Müsahibimiz Azərbaycanın tanınmış teatr və kino aktrisası Zemfira Əbdülsəmədovadır. Zemfira xanım "Üç bacı", "Xoca", "Həyat varsa", "Qardaşlar", "Cehizsiz gəlinlər", "Təhminə və Zaur", "Pərdə", "Kəndinə gəl" kimi serial və filmlərdə rol alıb. Şəki Dövlət Dram Teatrı və Dövlət Gənclər Teatrında fəaliyyət göstərən Z.Əbdülsəmədova hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. 2022-ci ildə "4.4 Qısa Tamaşalar Festivalı"nda "İnanıram" tamaşasında Ana obrazının ifasına görə festivalın "Ən yaxşı aktrisa" nominasiyası üzrə mükafatlandırılıb.
Zemfira Əbdülsəmədova ilə müsahibəni oxuculara təqdim edirik.
- Necəsiniz, Zemfira xanım, işləriniz necədir?
- Çox şükür, həm teatrda, həm də kino sahəsində yeni mövsümə başlamışıq. Hələ ki hər şey qaydasında gedir. Tamaşalar oynayırıq, "Qaraca qız" tamaşası ilə mövsümü açdıq. İndi tamaşa Qarabağ bölgəsinə gedir.
- Siz çox istedadlı və tanınmış aktrisasınız, bir çox filmlərdə, tamaşalarda, seriallarda rol almışınız. Amma heç bir fəxri adınız yoxdur. Buna səbəb nədir? Mane olan kimlərsə var?
- Sözün açığı, səbəbini bilmirəm, kimlərinsə mane olub-olmadığından da xəbərim yoxdur. Əlbəttə ki, hər bir istedadlı aktyorun, aktrisanın, peşəkar sənət adamının çəkdiyi zəhmətin bəhrəsini görməsi çox yaxşı olar, onların buna haqqı da var. Əgər fəxri adların verilməsi tendensiyası varsa, zəhmət çəkən, istedadlı, peşəkar sənət adamları niyə kənarda qalsınlar ki?
- Heç düşünmüsünüz ki, niyə indiyə qədər sizə fəxri ad verilməyib?
- Mən öz işimlə məşğulam, bunu mən düşünməməliyəm, bunu başqaları düşünməlidir.
- "Bu gün daha o teatr deyil" demisiniz. Sizi belə düşünməyə vadar edən nədir?
- Teatr həmişə olub, indi də var və olacaq. O dövrün teatrının olmamasının səbəbi isə budur ki, zaman keçir, vaxt keçir, texnologiya dövrüdür, başqa maraqlar yaranıb. İnsanlar qayğı içərisindədir, həyat qayğıları bəzən hər şeyi üstələyir və teatra maraq get-gedə azalır. Amma hər bir halda teatr var və olacaq. O da teatr sevənlər üçün və teatrda oynayanlar üçün. Bu bizim peşəmizdir, məsləyimizdir və teatra olan sevgi bizi yaşadır. Nə qədər ki, biz varıq, teatrı sevənlər var, teatral tamaşaçılar var, teatr olacaq.
- Elə aktyorlar var ki, həm kinoda, həm də teatrda öz istedadlarını göstərə bilirlər. Amma elə aktyorlar da var ki, kinoda daha çox uğurludurlar, nəinki teatrda və yaxud əksinə. Sizcə, bu nə ilə bağlıdır?
