Bu yaxınlarda müsahiblərimdən biri demişdi ki, hər şey sevgidən yaranır. Əgər sən sevməyi bacarırsansa, hər çətinliyin öhdəsindən asanlıqla gələ bilərsən. Bəzən bizə çətin görünən çox şey başqalarına asan gəlir. Bunun səbəbi bizə sirr kimi qaranlıq qalır. Amma ağlımıza gəlmir ki, "hər şey sevgidən yaranır". Neçə yaşında olmağına baxmayaraq, bir işi sevərək görürsənsə, qarşıda olan heç bir çətinlik səni ruhdan salmır. 12 yaşlı müsahibimiz Nəzakət Heydərova kimi...
Nəzakət Heydərova "Zəhər tuluğu", "Səma ilə görüş" və "Səriyyə" filmlərində rol alıb. Əlixan Rəcəbovun Xocalı soyqırımının qurbanlarına həsr etdiyi "Sevinj stories"də əsas obraz olan 9 yaşlı Sevinc rolunu ifa edib.
Nəzakət Heydərova ilə söhbətimizi oxuculara təqdim edirik.
- Fortepiano üzrə təhsil alan 12 yaşlı Nəzakətin ekran qarşısına çıxmaq istəyi ilk dəfə necə yarandı?
- "Zəhər tuluğu" filmi üçün uşaq kastinqi keçirilirdi. Biz də müraciət etdik, sözün düzü, seçiləcəyimə çox da inanmırdım. Mənimlə birlikdə iki nəfər də müraciət etmişdi, hətta onlar bəyənilmişdi. Onda hələ mənim müraciətimə baxılmamışdı. Daha sonra Orxan Mərdan mənim də müraciətimə baxdı və məni seçimlərə çağırdılar. Verilən tapşırıqları rahatlıqla icra etdim və çox bəyəndilər. Anama dedilər ki, bu, bizim axtardığımız uşaqdır. Beləliklə, "Zəhər tuluğu" filmi ilə mənim aktrisalıq fəaliyyətim başladı.
- Özünüzün gələcəkdə aktrisa olmaq arzunuz var idimi, yoxsa bu fikri filmlərə dəvət olunmağınız formalaşdırdı?
- Əslində mən 5-6 yaşımda deyirdim ki, böyüyəndə həkim olacağam. Amma özümdə bu istedadı kəşf etdikdən sonra baxdım ki, yox, mən aktrisa olmalıyam və indi bunun üçün çalışıram.
- İstedadınızın fərqinə ilk dəfə harada vardınız?
- Elə "Zəhər tuluğu" filmində.
- Musiqi təhsiliniz barədə danışaq...
- Mənim musiqiyə xüsusi marağım var. Ən çox da pianinoda ifa etməyi çox sevirəm. Əslində, ilk başlarda skripkanı sevdiyimi düşünürdüm, amma zamanla fərqinə vardım ki, mən pianinonu daha çox sevirəm. Hazırda Səid Rüstəmov adına Uşaq incəsənət məktəbində təhsil alıram. Bu il artıq ikinci sinifdəyəm və bir çox əsərləri ifa edə bilirəm.
- Elə yaşdasınız ki, qarşınızda iki yol var; ya aktrisa olacaqsınız, ya da musiqiçi... Konkret bir qərara gələ bilmisinizmi?
- Gələcəkdə hansı peşənin dalınca gedəcəyimi hələ dəqiq bilmirəm. Amma hazırda fikrim aktrisa olmaqdır.
- Sözsüz ki, valideynlərinizin razılığı ilə filmlərə çəkilirsiniz. Onlar sizi gələcəyin aktrisası kimi görürlər, yoxsa ekran həyatınızın uşaqlıqla birlikdə yekunlaşacağını düşünürlər?
- Valideyinlərim hər zaman mənə dəstək olublar və indi də olurlar. Onlar ömrün çətin yollarını mənim üçün asan edirlər. Anam bütün çəkilişlərdə yanımda olur, hətta rayonlara gedəndə belə mənimlə gəlir, saatlarla məni gözləyir, mənə dəstək olur. Mənə deyir ki, nə qədər sağam, hər zaman sənə dəstək olacağam, səni heç vaxt tək qoymayacağam.
- Aktrisa olmaq çətin və yorucu prosesdir. Çəkilişlərdən yorulduğunuz anlar olur?
