"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevinc Babaxanovadır. Onunla rəssam Adil Şıxəliyevin "Şuşada toy" əsəri haqqında danışmışıq.
Adil Həmdulla oğlu Şıxəliyev 12 aprel 1946-cı ildə Quba şəhərində anadan olub. 1974-cü ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirən Adil Şıxəliyev 1981-ci ildən Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. Rəssamın toxuma texnikaların mükəmməl bələdçiliyi onun orijinal əsərlər yaratmasına vəsilə olub. O, milli ruhlu qobelen yaratmaq üçün ənənəvi naxışlardan və ornamentlərdən istifadə edib. Adil Şıxəliyevin qobelenlərinin əlvan və gözalıcı rənglərinin sirri dərman bitkilərindən aldığı, təbii və uzunömürlü boyalarla boyadığı iplərdir. Rəssamın ideyadan toxunmasına qədər olan uzun, zəhmətli prosesi özünün icra etməsi qobelenləri daha dəyərli və eyni zamanda əvəzolunmaz edir.
- Sevinc xanım, əsərin şərhinə keçməzdən öncə gəlin qobelen sənətinin incəliklərindən danışaq. Niyə rəssam məhz bu ifadə vasitəsinə müraciət edir?
- Qobelen hiss və duyğuların sənəti, düşüncə tərzidir. Bu gün dünyada məşhur olan bu sənət XII əsrdə ərəblər tərəfindən inkişaf etdirilib və tədricən bir çox Şərq ölkələrinə yayılıb. Qobelen o dövrlərdə türk xalqlarının da çox işlətdiyi lazımlı məişət əşyası olmaqla yanaşı, kübarlığın rəmzi olaraq varlı insanların evlərində geniş yer alan dekor vasitəsi olub. Qobelen Azərbaycanda qədim vaxtlardan xalq tətbiqi sənətləri sırasında yer alıb. Hazırda dekorativ sənət kimi tanınmaqdadır. Sənəti dekorativ edib, onu adi xalıdan fərqləndirən əsas cəhət isə qobelen üzərində insan duyğularının, hisslərinin cəmləşdiyi sujetli kompozisiyanın məna və məzmunla ipə-sapa köçürülməsidir.
Bu sənətinin ənənələrini öz yaradıcılığında yaşadan və inkişaf etdirən rəssamlarımızdan biri də Adil Şıxəliyevdir. Rəssam xalqımızın başına gələn faciələri öz əsərlərində özünəməxsus şəkildə əks etdirə bilir. O, Xocalı faciəsinə həsr etdiyi "Fəryad", eləcə də "20 Yanvar soyqrımı", "20 Yanvar", "Mələklərin fəryadı" və s. əsərlərində dəhşətli faciəni təsirli şəkildə əks etdirməyə nail olub. 1918-ci il Quba qırğınına həsr edilən "Mələklərin fəryadı" əsərində alovlardan yüksələn tüstü vasitəsilə bədənləri tərk edən ruhların obrazı ifadəli təsviri verilib.
- Adil Şıxəliyevin "Şuşada toy" əsərində ən diqqət çəkən məqam xarıbülbülün obrazıdır.
- Bilirik ki, xarıbülbül Azərbaycan Ordusunun zəfər simvolu kimi də tanınır. Qarabağ müharibəsi başlayanda xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdi. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı həsrət simvolu olub. 44 günlük müharibədə Azərbaycan xalqının igid oğulları xarıbülbülü oyatdılar və ona yeni bir nəfəs verdilər. Xarıbülbülün oyanması, azadlığa qovuşması Vətənimiz üçün toydur, bayramdır. Və bu əsərdə rəssam öz hiss və duyğularını xarıbülbülün toyu kimi qələmə verir.
Bilirik ki, insanın ən əziz gününü, onun toy məclisini onun ən yaxınları, doğmaları qeyd edir. Əlbəttə ki, xarıbülbülün azadlığa çıxmasını Azərbaycan xalqı məhz gözəl və müqəddəs Şuşamızda qeyd edə bilərdi. Rəssam burada xarıbülbülü sanki incə bir qız obrazında təsvir edir. Bu əsər qələbənin ümumi simvolu olmaqla bərabər, azadlıq uğrunda gedən mübarizənin sematik obrazı, qələbəmizə həsr olunan bir toy məclisidir. Erməni cəlladları Şuşanın işğalını bir vaxtlar "Dağlarda toy" adlandırmışdılar. Azərbaycan əsgəri isə əsl toyun necə olduğunu onlara başa saldı.
- Əsər hazırda harada saxlanılır?
- Adil Şıxəliyevin bir çox yaradıcılıq nümunələri kimi, "Şuşada toy" əsəri də Milli Xalça Muzeyinin kolleksiyasında saxlanılır.
- Sizcə, bu əsər bizə nə deyir?
- Adil Şixəliyevin bu əsərindəki xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən necə qələbə simvoluna çevrildiyini bizə bir daha göstərir.
Onu da qeyd etmək istəyirəm ki, bir neçə gün bundan öncə, düz 32 ildən sonra gözəl Şuşamızda ilk toy məclisi təşkil olundu. 44 günlük Vətən müharibəsi veteranı Elmir Məmmədlinin toy mərasimi İsa bulağında baş tutdu. Artıq Qarabağımızın toy-büsatlı günləri başlayıb. Allah xalqımıza hər zaman belə xoş və sevincli günlər nəsib etsin.
Aytac SAHƏD