Jurnalist peşəsi olduqca məsuliyyətli və nəcib peşədir. Jurnalistikanı özünə peşə seçmək istəyənlər daim dünyagörüşünü genişləndirməyə çalışmalı, müasir dünyamızda gedən mürəkkəb proseslərin mahiyyətini bilməlidirlər... Hamımızın arzusu budur ki, jurnalist olmaq həvəsinə düşənlər seçdiyi peşənin məsuliyyəti haqqında dərindən düşünsünlər və bu məsuliyyəti dərk etməyə çalışsınlar...
Tofiq Rüstəmov
Acılı günlər də, sevincli günlər də bir gün bitir, qutarır. Ancaq onlardan qalanlar içini incidir, ağrıdır... Acılı günləri xatırlayanda sızıltısı səni dincəlməyə qoymur, özünə yer tapmırsan. Yaranın qabığı qopur, Allahdan o günlərin bir də yaşanmamasını təvəqqe edirsən. Sevincli günləri xatırlayanda gülümsəyib keçirsən. Kaş ki bir də qayıtsaydı o anlar, deyirsən...
İndi mən hər gün o günlərin bir anını qaytarmaq üçün Tanrıya dua edirəm.
Yenə xatirələrə əsir düşmüşəm. Yadıma düşdükcə gülümsəyirəm. Yenə tələbəlik illərini vərəqləyirəm. Yenə yadıma qızıl ayarlı insanları salmışam. Gözümün önündən bir-bir gəlib keçirlər. Heç birisini də bir-birindən ayıra bilmirəm. Kimsəni birinci, kimsəni ikinci yerə qoymağa çətinlik çəkirəm. Hansından başlayım deyə gücənirəm. Bacarmıram. Ürəyimin telləri titrəyir. Hərəsinin qəlbimdə öz yeri, öz şirin xatirəsi var. Çəkidə ağır basmır heç biri o birindən...
Mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsində onun dekan olduğu dövrdə oxumuşam. Professor Tofiq Rüstəmovun - zəhmətkeş, gözəl jurnalist, sözə əsir düşmüş adam, gözəl tərcüməçi, dilçi, gözəl insan, gözəl alim...
Tofiq müəllim...
1936-ilin may ayının 18-də Quba şəhərində anadan olub. Baharın üzə güldüyü bir zamanda. Bərəkətli çöllərin, bağ-bağçaların çiçəkləndiyi, nazlandığı bir çağda. İnsanın arzularının gül açdığı zamanda. Ümüdlərin çoxaldığı bir vaxtda... Özü kimi bir zamanda...
İnsana ancaq müsbət enerji verərdi. Gülümsəyərdi, əyrisini, çatışmazlığını görməzlikdən gələrdi. Özünün anlaması üçün səbirlə gözləyərdi, çalışardı. Qəribəydi Tofiq müəllim. Sanki insanı incitmək onun üçün böyük yükdi, əzabdı, bağışlanmazdı...
Belə insanlar var dünyada. Ancaq yaxşılıq etmək üçün yarananlar. Yaxşılıq mücəssəməsi. Onları görəndə ancaq yaşıl dünyaya düşürsən. Rahat nəfəs alırsan, ürəklənirsən. Sanki dağ havasıyla qidalanırsan. Çiçəklərin-güllərin içində olursan. Ən ağrını, acını belə unudursan. Həyat nə gözəldi deyirsən, yaşamağa dəyər, mən bacararam deyirsən... Mən belələrinə "bahar insanları" deyirəm. Ancaq irəli səsləyər, ancaq gözəllik saçarlar dünyamıza. Günəş kimi, gecəni aydınladan ulduzlar kimi, ay kimi... Yaxşılıq üçün yarananlar...
Tofiq Rüstəmov 1953-ildə 1 nömrəli Quba şəhər beynəlmiləl məktəbində orta təhsilini başa vurduqdan sonra uşaqlıqdan arzusunda olduğu peşəyə yiyələnmək üçün Bakıya yollanır.
Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alır və oranı fərqlənmə diplomu ilə bitirir.