- Hər şey özgüvəndən asılıdır. Mən özümə güvənirəm. Əgər mən bu işi edə bilirəmsə, artıq mənim üçün çətin olmayacaq. Bacarana hər şey asandır. Həm də mən bu işi sevirəm. Biz saatlarla çəkilişlərdə oluruq, amma heç bir halda yorulmuram. Çünki işimi sevərək görürəm.
- Film çəkilişləri, ssenarini mənimsəmək, rola hazırlaşmaq uzun prosesdir. Bu, məktəbdə dərslərinizə mane olmur ki?
- Çəkilişlər ya həftəsonu, ya da tətil günlərində olduğu üçün mane olmur. Əksinə, dərslərimə daha çox üstünlük verirəm ki, təhsildən geri qalmayım. Həm də ssenarini mənimsəmək mənə görə çətin bir şey deyil. Sadəcə olaraq onu şeir kimi əzbərləməməlisən, dərk etməlisən, gedişatı bilməlisən. Çəkilişlər başlamazdan əvvəl ssenarini başdan-ayağa oxuyuram və bütün hadisələr gözümün qarşısında canlanır. Daha sonra səhnə çəkilməmiş bir dəfə baxıram və kifayət edir. Çünki artıq bilirəm ki, mövzu nədir, tamaşaçıya nəyi çatdırmalıyam.
- Zaman keçdikcə daha çox şey öyrənirsiniz, kamera qarşısında olmağa alışırsınız. İndi əvvəlki rollarınızı izləyib özünüzdən narazı qaldığınız məqamlar olurmu?
- Mən bütün rollarımı bəyənirəm. Hətta çəkilişdən sonra dərhal anamın yanına gedirəm və necə oynadığımı soruşuram. Anam deyir ki, məni belə inandırırsan. Amma belə təriflərdən arxayın olmuram, daha da yaxşı olmaq üçün çalışıram. Ümumiyyətlə, mən məqsədi olan insanam. Məsələn, deyirəm ki, mən bu həftə bu qədər qiymət alacağam. Həqiqətən məqsədimə çatıram da. Kimsə məni tənqid etsə də, ruhdan düşmürəm. Çünki heç kim məni yolumdan döndərə bilməz.
- "Səma ilə görüş" filmində xəstə qızı canlandırırsınız. O filmdə elə səhnələr var ki, yerə yıxılırsınız. Fiziki cəhətdən ağrı hiss edəcəyinizi bilə-bilə bunu təkrarlamaq çətin olmur ki?
- Yox, qorxmuram, səhnə başlamazdan rola adaptasiya oluram. Özümə güvənirəm, rolu yaşayıram. Hətta "Səriyyə" filmində rolu o qədər içdən oynamışdım ki, kadr bitəndən sonra da ağlamağa davam edirdim, rolun təsirindən çıxa bilmirdim. Ümumiyyətlə, mən bir obrazı oynayıramsa, hər şeyi unuduram və həmin obraz oluram. "Zəhər tuluğu" filmində Əlixan Rəcəbovla olan səhnəmizə baxanlar deyirlər ki, sən necə orada gülmədən qala bilirsən. Mən deyirəm ki, roldayamsa, necə gülüm, olmaz axı.
- Yaşamadığınız, sizə tanış olmayan situasiyaları canlandırırsınız. Məsələn, elə Səriyyə obrazından bəhs edək. Səriyyə təhsil almasına icazə verilməyən, uşaq yaşından evləndirilən obrazdır. Siz isə tamamilə ayrı bir ab-havada böyüyürsünüz. Bu mənada, Səriyyənin obrazını canlandırmaq çətin olmadı ki?
- Sözün açığı, bu filmdən mənə təklif gələndə öncə imtina etmək istədim, çünki canlandıracağım obraz ağır obraz idi. Filmin özü də ağır idi. Əlixan Rəcəbov mənə başa saldı ki, bu, sadəcə roldur və sən bunun öhdəsindən gələ bilərsən. Bundan sonra razılaşdım. Səriyyə təhsili uğrunda ailəsi ilə mübarizə aparan bir obrazdır. Onun coğrafiya fənnindən iştirak edəcəyi olimpiada və toy günü üst-üstə düşür. Mən o obrazı canlandıranda öz ailəmin yerinə Səriyyənin ailəsini qoydum. Mən özüm də Səriyyə kimi oxumaq üçün can atan biriyəm. Həmin an təsəvvür edirdim ki, mən təhsil almaq istəyirəm, amma ailəm yolumu kəsir, təhsil almağa icazə vermir. Bunları düşünə-düşünə Nəzakəti - özümü unutdum və Səriyyə oldum. Orada nişan paltarını, gəlinliyi geyinəndə mənlə zarafat edirdilər ki, sənin nişanındır. Mən çox əsəbləşirdim, küsürdüm onlardan. O paltarları daşımaq istəmirdim. Çünki o yaşda bir qızın təhsil almasına mane olmaları, erkən yaşda evləndirmək istəmələri mənə qorxunc gəlirdi. 12 yaşlı bir qız ilə elə davranmalarını qəbul edə bilmirdim. Mənim də 12 yaşım var və Səriyyənin yerində olsaydım, onun kimi mən də hamıdan qaçardım.
