|
|
|
|
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Nurtəkin Hüseynovadır. Müsahibimizlə Xalq rəssamı Fərhad Xəlilovun "Buzovnada payız" əsəri haqqında danışmışıq.
Xalq rəssamı Fərhad Xəlilov Azərbaycanın tanınmış fırça ustalarındandır. "Abşeron məktəbi" adlanan sənət birliyinə mənsub olan rəssam müasir təsviri sənətin ideya-estetik əsaslarını formalaşdırmış "60-cılar nəsli"nin nümayəndəsidir.
Fərhad Xəlilovun yaradıcılığı bir neçə mərhələyə bölünür. Yaradıcılığının erkən dövründə - ötən əsrin 60-80-ci illərində o, Abşeron mənzərələrinin magik-realist xarakterli təsvirlərini işləyib. Bu mənzərələr ekspressiv əhvali-ruhiyyəsi, tünd koloriti, yarpaqsız ağacları, tənha bağ evləri ilə tamaşaçıda ekzistensial ovqat yaradır ("Sahildə", "Maştağada küləksiz hava"). Rəssamın həmin dövrdə işlədiyi digər mənzərələrdə isə aydın, əlvan kolorit, işıqlı səmanın yaratdığı xoş ovqat üstünlük təşkil edir ("Yazın qələbəsi", "Buzovnada bahar").
Ötən əsrin 90-cı illərinin sonlarından Fərhad Xəlilov yaradıcılığının yetkin dövrünə qədəm qoyub, abstrakt sənətin özünəməxsus təcəssüm forması olan müstəvi proyeksiyalara meyl göstərib. Rəssamın həmin illərdə və sonralar yaratdığı xətti mənzərələr Abşeron təsvirlərini daha çox rənglərin dili ilə əks etdirir.
- Nurtəkin xanım, "Buzovnada payız" əsəri Fərhad Xəlilov yaradıcılığının hansı dövrünə aiddir?
- "Buzovnada payız" tablosu 1973-cü ildə çəkilib və rəssamın erkən dövr yaradıcılığına aiddir. Kətan üzərində yağlı boya ilə işlənən mənzərə 100x100 sm. ölçüyə malikdir. Əsər hissi-assosiativ əhvali-ruhiyyəsi ilə diqqət çəkir. Burada payız ovqatı tutqun rənglər və rəmzlər vasitəsilə əks olunub.
- Əsərin kompozisiyası necədir?
- Kompozisiyanın mərkəzində yarpaqlarını tökmüş böyük bir ağac təsvir edilib. Ağacın arxasında, kompozisiyanın sağ hissəsində tərk edilmiş bağ evi, suyu boşalmış çarhovuz görünür. Əsər ideya əsasında tənhalıq, adamsızlıq ovqatı yer alır. Tünd-boz kolorit tablodakı ekzistensial əhval-ruhiyyəni daha qabarıq əks etdirir.
- "Buzovnada payız"ı Fərhad Xəlilovun erkən dövr yaradıcılığının tipik nümunəsi hesab edə bilərikmi?
- Bəli. Həmin dövrdə Abşeron motivlərinin hissi-assosiativ və rəmzi müstəvidə təqdim edilməsi "Abşeron məktəbi"nin təmsilçilərinin yaradıcılığında geniş yer tuturdu. Bu tipli əsərlər Tahir Salahov, Tofiq Cavadov, Rasim Babayev, Kamal Əhməd, Sirus Mirzəzadə və başqalarının yaradıcılığında da geniş yer tutur. Tənhalıq, assosiativlik, romantiklik, ekspressivlik həmin tabloların əksəriyyətinin ana xəttini təşkil edir.
"Buzovnada payız" tablosunu Fərhad Xəlilov yaradıcılığının xarakterik nümunəsi kimi dəyərləndirmək olar. Tənha, yarpaqsız ağac, adamsız həyət, boş bağ evləri - bütün bunlar tamaşaçıda lirik kədər ovqatı yaradır. Bu kədər payızla əlaqədardır, çünki məhz payızda Abşeron bağları boşalır. Yayın istisi tədricən çəkilib gedir, dərslər başlayır, bir vaxtlar uşaqların şən səslərinin yayıldığı bağlar, həyətlər səssizliyə qərq olaraq qəribsəyirlər. Əsər məhz bu ovqata köklənib və zərif, lirik kədəri, incə nostalji hissləri əks etdirir.
Fərhad Xəlilov abşeronçu rəssamdır. Onun əksər Abşeron tabloları şəxsi müşahidələri, gəzib dolaşdığı yerlərin təəssüratları ilə əlaqədardır. Bu tabloların hər biri bir xatirənin bədii təcəssüm formasıdır. Artıq yarım əsrdən çoxdur ki, doğma Abşeron torpağı rəssamın tükənməz yaradıcılıq mənbəyinə çevrilib. Bəziləri üçün Abşeron təbiəti quru, cansıxıcı görünə bilər. Quru, meşəsiz, dağsız, çaysız məkan... Lakin rəssam gözü ilə baxdıqda hər şey tamamilə dəyişir. Abşeron landşaftının öz romantikası var və bu romantikanın vizual formada əks olunmasında Fərhad Xəlilovun böyük payı olub. Rəssam bu gün də Abşeron gözəlliklərini yeni, abstrakt təsvir formalarında böyük həvəslə əks etdirir.
- Əsərin rəng həlli necədir?
- Fərhad Xəlilovun erkən dövr yaradıcılığında Abşeron mövzusu bahar və payız kontekstlərində təqdim olunub. Bunların hər ikisinin özünəməxsus təsvir dili, romantikası var. Bahar ovqatı major, payız ovqatı minor ritmlər üzərində qurulub. "Buzovnada payız" tablosu payızı, insanların bağdan köçərək şəhərə qayıtdığı zamanı əks etdirir və buna görə də əsərdə minor ovqat, nostalji hisslər var. Burada əlbəttə ki, koloritin rolu böyükdür. Rəssam tünd boz, tutqun rənglərdən istifadə edərək əsərdəki tənhalıq, kimsəsizlik hisslərini daha da qüvvətləndirib. Tünd-boz rəng çalarları əsərin eksiztensial məzmununu qabarıq əks etdirir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər şəxsi kolleksiyadadır.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Bu əsər insanlara Abşeron ritmlərini görüb duymağı, gözəlliyi sevməyi təlqin edir. Hətta boz koloritin də özünəməxsus gözəlliyi var. Bu gözəllik payız fəsli vasitəsilə öz vizual təcəssümünü tapır. Hər fəsil kimi payızın da öz gözəlliyi var. Abşeronun payızı da özünəməxsus nostalji gözəlliyə malikdir. Əsərin ideyasının əsasını məhz bu amil təşkil edir.
Aytac SAHƏD