Müsahibimiz Səbuhi Atababayev bir çox filmlərin, serialların, kliplərin və sosial çarxların quruluşçu rəssamıdır. 2011-ci ildə Türkiyə və Azərbaycanın birgə istehsalı olan, İctimai TV-də yayımlanmış "Qaranlıqlar çiçəyi", 2015-ci ildə "Yarımdünya", 2017-ci ildə "Xənnas", Venesiya film festivalının sifarişi ilə çəkilən "Banu" və 2022-2024-cü illərdə ərsəyə gələn "Tağıyev-neft" kimi filmlərin quruluşçu rəssamı olub. 2013-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Akademik rəngkarlıq və Kompozisiya fakültəsində, 2016-cı ildən isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət fakültəsində Kinoda quruluşçu rəssam ixtisasından dərs deyir.
Səbuhi Atababayev ilə müsahibəni təqdim edirik.
- Səbuhi bəy, kino rəssamlığı ilə yanaşı, teatr rəssamlığı ixtisası üzrə də təhsiliniz var. Amma fəaliyyətinizi kinoda davam etdirirsiniz. Niyə teatr yox, məhz kinonu seçdiniz?
- Mənim uşaqlıqdan teatra, kinoya və rəssamlığa marağım olub. 6 yaşımda artıq kino ilə bağlı hansısa sahədə olacağımı bilirdim. Mənim üçün teatr da maraqlı sahədir. Amma teatr şərtilik tələb edir. Qurduğun dekorasiyanın inandırıcı olmasına ehtiyac yoxdur. Tamaşaçı bilir ki, teatra gəlir, orada olan ağac da, gəmi də yalançıdır. Teatrın tələbi gözəl rəssam işi qurmaq deyil, amma kinoda hər şey inandırıcı olmalıdır. Hər şey dəqiq və düz olmalıdır. Teatr müəyyən çərçivə daxilindədir, gəlirsən və yalnız bir məkana baxırsan. Təbii ki, onun da çətin tərəfləri var, rəssam bütün dünyanı kiçik bir yerdə təsvir etməlidir, bütün teatrı başdan-ayağa ona təqdim olunan məkanda qurmalıdır və tamaşaçı o məkanda darıxmamalıdır. Düşünürəm ki, teatr məni çərçivəyə salır. Amma kinoda məkan anlayışı daha genişdir, burada birdən çox məkan var və sən hamısını göstərməlisən, hamısını işləməlisən, təsvir etməlisən. Buna görə kino mənə daha geniş və daha maraqlı gəlirdi. Həm də enerji məsələsi var. O enerji səni olduğun yerə aparır. İncəsənətdə belə bir deyim var, bir əsəri yaratmaq evdən işə, işdən evə getmək kimidir. Biz işdən evə, evdən işə gedəndə yolu fikirləşmirik, avtomatik gedirik. İnsanın yaddaşı da gedəndə öz evinin yolunu tapır. Sənət də belədir. Məndən hər hansı rəsmimi necə etdiyimi soruşurlar, mən deyirəm bilmirəm, düşünmədən oldu. Beyin avtomatik bütün düşüncələri söndürür və səni nəticəyə aparır. Gördüyümüz işi seviriksə, onu avtomatik görəcəyik. Sevmiriksə, yüz dəfə fikirləşəcəyik ki, bunu necə edək. Mənim enerjim də məni avtomatik buraya gətirdi. Hətta belə bir şey olmuşdu, ixtisas seçimi vaxtı səhv kodlaşdırma etmişdim və həmin səhv kodlaşdrıma məni buraya gətirdi. Sonra fərqinə vardım ki, mənim yerim elə bura imiş.
- "Tağıyev- neft" kimi tarixi bir filmdə sizin də payınız var. Filmin uğurlu alınması üçün böyük əmək sərf olunub. Siz bu müddətdə hansısa çətinliklərlə üzləşdinizmi?