- Bir var teatr aktyoru, bir də var kino aktyoru. Kino aktyoru bəzən teatrda özünü ifadə etməkdə çətinlik çəkir. Çünki teatr vərdişləri var, teatr məktəbi var, teatrın öz qanunları var, teatrın öz aurası var. Hər kino aktyoru o auraya daxil ola bilmir. Həm də bir müddət teatrdan uzaqlaşan aktyorlar var və bəxtləri elə gətirir ki, kino onların üzünə gülür. Onlar filmə çəkilirlər və uzun müddət teatrdan uzaqlaşırlar. İndi kino aktyorları üçün teatrda rol almaq çətindir. Amma mən ilk addımımı elə teatrda atdığıma, sonradan da mütəmadi olaraq teatr tamaşalarında rol aldığıma görə, həm də yaxşı rejissorlar gördüyüm, yaxşı tərəf müqabilləri ilə oynadığım üçün mənə asandır. Mən kino fakültəsini bitirmişəm, eyni zamanda həm kinodan, həm teatrdan dərs almışam. Ona görə mənə asandır. Bir də bəxtim onda gətirdi ki, son 15 ildə televiziyada seriallar çəkilməyə başlandı və mən də bu sahədə ilk addımlarımı düzgün rejissorlarla atdım, onlarla formalaşdım. Aydın məsələdir ki, teatr vərdişləri də mənə kinoda hansısa bir obrazı canlandırmaqda, tamamlamaqda kömək oldu, imkan yaratdı. Teatr aktyorlarının əksəriyyəti kinoda gözəldirlər, yaxşıdırlar, uğurludurlar.
- Müsahibələrinizin birində demisiniz ki, kino əlavə gəlir yeridir. Kinoda gəlir varsa, aktyorlar niyə teatrda oynamağa can atırlar?
- Teatr bilirsiniz necə sirli və maraqlı bir məkandır? Məkan da deməzdim, teatr bir aləmdir, doğma bir yerdir, teatrda canlı ünsiyyət olduğu üçün insanlar öz daxili dünyalarını, öz emosiyalarını əvvəldən axıra qədər tamaşaçıya çatdıra bilirlər. Kinoda parçalar var, epizodlar var. Yalnız epizodu oynaya bilirsən, hekayəni bütöv oynamaq mümkün deyil. Hissə-hissə oynayıb tamaşaçıya çatdıra bilirsən. Amma bizdə o imkan genişdir, teatrda bir insan taleyini əvvəldən-axıra qədər qırmadan üç saat ərzində tamaşaçıya çatdırırsan. Onun zövqü, onun ləzzəti tamam başqa bir hissdir. O hissi tamaşaçıya qırmadan çatdırmaq bəzən çox çətindir. Amma aktyor olan hər kəs bu həyatı tam yaşayıb keçmək, tamaşaçıya o hiss və emosiyaları ötürmək istəyir. Fərq bundadır.
- Kino sahəsində təcrübəniz çoxdur. Gənc rejissorlarla işlədiyinizi nəzərə alaraq deyə bilərsinizmi ki, bugünkü rejissorlarda hansı yenilikləri, fərqlilikləri müşahidə edirsiniz?
- Televiziyada və kinoda gənc rejissorlarla işləməyə ona görə razılaşmışam ki, baxmışam, perspektivi, düzgün düşüncə tərzi var, müasirdir, zamanın tələbinə uyğundur, zamanı qabaqlaya bilir, keçmişlə yaşamır və gündəmi zəbt edən mövzulara toxunur. Gənc rejissorlarla əsasən kinoda rastlaşıram, əlbəttə ki, hər kəsə razılıq verməmək şərti ilə. Öncədən söhbət edirik, ssenari ilə tanış oluruq və o ssenari məni qane edirsə, razılaşıram. Amma düşünürəm ki, klassika daha maraqlıdır. Çünki teatrda aktyorun yetişməsi üçün klassik əsərlər lazımdır. Biz bunu edirik, hər mövsüm çalışırıq ki, teatr klassik əsərlərə müraciət eləsin. Çünki yeni gələn nəsil o klassika ilə formalaşır.
- Bəzən səhnədə gözlənilməz hadisələr olur. Məsələn, keçən gün Musiqili Teatrda tamaşa zamanı stəkan yerə düşdü və sındı. Səhnə bütün şüşə qırıntıları idi. Sözün düzü, gözlədim ki, fasilə olar, şüşələr təmizlənər, amma tamaşa davam elədi. Aktyorlar çox peşəkarlıqla oynamağa davam etdilər. Bu vəziyyətdə səhnəni idarə etmək yəqin ki, təcrübə tələb edir.
