|
|
|
|
Adını eşitdiyim andan məni maraq götürmüşdü ki, görəsən, adının mənası xarakterində özünü göstəribmi? Müsahibə üçün görüşəcəyimiz məkana da ağlımda bu sualla gedib çatdım. Amma söhbətə başlayar-başlamaz özlüyümdə sualımın cavabını tapdım: deyəsən, uşaq olarkən ona tez-tez "adı ilə böyüsün" deyiblərmiş. Bu təəssüratımı suallarıma aldığım cavablar da təsdiqlədi.
Beləliklə, budəfəki müsahibimiz aktyor, rejissor Səmimi Fərhaddır. Səmimi Fərhad "Xoca", "Nar bağı", "Suğra və oğulları", "Əqrəb mövsümü" kimi film və seriallarda rollar alıb, bir müddət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
- "Daha əvvəllər də populyar olmağım üçün şanslarım olub, hətta daha sürətli. Amma mən bir az əziyyətli yolu seçdim". Bu fikirləri bir müsahibənizdən oxumuşdum. Əziyyət deyəndə nəyi nəzərdə tutursunuz? Sözsüz ki, hər peşənin öz çətinliyi var, aktyor sənətinin çətinliyi nədir?
- Aktyor sənətinin çətinliyi onu düzgün icra etməkdədir. Sən aktyorsansa, əlavə işlərlə məşğul olmaqla heç kimə universallığını sübut edə bilməzsən. Hamısında yarımçıq olarsan. Məsələn, dublyajı yaxşı icra edirsənsə, aktyorluğu yaxşı bacarmayacaqsan. Bu mövzuda heç vaxt təkəbbürlü olmamışam. Allahın mənə verdiyi səslə dublyajdan çox pullar qazana bilərdim. Amma o işin öz peşəkarları var. Bu sənət çətin sənətdir. Ona görə ki, bir ay işləyirsən, beş ay işsiz qalırsan. Sən axı ciddi sənətlə məşğulsan, gözləyirsən ki, 3-5 ildə bir bədii film çıxsın, sən də o filmdə çəkiləsən, ciddi işlə məşğul olasan. Buna dözürsənsə, bu, çətinlikdir artıq. Buna dözmürsənsə, deməli, sən bayağı komediyaya da gedə bilərsən, tamada da ola bilərsən, bu sənətdə bacardığın-bacarmadığın hər şeydə özünü yoxlaya bilərsən - bu, sənin üçün asan olar. Amma kökündə, alt qatında heç nə olmaz. Ola bilər ki, bunlardan hansısa səndə uğurlu alına bilər. Adam var qırx ildir teatrda əlləşir, amma tamada kimi daha uğurludur. Elədirsə, ştatı niyə zəbt eləyirsən, niyə çıxıb getmirsən? Çıx get də...
- Deməli, tamada olan aktyorlarımız da var.
- Hə, niyə yoxdur? Həm də çoxdur. Amma mən qəti heç kimi qınamıram, ruzi qazanırlar, çörək qazanırlar. Allah ruzilərini bol eləsin. Mübarizə aparanda gərək düzgün mübarizə aparasan. Amma ortada çörəklə oynamaq, kiminsə işinə pəl vurmaq var. Bir insan haqqında "nə bilim vallah" desən bəsdir ki, həmin adamın ürəyinə xal düşsün, şübhə düşsün. Bu özü kiminsə çörəyi ilə oynamaqdır. Bunu bilərəkdən edənlər də var, bilməyərəkdən edənlər də. Amma əksəriyyəti bilərəkdən edir. Heç kim yaxşı aktyorla üz-üzə gəlmək istəmir, yaxşı aktyorla oynamaq istəmir.
- Deyirsiniz ki, heç kimi qınamırsınız, ruzi qazanmaq üçün birdən çox işdə çalışırlar. O zaman deyə bilərikmi ki, əgər bir insan peşəkar aktyor olmaq istəyirsə, onu maddiyyat maraqlandırmamalıdır?
- Mütləq və əlavə gəlir yeri olmalıdır. Əlavə gəlir yerin yoxdursa, ciddi sənətlə məşğul ola bilməzsən, mümkün deyil.
- Aktyor sənətində nəsillər arasında problem varmı? Bu problem özünü daha çox nələrdə göstərir?
