Azərbaycan Respublikasının media təşkilatlarında gender statistikasının tədqiqatı ölkə tarixində ilk dəfə 2011-ci ildə Azərbaycan Jurnalistlərinin Həmkar İttifaqı (JuHİ) tərəfindən aparılmışdır. Həmin tədqiqat Beynəlxalq Jurnalistlər Federasiyasının hazırladığı "Gender mövzusunda sorğu metodologiyası"nın əsasında həyata keçirilmişdir. Əldə edilən nəticələr təsnifatlaşdırılaraq təhlil edilmiş, Azərbaycan media məkanında gender bərabərliyinin durumunu əks etdirən hesabat hazırlanaraq ictimailəşdirilmişdir. Həmçinin, JuHİ tərəfindən "Azərbaycan mediasında gender məsələsi" adlı vəsait hazırlanaraq, istifadəyə verilmişdir.
Media subyektlərinin həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdiyini, dəyişikliklərin olduğunu nəzərə alaraq, Azərbaycan Jurnalistlərinin Həmkar İttifaqı (JuHİ) gender statistikası tədqiqatını 2019-2020-ci illərdə təkrarən həyata keçirmişdir. Sonuncu tədqiqat zamanı Beynəlxalq Jurnalistlər Federasiyası ilə yanaşı, Avropa Şurasının Bakı Ofisinin də dəstəyindən istifadə edilmişdir.
JuHİ-nin 2020-ci ildə tamamladığı sorğu daha geniş auditoriyada keçirilmiş, 251 media subyekti və 27 jurnalist təşkilatı sorğuya cəlb edilmişdir. Eyni zamanda, sorğu təkcə paytaxt Bakı şəhərini deyil, həmin dövrdə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilər istisna olmaqla, Azərbaycan Respublikasının bütün ərazilərini əhatə etmişdir. Yekun olaraq, "Azərbaycan media təşkilatlarında və kütləvi informasiya vasitələrində gender statistikası Hesabatı" hazırlanaraq ictimailəşdirilmişdir.
JuHİ tərəfindən 2019-2020-ci illərdə həyata keçirilən və "Azərbaycan media təşkilatlarında gender statistikasının durumu"nu müəyyənləşdirməyə yönələn proqramı digərlərindən fərqləndirən başqa məqamlar da mövcuddur. Belə ki, həmin proqram çərçivəsində Azərbaycanda gender bərabərliyinin təmin edilməsinə aidiyyəti olan qanunvericilik bazası da tədqiq edilərək şərh olunmuşdur.
Jurnalistlərinin Həmkar İttifaqı tərəfindən hazırlanmış şərh bölümündə qeyd edilmişdir ki, ölkədə gender bərabərliyinin təmin edilməsinə mane ola biləcək hüquqi, inzibati baryerlər yoxdur. Əksinə, Azərbaycan Respublikası gender bərabərliyi haqqında qanunvericiliyini beynəlxalq sənədlərə və beynəlxalq təşkilatların rəhbər prinsiplərinə uyğunlaşdırmışdır.
Gender bərabərliyinin qorunması baxımından daxili hüquqi mənbələrin önündə 1995-ci ildə referendum yoluyla qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası gəlir.
Konstitusiyanın bərabərlik hüququnu tənzimləyən 25-ci maddəsinin 2-ci bəndi "Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır" deməklə, gender bərabərliyini təminat altına alır. Konstitusiyada cinslərarası bərabərliyin təminat altına alınması daxili qanunvericiliyin formalaşmasına istiqamət vermişdir. 10 oktyabr 2006-cı il tarixdə Azərbaycan Parlamenti "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu"nu qəbul etmişdir. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqdan, gender bərabərliyinin təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsində (gender bərabərliyini təmin etmək məqsədi ilə işəgötürənin əsas vəzifələrini və məsuliyyətini müəyyən edir) bildirilir ki, işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar tətbiq edilir.
22 iyun 2010-cu il tarixində "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib. Qanunda əsasən, gender bərabərliyi sahəsində hüquqi, sosial xarakterli qabaqlayıcı tədbirlərə yönəlmiş maarifləndirmə tədbirlərinin təşkili nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində isə cinsi ayrı-seçkiliyin müxtəlif elementlərini qadağan edən yanaşma və məsuliyyət nəzərdə tutulub.
Azərbaycan Respublikası gender bərabərliyinin təmin edilməsi ilə bağlı bir sıra mühüm Beynəlxalq konvensiyalara da qoşulmuşdur. Bu sırada Beynəlxalq Əmək təşkilatının "Kişi və qadın işçilər - ailə üzvləri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında" Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasını, "Transmilli Mütəşəkkil cinayətkarlığa qarşı konvensiyanı tamamlayan, insan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" Konvensiyanı, "Qadınların siyasi hüquqları üzrə" Konvensiyanı və digərlərini göstərmək olar.
Beləliklə, ölkədə qadınların siyasi, iqtisadi, sosial-mədəni sferada (ayrı-seçkiliyə yol verilmədən) fəaliyyətinə imkan verən qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikası gender bərabərliyi ilə əlaqədar dövlət səviyyəsində öz üzərinə götürdüyü öhdəliklərə hərtərəfli riayət edir. Qadınların sosial, siyasi və iqtisadi sahələrdə səlahiyyətlərinin genişləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə müvafiq siyasət işlənib hazırlanmışdır.
Lakin bir çox başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da gender bərabərliyini ehtiva edən qanunların fərdlər və ümumilikdə cəmiyyət tərəfindən tanınmasında, tətbiqində problemlər vardır. Tədqiqatlar göstərir ki, "qadınların və qızların cəmiyyətdəki dəyərləri, rolları ilə əlaqədar patriarxal düşüncələrin və təcrübələrin kökündən dəyişməsi üçün görüləcək işlər çoxdur". "Azərbaycan Respublikasının media təşkilatlarında və kütləvi informasiya vasitələrində gender statistikası tədqiqatının aparılması" proqramı üzrə hazırlanmış hesabat da bu qənaəti təsdiqləmiş olur.
JuHİ tərəfindən 2019-2020-ci illərdə həyata keçirilən və "Azərbaycan media təşkilatlarında gender statistikasının durumu"nu müəyyənləşdirməyə yönələn proqramın digər bir mühüm üstünlüyü media sahəsində gender bərabərliyinin təmin edilməsinə yönəlik TÖVSİYƏ və TƏKLİFLƏR-in də hazırlanaraq təqdim edilməsidir.
Azərbaycan Respublikasının media subyektlərində və jurnalist təşkilatlarında gender bərabərliyinin durumu barədə növbəti tədqiqat Azərbaycan Mətbuat Şurası tərəfindən 2024-cü ildə aparılmışdır. Tədqiqat və onun nəticələri barədə növbəti məqalədə məlumat veriləcək.
Məqalə Azərbaycan Mətbuat Şurası
İctimai Birliyi tərəfindən hazırlanıb
Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. "Azərbaycan Media landşaftı" barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.
Fəaliyyət Azərbaycan Mətbuat Şurası (AMŞ) tərəfindən icra olunan "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması" adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Proqram çərçivəsində ümumilikdə 12 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.