- Rejissor Mehriban Ələkbərzadənin quruluşunda " Kod adı V.X.A" tamaşası hazırlandı. 4 saat yarımlıq tamaşadır, çox ağır, kütləvi tamaşadır və əsasən də qadınlardan ibarət tamaşadır. Həmin tamaşada 1937-ci il repressiya qurbanlarının qadınları sürgünə göndərilir. Çox çətin vəziyyətdə, şəraitdə ağrı-acı ilə, döyülərək, təhqir olunaraq, bütün fəsillərdən - soyuqdan, istidən, qışdan, yaydan keçə-keçə o həyatı yaşayan qadınların həyatını əks etdiririk. Mehriban xanım tamaşanı o qədər dəqiq, tarixdə olduğu kimi hazırlamışdı ki, biz də o reallıqdan qaçmamaq şərti ilə tamaşanı oynadıq. Hazırlıq dönəmində sözsüz ki, travmalar da oldu. Mən dizimdən travma aldım. Bir neçə gün həkimə getmək üçün icazə aldım, sonra yenə axsaya-axsaya, müalicə ala-ala məşqlərə davam elədim. Digər aktrisamız burnunu sındırdı, bir digər aktrisamız qolundan zərbə aldı. Bütün bunlara rəğmən, biz o tamaşanı yüksək səviyyədə təhvil verdik və 4 saat yarımlıq tamaşada heç kəs hiss eləmədi ki, kiminsə ayağı ağrıyır, kiminsə qolu zədələnib, burnu sınıb, kiminsə hansısa xəstəliyi var. Çünki bu, tamaşadır, biz özümüzü təcrid edə bilmərik. Tamaşa təyin olunubsa, ölsək də, getməliyik. O travmalarla, o ağrılarla biz tamaşanı təhvil verdik, heç kəs hiss eləmədi ki, kiməsə xətər toxunub. Səhnədə professionallıq və təcrübə bizə kömək edir. Bunlardan ən başlıcası isə səhnənin sirridir. Səhnənin qəribə bir aurası var, orda hər şey unudulur, hər şey yaddan çıxır. Ağrı-acı bitir və mən o həyatı yaşayıram, ordayam artıq, bu həyatı, özümü unuduram. Amma yüz faiz unutmuram. Əgər unutsam, ölüm səhnəsində ölə də bilərəm, amma mən ölməməliyəm, sağ qalmalıyam, yəni ordayam, amma şüurum özümdədir. Aktrisa kimi bunu icra edirəm. Qısası, bizim bütün ağrı-acımızı unutduran səhnənin sirridir.
- Həm də səhnəyə olan sevgi...
- Əlbəttə ki, hər şey əsas sevgidən yaranır. Bağışlamaq, unutmaq, hər şey sevgidən yaranır.
- Mərhum rejissor Hüseynağa Atakişiyevin həyatınızda xüsusi rolu olub. Onunla bağlı heç kimin bilmədiyi bir xatirənizi bizimlə bölüşə bilərsinizmi?
- Universiteti bitirmişdim, ilk görüşümüz idi, gəldim kabinetinə, başladım danışmağa ki, mən universitetdə elə oynadım, belə oynadım, əsas rolları verirdilər mənə. Dedi, nə oynamısan. Başladım fəxrlə rollarımı saymağa. Baxdı, baxdı və güldü. Dedi ki, get, məşqlərə gələrsən (gülür). Sonra başa düşdüm ki, indiyə qədər elədiklərim heç nə imiş, hələ indi başlayırmışam. O söhbət qulağımda sırğa oldu. Yəni hər şey atdığın ilk addımlardan başlayır. Hüseynağa müəllim çox yaxşı bilirdi ki, hansı obrazın öhdəsindən kim daha yaxşı gələ bilər, kim bu obraza uyğundur - ona görə də çox az olurdu ki, obraz uğursuz alınsın. Demək olar ki, alınmırdı. Bu onun fərqli cəhətlərindirən idi.