-Yox, deməzdim belə çox problem yaşanır. Yaşlı, qocaman aktyorlarımız var ki, dəstək olurlar, amma azdırlar. Barmaq sayı qədər. Məsələn, Eldəniz Rəsulov var, Qurban İsmayılov var... (fikirləşir) Nə bilim, bir-iki nəfərin adını çəkdim, gərək o birilərinin də adın çəkim, amma azdılar deyə bir az çətinlik çəkirəm. Bilmirəm, bəlkə məktəblərimizin fərqli olduğuna görədir, əksər hallarda mən özüm də baş aça bilmirəm. Bəzən görürsən ki, ağsaqqal aktyordur, həm də yaxşı aktyordur, amma özü səhv edir. Baxırsan ki, bir səhnədə rol alır, orada səni də, bütün heyəti də heyrətləndirir, amma montajdan çıxan materiala baxanda görürsən ki, o deyil. Niyə? Çünki adam kameranı nəzərə almayıb, teatr təcrübəsi çox olsa da, film təcrübəsi o qədər azdır ki. Teatrda kölgəni düşünən yoxdur axı. Amma kinoda fərqlidir, kimsə öz kölgəsiylə kiminsə üzünün işığını bağlayır. Biz balaca ərazidə işləyirik, bir balaca yana doğru hərəkət edəndə mən sənin işığını bağlamış oluram. Bax bu texniki tələbləri qoruyub-saxlamayan ağsaqqallarımız var və onlar bu mövzularda bir az aqressiv olurlar. Gənclər belə şeyləri biləndə, bu qaydalara riayət edəndə, özləri isə axsayanda aqressiv davranırlar. Əlbəttə, mən bunu hamıya şamil eləmirəm. Bizim sənətdə "padaça" deyilən bir ifadə var, öz oyunu, öz hərəkəti ilə aktyor aktyora "padaça" verir. O "padaça"dan çox şey asılıdır. Elə yaşlı aktyorlarımız var ki, məni öz tilsiminə salıb oynadıb. Bax həmin uğur səhnənin uğuru, mənim uğurum deyil, heç nə danışmayan, sakitcə oturub məni izləyən, məni oynadan həmin ağsaqqalın uğurudur. Bunu hər aktyor etiraf eləmir, amma mənim elə səhnələrim olub ki, özüm uğursuz olduğum halda uğurlu bir səhnə yaranıb. Niyə? Çünki həmin yaşlı, təcrübəli, peşəkar aktyor özüm də bilmədən məni tilsimə salıb oynadıb.
- Ümumiyyətlə, yaşlı nəsillə gənc nəsil arasında ünsiyyət nə qədər alınır? Onlar arasında yaradıcı ünsiyyət, əməkdaşlıq nə qədər uğurludur? Yaşlı nəsil öz təcrübələrini öyrətməyə meyillidirmi?
- İstər gənc nəsil olsun, istər yaşlı nəsil, fərqi yoxdur, hər kəs öz işi ilə ciddi məşğul olsa, yaxşı ünsiyyət də alınar, uğurlu əməkdaşlıq da.
- Yəni nəsillər arasında söz-söhbət yaranmır...
- Bəs mən də onu demək istəyirəm də. Niyə söz-söhbət yaransın axı? Söz-söhbət o vaxt yaranır ki, kimsə öz işini kənara qoyub dedi-qodu ilə məşğul olur. Söz-söhbət də onda yaranır (gülür).
- Bir film çəkiləndə, bir tamaşa hazırlayanda aktyorlar arasında, daha çox da rejissorlarla aktyorlar arasında hansısa fikir ayrılığı yaşanırmı?
- Əslində, əgər müdaxiləni yalnız rejissor edəcəksə, aktyorla rejissor arasında işin təhlili ilə bağlı müzakirə olmalıdır, bədii həll tapılmalıdır. Təəssüf ki, bu gün müdaxilə edən həmkarlarımız da çoxdur, az qalır bizə necə oynamalı olduğumuzu göstərsinlər, aidiyyəti olmayan təkliflər irəli sürürlər ki, bu da həm vaxt aparır, həm də peşəkarlıq baxımından düzgün deyil. Bu, mənfi cəhətdir. Tutaq ki, rejissor bir nəfərə deyir ki, o işığı götürün bu tərəfə qoyun. Həmin adam başqasına buyurur, onun buyurduğu da bir başqasına. Necə deyərlər, tülkü tülküyə, tülkü də quyruğuna. Bizə baxan xaricilər məəttəl qalırlar ki, bunlar nə edirlər, hər işin öz sahibi yoxdur ki, bir-birlərinə buyururlar? Bu da texniki tərəfdən çətinlik çəkdiyimizlə bağlıdır. Məsələn, mən başqa ölkələrdə çəkilişdə olanda orada görürəm ki, hamı pıçıltı ilə danışır, setdə səs gəlmir. Çünki bütün heyətin hamısının qulağında balaca qulaqcıqları və mikrofonları var, hamı bir-biri ilə pıçıltıyla danışır, heç kim bir-birinin dalğasına girmir. Bizdə isə məşq gedir, rejissor oturub yanımızda, biri başımızın üstündən yük aparır, kabel keçir qulağıma. Bizdə vəziyyət belədir.
