
İsveçli aktivistlər Finlandiya parlamentinin binasını qırmızı rəngə boyayıblar.
525.az “MTV Uutiset”ə istinadən xəbər verir ki, ictimai fəallar İsveçdə Finlandiya şirkəti tərəfindən torf çıxarılmasına qarşıdırlar.
Helsinki Polis İdarəsinin baş komissarı Yarmo Heynonen bildirib ki, qırmızı boya binanın sütunlarına cəmi iyirmi saniyəyə çəkilib. Fəallar güclü təzyiqli çiləyicidən istifadə etdikləri üçün sütunların ortasına qədər boya çəkməyə nail olublar.
Polis baş vermiş insidentə görə onlarla fəalı həbs edib. Onların əksəri İsveçin ekologiya təşkilatlarının üzvləridir. Həmin təşkilatlardan birinin saytında qeyd olunub ki, fəallar torf çıxarılmasının qarşısını almaq və dinc müqavimət yolu ilə bataqlıq əraziləri bərpa etmək niyyətindədirlər.
Digər təşkilatın saytında isə qeyd olunub ki, Finlandiyanın “Neova” hökumət kompaniyası İsveçdə torfları görünməmiş şəkildə çıxarır və bununla da ekologiyaya ciddi zərbə vurur.
Aktivistlər onu da qeyd ediblər ki, Finlandiya daha əvvəl Avropa İttifaqından torf çıxarılmasını dayandırmaq üçün 400 milyon avro məbləğində dəstək alıb.
Fin deputat Mika Lintilya aktivistlərin addımını Finlandiyanın demokratiya və parlamentarizminə hücum kimi dəyərləndirib. Bir başqa millət vəkili Mia Layho isə mədəni-tarixi binaya vurduqları ziyana görə fəalların ən sərt şəkildə cəzalandırılmalı olduğunu söyləyib.
İbrahim Cəfərov





