"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevil Əliyevadır. Onunla Xalq rəssamı Sakit Məmmədovun "Cıdır düzü" əsərindən danışmışıq.
Sakit Qulam oğlu Məmmədov 5 avqust 1958-ci ildə Neftçala rayonunda doğulub. O, 1978-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1987-ci ildə İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasını fərqlənmə ilə bitirib.
1988-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Sakit Məmmədov 80-ci illərdə formalaşan istedadlı rəssamlar nəslinin parlaq nümayəndəsidir. 2018-ci ildə Azərbaycan Respublikasının Xalq rəssamı adını alıb və həmin il professor adına layiq görülüb.
- Sevil xanım, tablo neçənci ildə yaradılıb?
- Sakit Məmmədov 2016-cı ildə bu əsəri ağ kətan üzərində işləyib.
- Əsərin rəng həlli necədir?
- Tabloda əsas fon yaşıl, mavi, qəhvəyi rənglərdən ibarət olmaqla, Qarabağın təbiətini əks etdirən rəng çalarlarına malikdir. Əsərdə üçrəngli bayrağımızın rəngləri canlandırılır. Tablo həmçinin, boyaq palitrası ilə zəngin olan Qarabağ xalçalarının qədim, sehrli rəmzlərlə və sirlərlə dolu naxışlarının ən zərif çalarlarını özündə əks etdirir. Rəssam yaratdığı tabloda müxtəlif, al-əlvan rəng çalarlarından istifadə edib.
- Əsərin kompozisiyası necədir?
- Bu rəsmdə Şuşa əhalisinin firavan həyatı, bayram günü - çövkən oyunu, Qarabağ atları, Xanın qızı və yalnız Qarabağda çiçək açan Xarıbülbül təsvir edilib. Əsərin kompozisiyası keçmişimizin məişəti, yaşanılan həyat tərzi, oyun növləri, geyimləri ilə bağlılıq təşkil edir.
- Tablo hazırda harada saxlanılır?
- Əsər London qalereyasında qorunur. Rəssam həmin əsəri Böyük Britaniya Kraliçası II Elizavetaya hədiyyə edib.
- Rəssamın özünəməxsus üslubu bu əsərdə özünü necə göstərir?
- Sakit Məmmədov "Yaşasın İstanbul", "Bayram", "Toy", "Məşq", "Ad günü", "Metro", "Bahar qızı" kimi əsərlərin müəllifidir. Rəssamın çox maraqlı rəsm manerası və təkrarolunmaz yaradıcılıq texnikası var. O, realizm ənənələri üzərində qurduğu kompozisiyalarının rəng qammasında göy qurşağının daşı - "opal" daşının al-əlvan rənglərini xatırladır. Sakit Məmmədovun yaratmış olduğu üslub opalizm üslubudur. O, əsərlərində əsasən, Qarabağ xalçalarının sehrli palitrasını təkrarolunmaz naxışlarını, parlaq koloritini əks etdirir. Əsərlərin ortaq cəhətlərindən biri də boyaq palitrası ilə zəngin olmasıdır. Sadaladığımız xüsusiyyətlər bu əsərdə də özünü göstərir.
- Sizcə, "Cıdır düzü" bizə nə deyir?
- Rəssam Qarabağın xoşbəxt günlərini təsvir edərək, keçmişdə Qarabağda yaşanılan həyat tərzini bu günümüzlə, qələbəmizlə əlaqələndirərək əsəri yaradıb. Rəssam Qarabağın yenə də sevincli, toy-bayramlı azad, firavan günlərə qovuşmasını təsvir edib.
Avropada "Polo" adı ilə tanınan oyun növü, keçmişdə Qarabağda, Şuşanın "Cıdır düzü" adlandırılan ərazisində "Çövkən" oyunu olaraq nümayiş etdirilərmiş.
Mənim fikrimcə, hər bir Azərbaycan vətəndaşı müsbət mənada öz xalqı üçün xidmət etməlidir, hər bir azərbaycanlı öz vətəninin əsgəri olmalıdır - kimisi şeirləri, poemaları ilə, kimisi igidlikləri, qəhrəmanlıqları ilə, kimisi də qələmi, fırçası ilə.
Təhlil etdiyimiz əsərin müəllifi rəssam Sakit Məmmədov öz fırçası ilə bir-birindən gözəl əsərlər yaradaraq, xalqımızı bütün dünyada tanıtmağa çalışıb. Rəssam Sakit Məmmədov bu əsərdə xalqımızın gözlədiyi qələbəni əks etdirir. 4 il əvvəldən qələbə hissləri ilə əsər yaratmaq həm çox sevindirici, həm də çox çətindir. Əsər Qarabağın qısa bir zamanda çiçəklənməsindən xəbər verir.
Aytac SAHƏD