- Səmimi bəy, hər hansı bir işdə tərəf müqabilinizin sizdən zəif olduğunu görəndə onunla necə davranırsınız - ona kömək edirsiniz, yoxsa problemlər yaşanır?
- Bu, əlbəttə ki, problem yaradır. Amma əgər mən vicdanlı aktyoramsa, o yükü onunla bərabər mən də çəkəcəyəm. Necə ki mən özüm də bilmədən yaşlı aktyorların təsiri altında oynamışam, necə ki o, mənə "padaça" verib, yaxşı enerji ötürüb, səhnə yaxşı alınıb, eyni situasiyanı yaşamış biri kimi qarşımdakı zəifdirsə, təcrübəsizdirsə, mən də çalışmalıyam, o səhnənin yükü mənim üzərimə düşsün. Amma belə vəziyyətdən istifadə edənlər də var. Başa düşmürlər ki, burada baş verənləri tamaşaçı görmür, tamaşaçı səninlə onu görür və bu səhnənin zəif alınması həm də sənin zəifliyindir. Məsuliyyətli aktyor olmalısan ki, qarşı tərəfin zəifliyinin bütövlükdə səhnənin uğursuz alınması demək olduğunu başa düşəsən. Əks halda sən yaxşı oynasan da, bu, artıq yamaq sayılacaq.
- Elə aktyor varmı ki, partnyorunun zəif olmasını istəsin?
- Deyəcəm, xətaya düşəcəm... Nə bilim vallah. Çox dostlarım var - rejissordurlar, amma indiyə kimi mənimlə işləməyiblər. Məni görəndə özlərini öldürürlər, "qardaş", "sənətkar" deyirlər, amma hələ də birlikdə işimiz olmayıb. Özü-özünü çəkən rejissorlar var. Sən bu layihənin rejissorusan, amma daha yaxşı olar ki, peşəkar aktyorla işləyəsən. Özlərindən bir az istedadlı aktyor görəndə qaçırlar. Məncə, aktyor ansamblı çox yaxşı olmalıdır. Bir serialda ailə ansamblı düz deyilsə, o iş uğursuz alınacaq. Bizim işimiz nədir? Bizim işimiz inandırmaqdır. Biz bəzən gic-gic yazılan ssenarilər üstündə işləyirik, onları inandırırıq. Aktyor zadəgan nəslidir, bunu mən demirəm, Şəki Dram Teatrının qocaman aktyorlarından, ağsaqqalımız Xanlar Həşimov deyir. Həmişə deyir ki, istər kisəçinin oğlu olsun, istər santexnik oğlu olsun, aktyor zadəgan nəslindəndir. Xanlar Həşimov əyalət aktyoru idi. Əyalət aktyorlarının böyüklüyü ondadır ki, onlar həyatlarını nimdaş, naftalin qoxusu verən teatrlara həsr edə-edə yaşayıblar. Yusif Vəliyev Dağıstandan gəlir Bakıya, bir müddət Gənc Tamaşaçılar Teatrında işləyir, daha sonra gedir Şəkiyə. Şəki məbəddir, oradan böyük sənət adamları çıxıb.
- Sizcə, rejissorlar, prodüserlər görəcəkləri işlərdə tamaşaçı arzusunun ardınca getməlidir, yoxsa tamaşaçını yönləndirməlidir?
