|
|
|
|
Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin media müşaviri Muslu Akgüney Azərbaycanda səfərdə olub. M.Akgüney Azərbaycana səfəri çərçivəsində Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşüb. Görüşdə Azərbaycan və Şimali Kipr jurnalistlərinin birgə toplantılarının keçirilməsindən söz açılıb, bunun ortaq maraq və mənafelərin müdafiəsi, o cümlədən, informasiya mübadiləsinin dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Görüşdən sonra Muslu Akgüney "525-ci qəzet"in suallarını cavablandırıb.
- Muslu bəy, Şimali Kipr Türk Respublikası son bir ildir ki, Bakıda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə və xüsusilə Türk Dövlətləri Təşkilatının tədbirlərində yaxından iştirak edir. Sizin də Azərbaycana səfərinizin məqsəd və təfərrüatlarını öyrənmək istərdik.
- Bəli, son on üç ilə nəzər salsaq, görərik ki, əgər bunun on iki ilində təxminən 100 nəfərin ölkəmizdən Azərbaycana ziyarəti həyata keçirilmişdisə, son bir ildə bu rəqəm 1000 nəfəri ötüb. Fikrimcə, bu, iki ölkə arasındakı münasibətlər, Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilməsi və bu qəbulda Türkiyənin yanında Azərbaycanın böyük rol oynaması kimi önəmli nüansların vətəndaşlarımızın Azərbaycana marağını artırması ilə bağlıdır. Bu gün Bakıya və Azərbaycanın digər bölgələrinə Şimali Kipr Türk Cümhuriyyətindən insanlar gəlməkdə davam edir. Mən bu rəqəmin növbəti illərdə daha çox artacağına inanıram. Şimali Kipr türkünün Azərbaycana və Azərbaycan xalqına çox fərqli, çox duyğusal münasibəti var. Oradakı azərbaycanlı dostlarımız bizlərə Azərbaycanın yaşadığı faciələri danışdığı zaman, əslində çox fərqli bir tariximizin olmadığını görürdük. Biz də, qardaş Azərbaycan da soyqırımlar yaşamış, müharibələr görmüş ölkələrik. Bənzər tariximiz, bənzər duyğularımız, şəhidlərimiz var. Bu da bizim özümüzü Azərbaycana daha yaxın hiss etməyimizə səbəb olur. Bu səfərimdə məqsəd Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda keçirilən Türk Dünyası Sürücülük Konfransında iştirak etmək idi. Səfər zamanı həmçinin qardaş ölkənin mətbuat cameəsi ilə tanış olmaq, özümüzü, tariximizi buradakı mətbuat nümayəndələrinə anlatmaq şansı da əldə etdik. Mən həm də münasibətləri daha yaxşı inkişaf etdirmək üçün iki ölkənin media platformaları arasında daha böyük, işgüzar layihələrə imza atmaq üçün burdayam. Azərbaycan və Şimali Kipr arasında son dövrlər əlaqələr güclənib və medianın da bu duruma adekvat reaksiya verməsi vacibdir. İnanıram ki, bundan sonra birlikdə çox uğurlu layihələr ortaya qoya biləcəyik.
- Birləşmiş Millətlər Təşkilatının son Zirvə toplantısında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq hüququn prinsipləri çərçivəsində Şimali Kipr Türk Cümhuriyyətinin haqqının tanınması ilə bağlı beynəlxalq aləmə müraciət etdi. Bu müraciətin nəticəsi kimi gözləntiləriniz nədir?
-Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan bütün beynəlxalq platformalarda Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq arenada tanınması üçün görüşlər keçirməkdədir. O, bizə qarşı beynəlxalq hüququn prinsiplərinə zidd davranışların olduğunu bütün ali tribunalarda cəsarətlə dilə gətirir. Hazırkı proseslər, təbii ki, bizim üçün o qədər asan deyil. Qarşımızda həqiqəti heç bir halda qəbul etməyən bir dünya var. Kiprdə isə bir həqiqət var - bu da həmin ərazidə iki ayrı dövlətin və iki dövlət quruluşunun olmasıdır. Şimali Kipr Türk Cümhuriyyəti 50 ildir ki, qurulub. Daxili hüququ, dövlət dairələri, mediası, quruluşu - hər şeyi ilə Şimali Kipr Türk Cümhuriyyəti dünyada var və bundan sonra da var olacaq. Əlbəttə, bunun asan olmadığını bilsək də, israrla bütün dünyaya çatdırmağa çalışırıq.
