Son günlərin ən çox müzakirə edilən mövzularından biri Aşıq Ələsgərin Bakıda ucaldılan abidəsi oldu. Kimi heykəli bəyəndi, kimi bəyənmədi... Məlum məsələdir ki, zövqlər də, fikirlər də müxtəlifdir. Nəzərə alsaq ki, müzakirə predmeti sənət nümunəsidir, fərqli rəylərin olması gözləniləndir.
Bu müzakirələrdə ən çox diqqət çəkən məqam isə bəzi tənqidlərdə heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevin yaradıcılığı ilə bağlı qeyd olunan ədalətsiz yanaşmadır. Və ən əsası bir daha məlum oldu ki, bu fikirləri səsləndirənlərin çoxu heykəltaraşın yaradıcılığından xəbərsizdir. Oxuduğun üç-beş cümləlik vikipedik məlumatla istənilən mövzunu şərh etmək çox rahatdır.
Düzü, bizim də Natiq Əliyev yaradıcılığı haqqında bəy tərifi demək fikrimiz yoxdur. İstənilən sənət adamının əsərində həm tənqidə, həm də tərifə layiq nələrsə tapmaq olar. Ancaq hər tənqiddə arqumentlərin nə dərəcədə əsaslı olması önəmli faktordur.
Bir abidəyə əsaslanıb, heykəltaraşın bütün yaradıcılığı haqqında söz deməyə tələsməməliyik. Əgər söhbət konkret olaraq Natiq Əliyev imzasının incəsənətimizdə tutduğu yerdən gedirsə, "Nizami" metrosunun qarşısında ucalan Zivər bəy Əhmədbəyovun, yaxud da onun həmmüəllifi olduğu Əliağa Vahidin abidəsini xatırlamaq kifayətdir.
"Kimdir e, bu heykəlin müəllifi?" Bir çox rəydə rast gəldiyimiz bu suala cavab kimi gəlin Natiq Əliyev yaradıcılığına səthi də olsa, nəzər salaq. Həmsöhbətimiz isə sənətşünas Sevinc Əliyevadır.
- Sizcə, Natiq Əliyev yaradıcılığını xarakterizə edən əsas xüsusiyyətlər hansılardır?
- Əvvəlcə qeyd edim ki, Xalq rəssamı, professor Natiq Əliyev müasir Azərbaycan heykəltaraşlığının əsas simalarından biridir. 40 ildən artıq fəaliyyəti dövründə o, bir çox dəyərli işlərə imza atıb. Bu heykəllər təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da ucaldılıb. Xalq rəssamının bir sıra dəzgah heykəltaraşlığı əsərləri müxtəlif muzeylərdə qorunub saxlanılır.
Natiq Əliyev bir çox görkəmli şəxsiyyətlərin yaddaqalan obrazını yaradıb. Onların sırasında dövlət rəhbərləri, ictimai, elm və mədəniyyət xadimləri xüsusi yer tutur.
Ulu öndər Heydər Əliyevin bədii obrazı Natiq Əliyevin yaradıcılığında qırmızı xətlə keçir. Natiq Əliyev Ulu öndərin bir neçə heykəlinin müəllifidir. Hətta həmin heykəllərin bir hissəsi xaricdə yerləşir. Bunlardan İstanbulda, Kiyevdə, Həştərxanda ucaldılmış heykəllər daha möhtəşəm və ifadəli təsir bağışlayır. Həmin sənət əsərləri yerləşdiyi şəhər və ölkələrlə Azərbaycanın dostluq və qardaşlıq münasibətlərinin canlı təcəssümünə çevrilib. Bu baxımdan da o sənət nümunələri böyük mədəni, mənəvi, siyasi əhəmiyyət daşıyır.
- Xalq rəssamının yaradıcılığında sənətkar obrazları da xüsusi yer tutur.
- Bəli. Bu siyahıda tanınmış şair, yazıçı, bəstəkar, aktrisa, aşıq obrazları fərqlənir. Natiq Əliyev təkcə Azərbaycanın deyil, xarici ölkələrin mədəniyyət xadimlərinin də obrazlarını yaradıb. Onların sırasında Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun büstü xüsusilə diqqəti cəlb edir. Abidə 2024-cü ildə Bakının Binəqədi rayonunda ucaldılıb. Tuncdan hazırlanmış büst dördbucaqlı formalı, açıq boz rəngli mərmər postament üzərində qoyulub. Heykəlin kompozisiyası ekspressiv xarakter daşıyır. Dünya şöhrətli yazıçı sağ əlində tutduğu kitabı sinəsinə sıxıb, sol əlini yana açıb. Onun ifadəli baxışlarında yaradıcı şəxsiyyətə xas temprament, coşqun əhvali-ruhiyyə əks olunub. Yazıçı sanki yaradıcılıq təxəyyülünə qapılaraq yeni süjetlər, obrazlar yaratmaq barədə düşünür. Abidə obrazın təbii görünüşü, sadəliyi, eyni zamanda zəngin dinamikası ilə yadda qalır. Kompozisiyanın memarı Malik Babayevdir.
Yaradıcılığında sənətkar obrazları xüsusi önəm daşıyan tişə ustasının digər bir əsəri Xalq şairi, şeiriyyatı, sözü, fitri istedadı ilə xalqın qəlbində öz heykəlini ucaltmış Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsidir. Abidə Natiq Əliyev ilə memar Tərlan Həsənovun işbirliyi sayəsində ərsəyə gəlib. Heykəltaraş abidənin kompozisiyasını şairin "Bir əlim torpaqda, bir əlim haqda" misrası üzərində qurduğunu qeyd edir.
- Heykəltaraşın ədəbi nümunələrə əsaslanaraq yaratdığı digər abidə bir Aşıq Ələsgərin heykəlidir. Son günlər abidənin ətrafında gedən söz-söhbətləri nəzərə alaraq, sizin bir sənətşünas kimi fikrinizi bilmək istərdik.
- Həmin abidənin də memarı Malik Babayevdir. Haşiyə çıxaraq qeyd edək ki, bu iki müəllifin uğurlu yaradıcılıq tandemi diqqəti cəlb edən əsərlərin ərsəyə gəlməsini şərtləndirir.
Aşıq Ələsgərin heykəli Bakının mərkəzində, Nəsimi rayonu ərazisində ucaldılıb. Əsərin kompozisiyası obrazın dramatizmi, emosional əhvali-ruhiyyəsi ilə seçilir. Ustad aşıq əlində tutduğu sazı sinəsindən ayırıb və onu xeyli yuxarı qaldırıb. Obrazın qeyri-adi duruşu əsərin emosional məzmununu əks etdirməklə yanaşı, onu həm də dramatik, təsirli və ifadəli göstərir. Aşıq Ələsgər sanki qaya üzərinə çıxaraq çox sevdiyi aşıq havacatlarından birini ifa edir. Abidə zəngin dinamikası və plastikası ilə diqqət çəkir. Kompozisiyanın ideya əsasında yaradıcılıq və vətənpərvərlik duyğuları ifadə olunur.
Aytac SAHƏD