Aktrisa Günəş Mehdizadə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Teatr və kino aktyoru ixtisası üzrə Vaqif İbrahimoğlunun kursunda təhsil alıb. 2005-ci ildən aktrisa kimi kino karyerasına başlayıb. "Yoxdu belə söhbət", "The Bra", "Gecə axını" "Jara", "Suğra və oğulları", "Qaranlıqlar çiçəyi", "Miras", "Məryəm", "Yad gəlin", "Vətəndaş A" kimi film və seriallarda rol alan Günəş Mehdizadə həm də Yuğ teatrının aktrisasıdır.
Aktrisa Günəş Mehdizadə söhbətimizi təqdim edirik.
- Günəş xanım, sizi həm film və seriallarda, həm də tamaşalarda tez-tez görürük. Bu hərtərəfliliyin xüsusi bir səbəbi varmı?
- Düşünürəm ki, hər şey zamanla ələnir. Artıq kinomuzda bayağı insanlardan çox, işini bilən insanlara ehtiyac duyulur. Kino sahəsində bir ara daha çox modellər, bu sahə ilə əlaqəsi olmayan insanlar işləyirdilər. İndi çəkiliş qrupu, işini yaxşı bilən rejissor başa düşürlər ki, istədiyini işini bilən aktyorlardan ala bilərlər, nəinki, başqa sahənin adamlarından.
- Bir müddət teatrdan uzaq düşən Günəş Mehdizadə yenidən ora necə qayıtdı?
- Əslində teatrı ilk başlardan sevirdim. Amma qorxularım var idi. Düşünürdüm ki, birdən teatr mənə mane olar. Amma səhv düşünürmüşəm.
- Nəyə mane olar?
- Kino karyerama. Çünki universitetə qəbul olduğumdan bəri çox gözəl layihələrdə çəkilməyə başladım. Amma hər dəfə də qəlbimin bir tərəfi teatr üçün döyünürdü, düşünürdüm ki, mən teatrda mütləq olmalıyam. Teatr yaradıcılığımın bir hissəsi idi. Amma indi başa düşürəm ki, teatr yaradıcılığımın böyük bir hissəsidir. Teatr aktyor üçün çox önəmlidir.
- Bir dəfə televiziyada şeir səsləndirdiyinizi görmüşdüm. Şeir səsləndirmək xüsusi bacarıq tələb edir. Siz bunu nə qədər baca bilirsiniz?
- Bilmirəm, onu mən deyə bilmərəm. Bunu kənardan izləyənlər deyə bilər. Əgər o şeirə aktrisa kimi qatqım olmayacaqsa, səsləndirmərəm. Düşünürəm ki, hansı şeiri səsləndirmişəmsə, pis alınmayıb.
- Əksər sənət adamının dediyinə görə, işlərinin çoxluğundan son zamanlarda çıxan serial və filmlərdən xəbərsizdirlər. Bəs siz necə, kinematoqrafiyanın inkişafı ilə maraqlanırsınızmı? Keçirilən film festivallarında iştirak edirsinizmi?
- Açığı, bəzi festivallarda iştirak edə bilmirəm. Amma keçənilki festivalda bizim dostumuz Qulu Əsgərovun "Hasar" filmi qalib olmuşdu, gedib izlədik. Kommersiya filmlərini çıxmaq şərtilə, digər filmlərdən xəbər tuturam, çalışıram ki, dövlət səviyyəsində olan işlərə mütləq gedim baxım.
- Bəs seriallar necə?
- Bundan xəbərsiz olmaq mümkünsüzdür. Əgər bu sahədəsənsə, xəbərin olmalıdır. Demirəm ki, hamısına seriya-seriya baxıram. Amma həmkarlarımın işləridir, orda vacib deyil ki, mən çəkilim. Müqayisə üçün baxmalıyam. Məsələn, keçən il zəif bir işlə ortaya gələn şirkət bu il çox uğurlu layihələrə imza atır və sən başa düşürsən ki, proses hansı yerdədir, necə inkişaf edir. Yəni belə maraqlanıram.