Cümhurbaşqanımız cənab Ersin Tatar dörd ildir ki, bunun üçün həm dünyada, həm də ölkə daxilində böyük bir mücadilə aparmaqdadır. Cənab Ersin Tatar yorulmadan Nyu-Yorkda, İngiltərədə, eləcə də digər ölkələrdə Kipr türkünün səsinin eşidilməsinə çalışır. Cümhurbaşqanımız Şimali Kipr türkünə qarşı 60 ildir törədilən vəhşiliklərə son qoyulmasının vacibliyini vurğulayır. Bizlər də bu fikirləri mütəmadi olaraq mediada çatdırmağa çalışırıq. Siyasətimiz birdir, bizim suverenliyə və bərabər beynəlxalq status çərçivəsinə əsaslanan bir siyasətimiz var. Suverenliyimiz və bərabərliyimiz qəbul edildiyi zaman masaya oturulacaq. Federasiya mövzusu bizim üçün bitib, çünki 60 ildən çoxdur bu mövzu heç bir məqsədə çata bilməyib və çata bilməyəcək. Qarşımızda bunu qəbul edə biləcək niyyətimiz yoxdur. Biz ötən dövrlərdə bütün bunları yaşayıb görmüşük. Masadan qalxıb gedən tərəf rum tərəfi olub. Daha zaman itirmək istəmirik. Şimali Kipr türkü masaya oturacaqsa, masadan qalxdığı gün nə olacağını bilmək istəyir. İllərdir ki, bizə idman, birbaşa uçuş, ticarət, təmas məsələləri ilə bağlı embarqolar tətbiq edilir. Biz bütün bu təcrid və embarqolardan qurtulub dünyaya açılmaq istəyirik. Cümhurbaşqanımız bu mövqeyimizi hər platformada dilə gətirir.
- Azərbaycan Prezidenti cənab İlham Əliyev Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti cənab Ersin Tatarın ölkəmizə səfəri zamanı onu qəbul etmişdi. Görüşdə cənab İlham Əliyev Simali Kiprdə azərbaycanlı tələbələrin sayının artırılmasının önəmli olduğunu vurğulamışdı. Artıq yeni dərs ili başlayıb. Simali Kipr universitetlərində təhsil alan azərbaycanlıların sayında çoxalma varmı?
- Bəli, bu il ölkəmizdə oxuyacaq tələbələrin sayının 1000 nəfərə çatması gözlənilir. Əvvəllər Azərbaycandan gələn tələbələrin sayı çox aşağı rəqəmlərlə ölçülürdü. Amma sizin də qeyd etdiyiniz kimi, prezidentlərimizin yaxın münasibətlərinə baxanda və cənab Prezident İlham Əliyevin təlimatlarına uyğun olaraq bu il tələbələrin sayının 1000 nəfərə çatdığını görəndə önümüzdəki illərdə daha çox azərbaycanlı tələbənin ölkəmizə gəlməsini gözləyirik. Qeyd edim ki, ötən illə müqayisədə bu il azərbaycanlı tələbələrin sayının yüz faiz artdığının şahidiyik.
- Azərbaycan ictimaiyyəti, əlbəttə, maraqlıdır ki, Şimali Kipr Türk Cümhuriyyəti ən yaxın zamanda beynəlxalq arenada tanınsın və müstəqilliyi qəbul olunsun. Şimali Kipr xüsusilə son illərdə ölkənin tanıtımı istiqamətində istər lobbiçilik fəaliyyəti, istərsə də turizm sektorunun təbliği məqsədilə keçirilən beynəlxalq miqyaslı tədbirlərdə iştirak edirmi? Beynəlxalq aləmdən ölkənizin daha çox hansı gözləntiləri var?
- Lobbiçilikdən danışmalı olsaq, elə bugünkü görüşümüz də lobbiçilik fəaliyyətidir. Son dörd ildə Cümhurbaşqanımız Ersin Tatarın rəhbərliyi ilə özümüzü dünyaya anlatmağa çalışmağımız ən böyük lobbiçilikdir. Müxtəlif ölkələrdə lobbiçilik fəaliyyətləri aparılmaqdadır. İstər Avropa Birliyi coğrafiyasında, istərsə də ABŞ-da lobbiçilik fəaliyyətimizi həyata keçiririk.