- Ümumiyyətlə, bütün filmlərdə rəssam işi əsas məqamlardan biri olur. Çünki hansısa bir məkanın qurulmasında, filmin dramaturgiyasına uyğun səhnələrinin yaradılmasında rəssamın xüsusi rolu var. Rəssam gözü ilə tamaşaçı o səhnələrə baxır. Rəssam müəlliflərdən biri kimi filmə öz vizualını, öz mənasını qatmalıdır. İstər tarixi film olsun, istər fantastik film olsun, ya da hər hansı məişət filmi olsun, orada bütün vizualları rəssam qurur. Xüsusən rəssama tarixi film üzərində işləməyi tapşırırlarsa, bu onun üçün həm böyük bir şansdır, həm də ən mühüm iş sayılır. Çünki tarixi filmlərdə rəssam öz gücünü, bacarığını göstərə bilir. Müasir dövrü işləyəndə hazırlayacağımız məkanlar hamısı hazır olur. Amma tarixi film çəkiləndə hər şey sıfırdan qurulmalıdır. Çünki həmin dövrə aid günümüzdə heç bir məkan, əşya, geyim yoxdur. Buna görə rəssam hər şeyi sıfırdan araşdırmalıdır. Bu, "Tağıyev-neft" filminə də aiddir. Filmin rejissoru o dövrdə olan hadisələri 2-3 il ərzində araşdırmışdı. Mən rəssam işinə gələndən sonra yenə bütün o dövrləri araşdırdıq, arxivlərə müraciət etdik, tarixçilərlə danışdıq. Çünki biz öz tariximizi göstərirdik və bunu tamaşaçıya düzgün çatdırmalı idik. Tamaşaçı tarixi filmə baxanda həmin dövrə səyahət etməlidir. O səyahətin də təşkilini quruluşçu rəssam edir. Nə qədər çətinliklə üzləşsək də, maraqlıdır. Sənəti sevməsən, bununla məşğul ola bilmərsən, sənəti sevməlisən ki, o çətinliklərə sinə gərə biləsən.
- Tez-tez eşidirik ki, Azərbaycanda kino sənayesinə büdcə çox az ayrılır. Büdcənin az olması kino rəssamlarına hansı maneələri yaradır?
- Bəli, maddi baxımdan məbləğ az ayrılır. Tamaşaçının da kinoya tələbatı yoxdur. Kinoteatrlarda olan filmlərə tamaşaçı gedib baxsa, bir növ ona ayrılan pul da arta bilər. İnvestorlar başa düşər ki, bu filmə baxılır və mən yenidən yeni filmlərin çəkilməsi üçün pul ayırım. Kommersiya filmlərində inkişaf var idi, pandemiya ilə bağlı o da səngidi. Təzəlikcə biz yüksək büdcəli filmi az büdcə ilə, komandanın əzmi ilə çəkdik. Amma halbuki onun qiyməti ikiqat artıq idi, yarı qiymətinə çəkildi. O da sənətə olan sevgimizdən irəli gəlir. Amma çox çətin olur, əslində belə olmalı deyil, film üçün düzgün, lazımi qədər məbləğ ayrılsa, daha yaxşı nəticələr əldə edə bilərik. Amma yenə deyirəm bu sahəylə məşğul olanlar sənətə olan sevgilərindən burdadırlar. Bu gün kino sahəsinin ayrı-ayrı qollarında peşəkar 4-5 nəfər güclə tapmaq olar. Çünki qalanları pul yoxdur deyə bu sahədən uzaqlaşıblar. İndi sənətlə yaşamaq, dolanmaq çətindir. Amma hər bir halda sənəti sevirsənsə, sonda yaxşı nəticə əldə etmək mümkündür.
- Rəssam öz emalatxanasında sərbəst, azad şəkildə fəaliyyət göstərir. Kino rəssamları da bu sərbəstliyə, azadlığa sahibdirmi?
- İnsan özü öz mühitini yaradır. Harda olmağından asılı olmayaraq öz sərbəstliyini özün yaradırsan. Ola bilər ki, kimlərsə sənə müdaxilə etsin, amma sən sərbəst mühit yaratsan, ətrafdakılar da başa düşəcəklər ki, sən öz işini bilirsən və artıq sənə mane olmayacaqlar. Düzdür, kinoda bu bir az çətindir, komanda halında işlədiyimizə görə müdaxilələr olur. Amma işinə bələd olandan sonra heç kim sənə müdaxilə etməyəcək. Mən özüm həmin şəraiti, mühiti yaratmışam. Artıq bilirlər ki, mən o işi onlardan da məsuliyyətli görürəm, buna görə heç kim heç nə demir. Həm də mən işi pul üçün görmürəm, buna görə də öz qayda-qanunlarım olur. Şərtlər qoyuram, o şərtlərlə öz sərbəstliyimi yaradıram. Beləcə, gördüyüm iş də uğurlu alınır.
- Bir çox sahədə kişilər qadınlardan sayca üstünlük təşkil edir. Həmçinin kino rəssamlığı sahəsində də bu hal müşahidə olunur. Bunun səbəbini nədə görürsünüz?