- Xocalı hadisələri ilə bağlı çəkilən "Sevinj stories"də əsas obraz olan Sevinci canlandırmısınız. Həmin hadisələrin bir parçası olmaq psixoloji cəhətdən sizdə hansı izlər qoydu?
- Biz Əlixan Rəcəbovla Azərbaycan xalqına qarşı törədilmiş Xocalı faciəsini dünyaya çatdırmağa çalışdıq. Çəkilişlər Qəbələnin Vəndam kəndində baş tutdu. 9 yaşlı Sevinc düşmənin nə olduğunu belə bilmirdi, başına gələcək hadisələr ağlına belə gəlmirdi. Zənn edirdi ki, emənilərin atdığı bombalar fişənglərdir və onun ad günü üçün atırlar. Mənim gecə vaxtı meşədə corabla qaçdığım səhnə var. Corabın altından çox qalın geyinmişdim ki, soyuq olmasın. Qalın geyinməyimə baxmayaraq, tir-tir titrəyirdim. O an düşündüm ki, Xocalıdan qaçan yüzlərlə insanın heç ayağında corab belə yox idi. Onların nə yaşadığını düşünəndə, donaraq öldüklərini biləndə çox pis olurdum, dəhşətə gəlirdim. Sevincin gözünün qarşısında nənəsinin və babasının güllələndiyi səhnə çəkilən zaman heç bir bomba səsi yox idi, həmin səs sonra montajla qoyuldu. Amma həmin səhnəyə o qədər adaptasiya olmuşdum ki, elə bilirdim, həqiqətən o hadisələri yaşayıram. Onda çox qorxmuşdum və sarsılmışdım.
- Belə ağır səhnələri oynayanda yaşadığınız hiss və duyğular sizə necə təsir göstərir?
- "Səriyyə" filminin çəkilişləri bitəndən sonra mən bir həftə özümə gələ bilmədim. Dərs oxuya bilmirdim, ağlım Səriyyədə qalmışdı. Bu film real hadisələrə əsasən çəkilib. Mən düşünürdüm ki, indi rayonlarımızda, kəndlərimizdə Səriyyə kimi çarəsiz, təhsildən kənar qalan, az yaşından evləndirilən nə qədər qızlar var. Bu düşüncələrə mənə çox pis təsir bağışlayırdı. Amma nə qədər ağır hisslər yaşasam da, o hisslərin uşaq ruhuma təsir etməsinə icazə vermirəm. Uşaqlığımı doyunca yaşamağa çalışıram. Bir müddət oynadığım obrazın təsirində qalıram, amma sonra toparlanıram, özümə qayıdıram. Bəzi yaşıdlarıma baxıram, onlara böyüməyə can atırlar, özlərini böyük insan kimi göstərməyə çalışırlar. Amma mən onlar kimi olmamağa çalışıram. Çəkdiyim bloqların mövzusunu belə yaşıma uyğun seçirəm. Bəzən həddindən artıq uşaq kimi davranıram deyə anam mənə əsəbləşir. Elə vaxtlar olub, mən də tez böyümək istəmişəm, amma anam deyib ki, böyüyən hər kəs yenidən uşaq olmaq, uşaqlığına geri qayıtmaq istəyir. Sonra başa düşürəm ki, uşaqlıq gözəldir deyə hamı yenidən uşaq olmaq istəyir. Həm də böyüməkdən qorxuram. Son zamanlar Türkiyədə gənc qızların vəhşicəsinə öldürüldüyünü biləndən sonra böyümək istəmirəm. İstəyirəm valideynlərim hər zaman yanımda olsun, onda özümü güvəndə hiss edirəm.
Ləman İLKİN