
Cənubi Koreya ordusu bildirib ki, Şimal zibil şarları göndərməklə və ya vətəndaşlara ciddi zərər vurmaqla “xətti keçərsə” sərt hərbi tədbirlər görəcək.
525.az xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreyanın dünən sərhəddən təxminən 120 zibil şarı göndərməsindən sonra Cənubi Koreya Baş Qərargahı (JCS) açıqlama verib.
Şimali Koreyanın Cənuba zibil şarları göndərməsini pisləyən bəyanatda bu, "qlobal olaraq utancverici" və "Cənub daxilində münaqişə yaratmağa yönəlmiş kobud hərəkət" kimi qiymətləndirilib.
“Vətəndaşlarımızın təhlükəsizliyinə ciddi təhdid olarsa və ya Şimalın sərhədi keçdiyi qərara alınarsa, ordumuz sərt hərbi tədbirlər görəcək”, - bəyanatda deyilib.
Digər tərəfdən, mətbuat konfransında çıxış edən JCS sözçüsü polkovnik Lee Sung-jun "xətti keçmək" ilə nə demək istədikləri sualına cavab verməməyi seçib.
Malik Atilay