- Rejissorlar haqqında heç nə deyə bilmərəm, amma ssenaristlər hara ilə işlədiklərinə baxırlar. Gündəlik serial üçünmü yazır, hansı kanal üçün yazır, festival filmi üçünmü yazır - bunlar çox fərqli şeylərdir. Məsələn, bəzən ssenarist yazır, prodüser deyir ki, sən burada xəstəxanadan nə çox yazmısan, bizim xəstəxanalarla problemimiz olur, orada çox çəkiliş edə bilmirik. Belə müdaxilələr olur. Ssenaridə elə şeylər yazılır ki, prodüser deyir, mən bunu haradan tapım. Ssenaristlərə məhdudiyyət qoyurlar deyə onlar da öz beyinlərinin məhsulunu ən qənaətcil variantda təqdim etməyə çalışırlar. Balıq başından iylənir deyirlər, bu da gəlib axırda aktyorun başında çartlayır. İndi bu yazılan materialı aktyor necə təqdim eləsin ki, tamaşaçı buna inansın. Deməsin ki, belə şey ola bilməz.
- Bəzən belə fikirlər səslənir ki, bu gün Azərbaycan kinosu tamaşaçının zövqünü formalaşdırmağa yox, korlamağa xidmət edir. Siz bu haqda nə deyə bilərsiniz?
- Azərbaycan kinosu deyəndə, yaxşı bədii filmlərimiz var, amma bəzi filmlər və seriallar, daha çox da yutub filmləri tamaşaçının zövqünü korlayır. Bax belələri birmənalı şəkildə korlamağa xidmət edir, tamaşaçını avam yerinə qoyublar. Altı ayın layihəsini iki aya çəkmək qəhrəmanlıq deyil. Hər şeyi salıblar fabrika sisteminə, əgər aktyora gündəlik ödəniş etməlidirlərsə, hər saatına pul verməlidirlərsə, bunlar aylıq qiymət danışıb hər şeyi qurudurlar, altı aylıq layihəni iki aya, iki ay yarıma bağlayırlar. Necə deyərlər, bir güllə ilə iki quş yox, altı quş vururlar. Belə vəziyyətdə hansısa keyfiyyətli işdən danışmağın mənası yoxdur.
- Səmimi bəy, müsahibələrinizin birində kitab oxumadığınızı bildirmisiniz. Amma mütaliə hər sahədə olan peşə adamını püxtələşdirir.
- (Gülür). Yox, fikrimi səhv başa düşüblər. Kitab oxumayan adam var? Mən indiyə qədər çox kitab oxumuşam. Amma indi fasilə vermişəm, öz həyatımla məşğulam. Maddi rifahımı düzəltməyə çalışıram və buna görə də indi kitab oxumaq istəmirəm.
- Sizcə, aktyor peşəkarlığını itirməmək üçün nə etməlidir?
- Peşəkar aktyor olmaq üçün gərək işinə peşəkar yanaşasan. Aktyor işinin uğurlu tərəfi uğurlu təhlildir. Aktyor düzgün təhlil etməyi bacarmalıdır. Bir də rejissora təslim olmaq lazımdır. Təbii ki, işini bilən rejissora. Hər bir aktyor heç olmasa, 4-5 fərqli, amma yaxşı rejissor əlinə düşməlidir. Sən rejissorun qarşısına ağ vərəq kimi çıxmalısan, o özü səni doldurmalıdır. Peşəkar aktyor olmaq üçün peşəkar rejissor əlinə düşməlisən. Aktyoru püxtələşdirən rejissordur. Rejissor var ki, adamı aldadıb oynadır. Cavid Təvəkkül kimi rejissorlarımız var ki, adamı aldadıb oynadır, amma heç ruhun da incimir.
- İşğal ilə bağlı qısametrajlı bir filminiz var. Bəs qələbə ilə bağlı film çəkməyi düşünürsünüzmü?