- Xaraktercə sakitsiniz, teatr sizi belə sakitləşdirib?
- Yox, mən yaradılışdan beləyəm, ailəmdən, tərbiyəmdən gələn hisslərdir. Sakit təbiətliyəm. Hər şeyə o saat reaksiya verib emosiyalarıma qapılmıram. Sözsüz ki, mən də insanam, mən də öz etirazımı bildirirəm. Amma bərkdən, qışqıraraq yox, bunu susaraq edirəm. Sözsüz ki, teatrda rol aldığım obrazlardan da tərbiyələndiyim olub.
- Uşaq yaşlarından işləyirsiniz. İllərlə sənətdəsiniz, peşənizi də bildiyim qədərilə çox sevirsiniz. Amma hər halda insanın yorulduğu anlar, onu yoran məqamlar olur. Siz nələrdənsə yorulmusunuzmu?
- Atalar deyib ki, iş insanın cövhəridir. Mən də o qayda ilə yaşayıram və düşünürəm ki, iş insanı ayaqda saxlayan yeganə məfhumdur. İnsan həm fiziki hərəkətlər edir, həm də ürəyini, beynini işlədir. Buna görə mən heç vaxt yorulmuram. Həm də kimin üçünsə faydalı olmaq, nəsə etmək həmişə məqsədim olub.
- Aktrisa olmağınıza ailəniz bir söz deməyib, dəstək olub. Bu, məncə, böyük xoşbəxtlikdir. Zemfira xanım, ailəniz sizə dəstək olmasaydı, onlara qarşı çıxıb bu yolda addımlayardınızmı?
- Yəqin ki, mən indi də mübarizə aparıram. Geri çəkilmirəm, nə kinoda, nə teatrda, nə öz şəxsi həyatımda. Qarşıma hər hansı bir çətinlik çıxsa belə, hər hansı sərhədlər qoyulsa belə, geri çəkilmirəm. Sevdiyim işlə məşğulam, o mənə fərəh, rahatlıq gətirir, niyə çəkilim? O vaxtı da çəkilməzdim.
- Müxtəlif xarakterli obrazları canlandırırsınız, müxtəlif həyatlara şahid olursunuz. Olurmu ki, bəzən canlandırdığınız obrazın xüsusiyyətlərini mənimsəyəsiniz?
- Deməli, "Üç bacı" serialında Xədicə obrazını canlandırmışdım. Çox gözəl mətni var idi, gözəl tərəf müqabillərim var idi. Orada mühit o qədər gözəl idi ki, obrazı elə mənimsəyirdim ki, evə gələndə artıq Xədicələşmiş bir Zemfira var idi. Qızım həmişə mənə deyir, Xədicə, bəsdir (gülür). Bu mənim gözəl işlərimdən biri oldu, yaddaşlarda qaldı, xalq məni o obrazla sevdi. "Bir qadın" serialında da qayınana obrazını oynayırdım. Baxmayaraq ki, sərt idi, həyat, zaman onu döymüşdü. Ağır mühitdə yaşayırdı, ailəsində bir neqativlik var idi. Yükü ağır idi, düzgün tərbiyə olunmamış övladlar, tək, atılmış qadın. Amma çox ağır situasiyalardan keçsə də, pozitivliyini saxlayan qadın idi. Məsələn, gecə başını yastığa ağlayaraq qoyurdu, amma səhər gülürdü. Çəkiliş zamanı Anar Heybətovla, Ləman İmanova ilə mətndə yazılmayan dialoqlar qururduq. Ekranda gedirdi və qəbul olunurdu. İmprovizasiyalar çox maraqlı idi, öz dediklərimiz o qədər xoş idi ki, sonralar həmin səhnələrə baxıb nə qədər gülürdük.
Ləman İLKİN