Turizmə gəlincə, bilirsiniz ki, Şimali Kipr Türk Cümhuriyyəti bir turizm ölkəsidir. Lokomotiv sektorumuz turizmdir. Cənubun çox böyük maneələri ilə qarşılaşırıq. Şirkətlərə bizim ölkəmizə turist gətirməmələri qarşılığında müxtəlif vədlər verdikləri bir dönəmdən keçirik. Əmlak sektorunda da, turizm sektorunda da eyni vəziyyətdir. Atacağımız hər addımda cənubdan rum kəsimi arşımızı kəsməyə çalışır. Biz uzun illərdir onlarla bu istiqamətdə gərgin mübarizə aparırıq. Ən kiçik təmasımızı belə əngəlləməyə çalışırlar. Hətta hansısa bir sənətçinin Şimali Kiprə gəlib konsert verməsi belə əngəllənir. Bir sözlə, Şimali Kipr Türk Cümhuriyyəti 50 ilə yaxındır dünya ilə mücadilə edir. Amma bu mücadilə bizi əsla qorxutmur. Əlbəttə, turizm sahəsində çox böyük irəliləyişlər var. Yeni hava limanımızın açılması ilə turizm sektorunda böyük inkişaf hiss olundu. Bunu həm turistlərin, həm də təyyarələrin sayının artmasında görə bildik. Bu il çox gözəl beynəlxalq hava limanımız istifadəyə verildi. Buna görə də önümüzdəki illərdə bütün əngəllərə baxmayaraq, turizmin daha çox inkişaf edəcəyini düşünürük. Can Azərbaycanın da birbaşa uçuşlarla buna töhfə verəcəyini düşünürük. Əlbəttə, uzun illərdir beynəlxalq aləmdən bir çox gözləntilərimiz var. Bu gözləntilər birbaşa uçuşlar, ticarət və birbaşa əlaqələrlə bağlıdır. Biz gözləntimizin rum tərəfinin icazəsi ilə deyil, bizimlə birbaşa əlaqələr qurmaq yolu ilə reallaşmasını istəyirik. Şimali Kipr Türk Cümhuriyyətində yaşayan insanların başqa ölkələrə birbaşa uçuşlarının, ticarəti əlaqələri qurmalarının artıq əngəllənməməsi lazımdır. Qlobal dünyada bütün ölkələr bir-biri ilə tərəfdaşlıq qurarkən, bizim bu qədər çox məhdudiyyətlərlə üzləşməyimiz heç səmimi görünmür. Bəllidir ki, bilərəkdən və istəyərək dünyada Şimali Kipr türkünə qarşı ədalətsizliyə yol verilir. Biz indiki mərhələdə bu haqsızlığın, bu ədalətsizliyin ortadan qaldırılmasını istəyirik. Dünya artıq bir çox məsələlərdə birləşməyə doğru gedərkən, Kipr türkünü bu proseslərdən təcrid etmək qətiyyən doğru deyil. Bizim bütün tələb və istəyimiz 3D dediyimiz siyasətdə yolumuzun açılmasıdır. Əlbəttə, siyasi anlamda tanınma asan proses deyil. Amma ilkin mərhələdə 3D siyasətimizin həyata keçməsini istəyirik.
- Şimali Kiprin paytaxtı Lefkoşa indiki dövrdə yeganə şəhərdir ki, bir ölkənin paytaxtı olduğu halda iki yerə bölünüb. Lefkoşanın tam mərkəzindən çəkilmiş xətt Kipri - dolayısı ilə bir ölkəni iki yerə bölüb. Vahid bir adada yaşayan iki ayrı xalqın münasibətləri necədir? Hər iki xalq gələcəkdə hansı münasibətlər içərisində yaşamaq istəyir?