- Onu deyə bilərəm ki, indiki dövrdə bizim universitetdə tələbələrin 99 faizi qızlardır. Rəngkarlıqda, kinoda, teatrda əvvəl 10 oğlan 2 qız olurdusa, indi tərsinədir. Buna əsasən, düşünürəm ki, gələcəkdə bu sahədə qadınları, qızları daha çox görəcəyik. Amma incəsənət sahəsi digər sahələrdən bir az çətindir. Demirəm, qızlar orada yaxşı nəticə göstərə bilməzlər, sadəcə onların həyat tərzi ilə uyğun gəlmir. Kino çox çətindir, 24 saat setdə olmalısan, müəyyən ağır işləri bilməlisən. Bir çox qadınların ailəsi olur və yaxud atası-qardaşı icazə vermir. Ona görə bu sahədə qadınlar azlıq təşkil edir. Həyat şərtləri kişilərə bu sahədə olmağa daha geniş imkanlar verir. Rəssamın bütün günü demək olar ki, emalatxanada keçir. Biz oxuyan vaxtlarda çox istedadlı qadın rəssamlar var idi, universiteti bitirdilər və müəyyən vaxt keçdikdən sonra gördük ki, onlar bu sahədə yoxdurlar. Ailə qurdular, bir qismi övladına görə, bir qismi yoldaşı icazə vermədiyinə görə bu sahədən uzaqlaşdılar. Amma qadınların bu sahədə az olması o demək deyil ki, sənəti pis bilirlər. Mənim qız assisentlərim var ki, onlar çox istedadlıdırlar. Qadın incəliyi, qadın zövqü sənətdə xüsusi yer tutur. Biz özümüz bu gün bir çox məsələdə qadın həmkarlarımızla məsləhətləşirik. Qadın incə məxluq olduğuna görə incəsənətlə uğunlaşır. Sadəcə şərait onların bu sahədə olmasına icazə vermir.
- Rəssamlıq Akademiyasına az sayda tələbə qəbulunun səbəbi müəllim çatışmazlığından irəli gəlir?
- Müəllim çatışmazlığı nüansı da var. Bizdə bu sahə yeni formalaşdığına görə müəllim də azdır, tələbə də. Mənə dərs deyən Kamil Nəcəfzadə, Mais Ağabəyov köhnə filmlərin rəssamları idilər. Çox güclü rəssam olublar. Onlar vəfat edəndən sonra bir növ bizdə o məktəb itdi. Amma kinoya tələbat artdıqca bu ixtisasa gələn tələbələrin sayı da artır. Böyük filmlər Azərbaycan kinematoqrafiyasının işçi sayı baxımından inkişafına böyük təkan verər və tələbələrin bu ixtisasa olan maraqlarının artmasına gətirib çıxarar.
- Ümumiyyətlə, kino rəssamı ixtisasının tədrisi hansı səviyyədədir? Əldə olan materiallar, sistem peşəkar kadrların formalaşmasında nə qədər rol oynayır?
- Peşəkar kadr insan faktorudur. Biz bu sahəyə materiallarla baxa bilmərik. Sənəti insan yaradır. Çox vaxt deyirlər ki, ən bahalı kameranı gətirək və bu filmi o kamera ilə çəkək. Mən deyirəm ki, ağ divarı bahalı kamerayla da, adi telefonla da çəksən, eyni nəticəni alacaqsan. Əgər orada insan əməyi yoxdursa, onu hansı texnika ilə çəkməyinin mənası yoxdur. Güclü operator istənilən texnika ilə nələrsə yarada bilər, güclü rəssam da iki rənglə nələrsə yarada bilər. Bəzən düşünürük ki, bizim peşəkar kadr yetişdirməyə materialımız, texnikamız yoxdur. Amma bu, yanlış düşüncədir. İnsan özü-özünü yetişdirir, təcrübə keçdikcə formalaşır. Mən tələbələrimə deyirəm ki, lazımsız adamlarla çox danışmayın, lazımsız informasiyalardan uzaq olun, beyninizi sizə lazım olan məlumatlarla doldurun, çünki rəssamın hər mövzuda biliyi, təcrübəsi olmalıdır. Peşəkar kadrlar yetişdirmək üçün biz özümüz peşəkar olmalıyıq. Buna görə daha çox filmlər çəkilməlidir ki, həm biz, həm də tələbələr daha çox təcrübə toplaya bilək.
Ləman İLKİN