1958-ci ildə "Uçitelskaya qazeta"nın Azərbaycan SSR üzrə xüsusi müxbiri kimi iş həyatına addım atan Tofiq Rüstəmov müxtəlif yerlərdə jurnalistik fəaliyyətini davam etdirərək saysız publisistik yazıların, elmi məqalələrin müəllifi kimi tanınmağa başlayır. Onun jurnalistik istedadı nəzərdən qaça bilməzdi. Həm gözəl tərcüməçi, həm gözəl dil qabiliyyəti olan bir insanı hər yerdə uğur gözləyirdi. Tezliklə onu Radio-televiziya komitəsinə tərcüməçi kimi dəvət edirlər. Sonrasa redaktor, baş redaktor vəzifəsinə yüksəlir. Çox zəhmətkeş insandı Tofiq müəllim. Haralarda işləməyib, haralara qatqısı olmayıb ki. Hər bir insana nümunə göstəriləcək xarakterə malik olan adam...
Pedaqoji fəaliyyətə 1970-ci ildə başlayan Tofiq müəllim aspiranturanı bitirdikdən sonra tezliklə namizədlik, sonrasa elmi işini genişləndirərək professorluq dərəcəsinə yüksəlib. 1979-cu ildən jurnalistika fakültəsinin dekanı təyin edilib.
Birinci kursu bitirəndə bizi rayon qəzetlərinə təcrübəyə göndərdilər. Qrup yoldaşım Sevdayla Cəbrayıl rayonunda çıxan qəzet redaksiyasına təcrübə günlərinə yollandıq. Mən ordan olduğum üçün tələbə yoldaşımla bizə getməyə qərar verdik. Təcrübədə olduğumuz günlərdə redaktor, rəhmətlik Sirac Rüstəmov bizi kəndlərin birinin mağazasına göndərdi. Şikayət var, dedi. Gedin müfəttişlə baxın, dəyərləndirin və bir felyeton yazın. Doğrusu, ilk dəfəydi ki, belə bir tapşırığa gedirdik ikimiz də. Bir-birimizin üzünə baxdıq. Nəsə, gedib olanları görüb, felyetonu da yazdıq.
Yazmağına yazdıq, ancaq arxamızca şikayət gəldi universitetə. Yenicə dərs ili başlamışdı ki, Tofiq müəllim məni yuxarı çağırdı. Yəni dekanatlığa. Təəccübləndim, doğrusu. Heç zaman məni dekanatlığa çağırmazdılar axı. Fikirləşdim ki, hər halda nəsə var. Yuxarı qalxanda, sözün düzü, çox həyəcanlandım. Məni görən kimi gülümsədi:
- A qızım, nə yaman qəzəbləndirmisiniz yerlilərinizi?
Təəccüblə baxdım üzünə:
- Nə olub ki, müəllim?
- Nə olacaq, sizdən şikayət yazıblar ki, sizi universitetdən xaric edək. Olanları doğru yazmayıblar deyirlər. Rektoratlıq bizə göndərib işi.
Doğrusu, çox qorxdum. Ancaq heç bir doğru olmayan işi yazmadığıma görə özümü ələ aldım:
- Professor, biz ora müfəttişlə getmişdik. Onlar da hadisələrə şahiddilər və protokoları imzalamışdılar.
Yenə gülümsədi:
- Sən elə bilirsən onların yazdıqlarına inandıq biz? Yaxşı bilirəm, sizin doğru yazdığınızı. Narahat olma, həll edəcəyik. Get, rahat dərsinlə məşğul ol, dedim ki, biləsən.
Bu gün və gələcək üçün milli jurnalistikamızda professor Tofiq Rüstəmovun yerini, mövqeyini və sanbalını belə müəyyənləşdirmək olar: mətbuat tariximizin və jurnalistika nəzəriyyəsinin gözəl bilicisi və tədqiqatçısı, ensiklopedik görüşə malik tərcüməçi, tele-radio jurnalistikası, tərcümə sənəti nəzəriyyələrinin ilk yaradıcılarından biri, ana dilimizin saflığı və təmizliyi keşiyində duran təəssübkeş redaktor, mətbuat işinin bacarıqlı təşkilatçısı, gənc jurnalistlərin xeyirxah tərbiyəçisi və hamisi...