- Elə bir fikrimiz var idi. Qarabağ qubernatoru Xosrov bəylə bağlı qısametrajlı tizer çəkdik. Pul ayıran olmadı deyə yarımçıq qaldı. Niyyətimiz var idi, amma bu, öz gücümə edəcəyim bir iş deyil. Mən Qarabağa yetərincə töhfəmi vermişəm, mənim artıq Qarabağda istirahət edən vaxtımdır. Bilirsiniz niyə? 11-12 yaşımdan qaçqın düşdüm, oradakı məşəqqətləri gördüm, topları, tüfəngləri, yanımda şəhid olanları, dinc əhalinin qırılmasını gördüm. Mənim anam müharibə veteranıdır. Anamla birlikdə gənc bir qız növbədə olduqları vaxt poçtun binası vurulur və onlar yaralanırlar. Mən o məşəqqəti görən adam gəlirəm Bakıya. Bakıda uşaqlığım çöllərdə, 28 mayda, bulvarda, bəzən kriminala qarışaraq, bəzən davalar edərək keçib. 12 yaşımdan çətin yollardan keçərək sənətə gəlirəm. Sənətə də öz töhfəmi vermişəm. "Xoca" filmində kapitan rolunu oynamışam, öz büdcəmlə müəllifi Mənsurə Qaçayqızı olan "Müharibənin rəngi" adlı film çəkmişəm. Sənətdə bir dinclik tapmamışam. Sənətdə də bir Qarabağ borcum olub, sənətdə də Qarabağa töhfə verməyə çalışmışam. Düşünürəm ki, qələbədən sonra mənim heç bir ağrı-acım qalmayıb. Sənətdə də, həyatda da o töhfəni vermişəm. Ona görə də bu mövzuda film çəkməyi düşünmürəm. Kimsə çəksə, gedib oynayaram mən də, hətta yaxşı da qonorar istəyərəm. Mən axı başdan-ayağa Qarabağam. Sənan Əlləz var, gənc aktyorumuz, mənə həmişə "Canlı Qarabağ" deyir. Bir də Nigar Bahadırqızı var - aktrisamız, onun yoldaşı türkdür, məni nə vaxt görsə, "Qarabağın qara cocuğu" deyir. Yəni mən başdan ayağa Qarabağam. Bəzən elə olub ki, böyük layihələrdə çəkilmək şansım olsa da, alınmayıb, buna görə qətiyyən pis olmamışam, amma Qarabağla bağlı çəkilən filmlərdə rol almadığıma görə pis olmuşam. Heç hərbçi rolu olmasın, bir dinc əhali rolunda çıxış edərdim, mən axı başdan-ayağa Qarabağam. Amma indi şükürlər olsun ki, Laçınım işğaldan azad edilib. Allah əsgərlərimizin, zabitlərimizin canını sağ eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizi qorusun. Dövlətimiz də başda olmaqla o sevinci bizə yaşatdılar, şükür Allaha. Bundan sonra mənə Qarabağın dadını çıxartmaq qalır. Mən Laçından çıxanda 12 yaşım var idi, indi Laçına geri qayıdıram və oğlum mənim həminki yaşımdadır.
- Bildiyimiz qədərilə Azərbaycan Dövlət Dram Teatrında aktyorlar üçün idman zalı var. Aktyorlarımız o zaldan istifadə edirlərmi? Ümumiyyətlə, filmlə çəkilən zaman aktyorun xarici görkəmi də nəzərə alınır. Bizim aktyorlar bu istiqamətdə çalışırlarmı?
- Çalışmağına çalışırlar, amma özləri istədikləri kimi çalışırlar. Mən niyə 10 kilo kökəlməyim, mən niyə işimə görə arıqlamayım? Bizim imicimiz özümüzə aid deyil. Nə saçımız, nə saqqalımız, nə çəkimiz - heç nəyimiz özümüzə aid deyil. Peşəkarsansa, bu qaydalara riayət etməlisən, səndən nə istəyirlərsə, onu da etməlisən. Aktyorluq tək daxili istedaddan asılı deyil, görüntü də əsas rol oynayır.
- Deyəsən, sənət adamları ilə aranızda ara-sıra davalar, münaqişələr də yaranır. Bu mövzulu yazılara, xəbərlərə mediada da rast gəlirik. Olubmu ki, bu qalmaqallarda özünüzdə günah görəsiniz?
- Günah elə məndə olub də. Adamımı tanımamışam. Günah məndə olub ki, dilimi dinməz qoymamışam, haqqımı tələb eləmişəm. Günah məndə olub, gərək haqqımı tələb etməyəydim. Haqlı ikən haqsız vəziyyətə düşməmək üçün gərək dilini dinməz eləyəsən, hamı necə, sən də elə. Amma mən hamı kimi deyiləm axı. Teatrda işləmirəm, dublyajda işləmirəm. Mən bir ay işləyirəm, beş ay işsiz qalıram. Elvin Rüstəmzadə gənc olmasına baxmayaraq, gözəl bir söz işlətmişdi: "Aktyora ya istədiyi qonorarı verməlisən, ya da dostluq verməlisən". Əgər bunun heç birini vermirsənsə, aktyor nə etməlidir axı?
Ləman İLKİN