağımız, gerbimiz, başlanğıcda himnimizin səslənməsi. Yəni hər şey Azərbaycanın tanınması naminə düşünülmüşdü. Demək istəyirəm ki, qürbətdə Vətəni tanıtmaq lazımdır.
- 30 il beynəlxalq aləmdə bizi bir məğlub ölkə kimi tanıdılar, dünyanı haqlı olduğumuza inandıra bilmədik...
- Fikrinizi başa düşdüm. Bu məsələdə İtaliya hər zaman Azərbaycanı dəstəkləyib, onun haqlı olduğuna inanıb. 44 günlük müharibədə mən italyanların bizimlə bərabər necə sevindiklərini gözlərimlə gördüm. Və bizim üçün o ağır, həlledici günlərdə mən burada bir həmrəyliyin şahidi oldum. Bilirsiniz ki, Florensiya dünyaca məşhur bütün brend geyim mağazalarının, aksesuar dükanlarının məkanıdır. Həmin 44 gündə o mağazaların vitrinlərində bayrağımızın rənglərində olan çeşidlər bir-birini əvəz etdi. Ən kiçik dükanda belə, hansısa elementin üzərində üç rəng var idi - göy, qırmızı, yaşıl. Bir dizayner kimi bu, mənim gözümdən yayına bilməzdi. Həm təsirli, həm də qürurverici bir mənzərə idi.
- İnsan dünyanın hansı bucağında olsa da, onun bir gözü daima arxaya baxır, çünki orada Vətən var...
- Heç zaman Vətəni arxada görmədim ki... O, həmişə bir addım mənim önümdə olub. Gördüyüm bütün layihələrə yalnız Vətənim uğruna imza atmışam, onu düşünərək addımlamışam, qazandığım hər uğur onun adı ilə başlayıb mənim üçün. Vətənimi duymasam, hiss etməsəm, sənətə bu qədər bağlana bilməzdim.
- Bakı üçün burnunuzun ucu göynəyəndə...
- İnanın buna imkan vermirəm, çünki tez-tez gəlirəm Bakıya. İldə iki dəfə - valideynlərimin doğum günündə gəlməyim mütləqdir. Daha sonra gəlməyimə müxtəlif səbəblər ola bilər, yetər ki, o səbəb olsun. Mən səhhətində problem yarananda müayinə üçün Bakıya gələn insanam. Kənardan başqalarına bu təəccüblü görünsə də, mən təpədən dırnağa qədər Vətənimə inanan, ona arxayın olan, çətinlikdə ana Vətəninə sığınan bir övladam, çünki bu Vətənin bir daşı da mənəm.
SÖZARDI: Şəhriyarın məşhur "Azərbaycan" şeirində çox sevdiyim iki misra var: "Səndən ayrı düşsəm də mən, Eşqin ilə yaşayıram". Mən bu sevgini özümüzdə həmişə hiss etmişəm, harada yaşamağımızdan asılı olmayaraq, çünki Vətən sevgisinin sərhədi yoxdur. Buna Raymonda xanımla söhbətimizdə bir daha inandım.
Tamilla M-zadə