- Bu gün Azərbaycanda kinematoqrafiya ilə teatr sahəsini müqayisə etsək, hansının daha çox inkişaf etdiyini, hansının isə zamanın tələblərindən geri qaldığını, uyğunlaşmadığını demək mümkündür?
- Əslində biz həm kino, həm teatr sahəsində inkişafdan geri qalmışıq. Bu il yayda Portuqaliyada, Litvada, daha öncəki illərdə Qazaxıstanda və Özbəkistandakı festivallarda oldum. Fərqinə vardım ki, biz Qazaxıstan teatrından belə geri qalmışıq. Sən dünyaya açılanda görürsən ki, orada necə tamaşalar nümayiş olunur. İndiki vəziyyətdə sevindirici haldır ki, Mehriban Ələkbərzadənin rejissorluğu ilə "V.X.A" tamaşası çox uğurlu alındı. Amma dünya üzrə bu səviyyədə tamaşalar çoxdan var. Qrafik effektlərdən, işıq effektlərindən çox uğurla istifadə edirlər. Bilinir ki, o tamaşalara böyük sərmayə ayrılır. O barədə biz geri qalmışıq. Amma əminəm ki, bizə o şərait yaradılsa, çox böyük işlər görə bilərik. Təsəvvür edin, Yuğ teatrının binası yoxdur. Amma buna rəğmən, biz nələrsə ortaya qoya biliriksə, yüksək səviyyəli şərait təqdim olunsa, daha gözəl, uğurlu işlər bacara bilərik. Düşünürəm ki, bu barədə biz çox dözümlüyük.
- Teatrla kinonun oxşar cəhətləri olsa da, spesifkaları fərqlidir. Siz də hər iki sahədə varsınız. Sənətin bu növündən digər növünə keçidlər necə baş verir? Psixoloji cəhətdən yorğunluq gətirirmi?
- Teatrla kinonun vəhdəti yorğunluq gətirmir. Mən deyərdim ki, serialla kinonun vəhdəti yorğunluq gətirir. Yorğunluqdan da əlavə, gündəlik serialda işləyirsən və eyni zamanda hər hansı tammetrajlı filmə çəkilirsənsə, bu, çox böyük təzad yaradır. İki dəfə mənim başıma gəlib. Fikrimi cəmləşdirmək çətin olub. Çünki sən bir obraza alışırsan, çəkilirsən, sonra filmdə başqa obrazla qarşılaşırsan. Məsələn, bu gün serial setindən çıxıb film setinə gedirsənsə, çox şeyi orda qoyub getməlisən ki, filmdə işləyə biləsən. Amma teatrda əksinədir. Teatr aktyoru yeniləyir. Ora çox münbit məkandır.
- Bu situasiyadan çıxış edərək demək olarmı ki, aktyorun istedadı teatrda daha çox bəlli olur?
- Mən belə deməzdim. Düşünürəm ki, fərqli-fərqli məkanlardır. Teatr məkanı başqadır - canlıdır, ikinci plan yoxdur və sən orda bütün mimikalarını, hərəkətlərini çox böyük şəkildə göstərirsən. Amma film minimalizmi sevir, gərək hər şey minimumda olsun. Aktyor var ki, özünü teatrda daha yaxşı realizə edir, amma filmdə yox və yaxud tərsinə.
- Yuğ teatrının aktyorları mərhum rejissor Vaqif İbrahimoğlunu sanki ilahiləşdiriblər. Bunun kökündə nə dayanır? Onu bu qədər sevdirən edən nədir?