- Gəlin bir qədər keçmişə qayıdaq. Çünki Kiprin rum tərəfi tarixi dünyaya yanlış izah edir. Bunları söyləmək məcburiyyətindəyəm. Rum tərəfi bütün dünyaya Kipr məsələsinin 1974-cü ildə Türkiyənin adaya gəlməsi ilə başladığını deyir. Amma bir reallıq var ki, 1963-cü ildən 1974-cü ilə kimi, yəni 11 il Kipr türkləri çox böyük zülm altında yaşayıblar. Hətta küçədə yeriyərkən belə insanlarımız yoxa çıxa bilirdilər. Məsələn, bir yerdən başqa bir yerə gedərkən yolda onları götürür, aparıb məzarlarda basdırırdılar. Kipr türkləri çox böyük zülmlər yaşayıb. 1974-cü ildə Türkiyənin adaya "Hər iki xalqa barış gətirmək üçün gəlirik" - deyərək həyata keçirdiyi 20 iyul tarixli müdaxiləsi Lefkoşanın ikiyə bölündüyü xətti yaratdı. Bir atəşkəs ilə Kipr ortadan ikiyə bölündü. Mənim də ailəm cənub tərəfdən şimal tərəfə köç etməli oldu. Şərtlər belə dəyişdi və 50 ildir bu şərtlərə artıq xalqlar öyrəşib. Kiprdəki problem siyasidir - yəni iki ayrı dövlət və iki ayrı xalq var. Dinimiz, dilimiz, inancımız ayrıdır. Osmanlı və ingilis dönəmində bir yerdə yaşamaları səbəbindən bəlkə hansısa oxşar mədəniyyətlər ola bilər. Amma tamamilə iki ayrı xalqlardır. Buna görə də xalqın ayrı yaşamaqla əlaqəli bir dərdi yoxdur. Çünki xalqlar 50 ildir ki, buna öyrəşib. Keçmiş nəsil artıq dünyadan köçüb. Geri qalanlar isə qurulmuş bu həyata öyrəşib. Sabah deyilsə ki, buradan xətti çəkirik, siz ayrı dövlət, biz ayrı dövlət kimi yaşayacağıq, bu zaman xalqlarda bir təlaş olmayacaq. Çünki hər kəs öz həyatını artıq qurub. Xalqın elə bir problemi yoxdur. Problem siyasidir. İngiltərənin, Amerikanın rum tərəfində bazaları var. Düşünün ki, İngiltərə, Amerika bizim adamızda suveren torpaqları tutub və bizim suverenliyimizə qarşı çıxır. Yəni belə bir problemimiz var. Xalqların bir dərdi yoxdur. Çünki xalqlar öz həyatlarını artıq qurublar. Bildiyiniz kimi, hazırda hər iki xalq üçün qapılar açıqdır. Həm türklər rum tərəfinə, həm də rumlar türk tərəfinə gedib-gələ bilirlər. 2002-ci ildə bu qapılar açılandan bu günə qədər xalqlar arasında hər hansı bir problem yaşanmayıb. Problem yenə deyirəm, siyasidir. Beynəlxalq səviyyədə bizim suverenlik haqlarımız qorumağa və tanımağa qərar verilsə, Kipr məsələsi çox rahatlıqla həll oluna bilər.
- Şimali Kipr Türk Cümhuriyyətində təxminən 1500 nəfərə yaxın azərbaycanlı yaşayır. Əlbəttə, biz istəyərdik ki, xalqlar arası münasibətlərin inkişafı istiqamətində Azərbaycanda, Bakı şəhərində də kiprli qardaşlarımızı görək. Son zamanlarda ölkənizin ticarət mühitinə azərbaycanlı iş adamları investisiya qoyurlar. Bakıda kiprli iş adamları varmı? Azərbaycan Zəfər əldə etdikdən sonra ölkəmizə xarici investorların marağı çoxalıb. Şimali Kiprdən də iş adamlarının Azərbaycana marağı ola bilərmi?
- Əlbəttə, bu, bir prosesdir. İlk dəfədir Azərbaycana gəlirəm. Bundan əvvəl Dağlıq Qarabağ kimi problem, Azərbaycan xalqının yaşadığı çox böyük zülm var idi. Biz də eyni zülmləri yaşamışıq və bu problemlər bizə tanışdır. Buraya gəldikdən sonra Azərbaycanın gücünü hiss etdim. Bakı həqiqətən çox təhlükəsiz və gözəl şəhərdir. Hətta burada daşınmaz əmlak və bazar qiymətlərinin də çox uyğun olduğunu gördüm. Buna görə də Azərbaycanın kiprli türk iş adamları üçün cəzbedici bir yer olduğunu əminliklə deyə bilərəm. Kiprli iş adamları da bunları öyrəndikcə, onların Azərbaycana gəlməmələri və investisiya qoymamaları üçün hər hansı bir səbəb yoxdur. Azərbaycan regionun yüksələn ulduzudur və çox yaxşı yerlərə gəlib. Türkiyə ilə Azərbaycan arasında dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətləri də çox yüksək səviyyədədir. Bu səbəbdən həm azərbaycanlı iş adamlarının ölkəmizə, həm də bizim iş adamlarının Azərbaycana investisiya qoymaları ilə bağlı hər hansı bir çətinlik yoxdur. Önümüzdəki illərdə bunların artacağını da gözləyirəm. Bizim ölkəmizdə Azərbaycanı tanıdan, sevdirən çox gözəl dostlarımız var. Əminəm ki, bu əlaqələr daha da inkişaf edəcək. Azərbaycan artıq ən çox ziyarət edəcəyim ölkələrdən biri olacaq. Burada olmaq məni çox qürurlandırır.
Fəridə AĞAZADƏ