Onunla uzun illər birgə işləmiş, professor Akif Rüstəmovun dedikləri:
- Tofiq müəllim ambisiyasız, səmimi adam idi. Elə ona görə də, heç kimlə şəxsi münaqişəsi yox idi. Fakültədə bəzən elmi mübahisələrdə özünü çox təmkinli aparırdı. Tofiq müəllim hətta tələbəyə irad tutanda da sakitcə ona nöqsanını başa salardı, səsini qaldırmazdı. Mən onun müavini olanda bir daha hiss etdim ki, bu insan yaxşılıq eləmək üçün dünyaya gəlib.
Bir hadisəni yada salım. Rektorluğa təcili məktub göndərməliydik, onu mən yazıb hazırladım, verdim imzalasın, aradan iki gün keçməsinə baxmayaraq, məktubu imzalamamışdı. Dedim, təcili bu məktubu göndərməliyik. Üzümə baxdı və sakitcə dedi:
- Oxu, gör harada səhv buraxmısan. Oxudum, səhv tapmadım. O yazını mənə təkrar bir heçə dəfə oxutdurdu, səhv tapmadım. Gülümsəyib dedi imzaya bax, baxdım. Sən demə, dekan Tofiq Rüstəmov əvəzinə, Akif Rüstəmov yazmışdım. Tofiq müəllim vaxtsız dünyasını dəyişdi. Allah rəhmət elısin! Məkanı cənnət olsun!
Bəli, bu gözəlliyi ailədə də özünü göstərirdi: Gözəl ailə başçısı, mehriban və qayğıkeş ataydı Tofiq müəllim. Qızı Sevinclə söhbət zamanı onun evdə özünü necə apardığını soruşdum. Sevinc xanım tərəddüd etmədən dedi:
- Ailədə iki uşaq olmuşuq - Abbas və mən. Atamı hər gün yad edirik, hələ də yoxluğu ilə barışa bilmirik. Ailədə çox mehriban, qayğıkeş idi. Aramızda heç fərq qoymazdı. O, tək valideyn deyil, həm də gözəl dost, məsləhətçi idi.
Tofiq Rüstəmovun etdiklərini sayıb bitirmək olmur belə bir yazıda. Bütün media mükafatlarını aldığından, konfranslarda iştirakından, yazdığı dərsliklərdən, elmi məqalələrdən və işlədiyi yüksək vəzifələrdən, Ali Sovetin deputatı olduğu zamanlardan, redaktor fəaliyyətindən, Jurnalist Sənətkarlığı İnstitutunun rektorluq vəzifəsindən saatlarla danışmaq olar.
Son kursda olanda rəhmətlik Famil Mehdinin rəhbərliyi ilə diplom işi yazırdım. Mövzu ilk dəfəydi, işlənirdi: "Ədəbiyyat və incəsənət" qəzetində dəyirmi stol arxasındakı söhbətlər". Heç bir ədəbiyyat yoxdu istifadə etməyə. Fikirləşdim ki, bir o qədər səhifəni necə yazacağam. Yuxarı çıxıb Famil müəllimə mövzunu dəyişmək istədiymi bildirdim. Danışığımızı eşidən Tofiq müəllim dedi:
- Dəyişmə, qızım, bilirəm ki, bacaracaqsan. Təmkinli ol, səni yaxşı tanıyıram, mətbuatdakı yazılarını izləyirəm.
Doğrudan, onun belə sakit və ümidverici sözləri məni ruhlandırdı. Diplom işimi yazdım və əla qiymətləndirildi. Son günlərimizdi universitetdə. Məni görüb dedi:
- İstərdim o diplom işini böyüdüb elmi iş müdafiə edəsən. Oxudum, çox xoşuma gəldi...
Nə qədər gözəl insandı, nə qədər mərhəmətli və qayğıkeşdi. Allah məqamın cənnət eləsin!
Və sizi heç unutmadıq, unutmuruq. Bizim qəlbimizdə yaşayırsınız, bizimlə birgə addımlayırsınız. Verdiyiniz dərslər, məsləhətlər hələ də əlimizdən tutur çətin anlarımızda, bahar insan!
Sizinlə bahara, yaşıl dünyaya düşürük...
İstəyirəm, bunu biləsiniz...