- Vaqif İbrahimoğlunun böyüklüyü haqqında deyilən sözlər elə-belə deyil. O qədər savadlı insan idi ki, onunla hər mövzuda söhbət etmək olurdu. Məsələn, bizdən kimsə ailə quracaqdısa, gəlib Vaqif müəllimə deyərdi. O da elə bir dəyərli söz deyərdi ki, onu heç bir kitabdan oxuya bilməzdin. İşinlə bağlı, teatrla bağlı, qısası, hər mövzuda sən bu insanla danışa bilərdin, məsləhət ala bilərdin. Mən Vaqif müəllimdən sonra həyatımda ikinci elə bir insanla rastlaşmadım. Onu hamıda axtardım, amma tapa bilmədim. Onu sevməmək mümkünsüz idi. Oturub saatlarla ona qulaq asmaq istəyirdim. Qəribə daxili energetikası da var idi - sanki deyirdi ki, məni sev.
- Yuğ teatrının aktyorları həm teatrda, həm də kinoda istedadlıdırlar. Bunun səbəbi nədir?
- Bilirsiniz, Yuğ teatrı meydan teatrıdır, balacadır. Bizim teatrda böyük pafosla jestlər və mimikalar göstərməyə ehtiyac yoxdur. Çünki tamaşaçı ilə o qədər yaxınsan ki, sənin minimum səsini, hərəkətini görə bilir, onu sezir. Filmdə də bu hal daha əlverişli olduğu üçün Yuğ teatrının aktyorları orada daha çox uğur qazanırlar. İnsan sırf bir işlə məşğul olanda ona vərdiş edir. Mən bu gün böyük səhnədə çıxış etsəm, çətinlik çəkərəm. Çünki mən artıq minimalizmə alışmışam. Gərək nə qədər böyük əmək sərf edim ki, bu məndə alına. Mən artıq jestləri, mimikaları minimum səviyyədə göstərməyə alışmışam.
- Gəlin bir azda baş rol aldığınız "Vətəndaş A" serialından danışaq...
- Ssenarini oxuyanda baxdım ki, mənim üçün çox münbit materialdır. Aktrisa olaraq mənə maraqlı idi. Çünki ovqat dəyişimləri var idi, xarakter çox dolğun yazılmışdı. Bəzən olur ki, ssenarini oxuyanda görürsən ki, obraz bir seriyada müsbətdir, amma digər seriyada absurd hərəkətlər edir və düşünürsən ki, bunu bu adam edə bilməz. Ssenaristlər bəzən bu kimi şeylərə fikir vermirlər, amma bu ssenaridə Asiman Ağa Rövşəni mən özüm üçün kəşf elədim. Dialoqların dəqiqliyi, xarakterlərin açıqlaması, hamısı uğurlu alınmışdı. Tək Almaz obrazının deyil, digər obrazların da özünəməxsus xarakterləri var idi və serial o xətt üzrə gedirdi.
- Bir çox izləyicini maraqlandıran sual var: həqiqətənmi bu gün Azərbaycanda o vəziyyətdə olan kəndlər var?
- Var imiş. Mən özüm şəhərdə böyümüşəm, heç vaxt düşünməmişəm ki, həqiqətən də elə bir mühit ola. Çəkiliş apardığımız kənddə olan vəziyyət bizə absurd gəlirdi. 21-ci əsrdə, Azərbaycanın dünyaya inteqrasiya etdiyi dövrdə belə adətlərin mövcudluğu ağlıma da gəlməzdi. Gedib orada əyani şahidi oldum ki, həqiqətən elə şeylər var imiş. Rejissorumuz Elvin Rüstəmzadə həmin kənddəki vəziyyətdən çox yararlandı. Mən kənardan bunu müşahidə edirdim. Elə xırda nüanslar var idi ki, Elvinin öz qatqısı idi. Ümumiyyətlə, "Vətəndaş A" çox böyük əziyyətlə ərsəyə gələn iş oldu. Filmin prodüseri Sevinc Əliyeva o heyəti yığdı, böyük layihə oldu, hamı çox böyük güc və sərmayə sərf etdi. Yuxusuz gecələr oldu, əsəb oldu, amma sonda film çıxdı və hər şey unuduldu.
Ləman İLKİN