Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında müsahibimi gözləyərkən səsucaldandan teatr zalında gedən məşqlərin səsin eşitdim. O an son zamanlarda bir çox platformalarda trendə çevrilən bir mahnını eşitmək mənə qəribə gəldi. Uşaq tamaşasında belə bir vəziyyətlə qarşılaşmaq, düzü, ağlıma gəlməzdi. Amma sonra anladım ki, istəsək də-istəməsək də, zamanın tələbləri ilə uyğunlaşmalıyıq. Teatr işçiləri də bizlərin teatrdan ayağımızın kəsilməməsi üçün bu tələblərə riayət edirlər.
Müsahibimiz Asya Atakişiyeva 2004-cü ildən Azərbaycan Dövlət Gənclər, 2009-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrlarında aktrisa kimi fəaliyyət göstərir. İlk baş rolu Kamal Abdullanın "Kim deyir ki, Simurq quşu yox imiş" tamaşasında olub. Aktrisa "Mürafiə vəkilləri", "Əbləhlərin toyu", "Bir az gəlirmisiz", "Sara xatun", "Şəngülüm, Şüngülüm, Məngülüm", "Müqəvva", "Ər və arvad", "Çəkməli pişik", "Şeyx Sənan" kimi tamaşalarda, "Qayınana", "Həyat sən nə qəribəsən", "28 İyun", "Ata ocağı" kimi film və seriallarda rol alıb.
Aktrisa Asya Atakişiyeva ilə söhbətimizi oxuculara təqdim edirik.
- 20 ilə yaxındır teatr sahəsindəsiniz. Sizi həm uşaqlar, həm də böyüklər üçün tamaşalarda görürük. Bəs Asya xanım özünü daha çox hara aid hiss edir, hansı tamaşalarda oynamaq sizə daha asan və rahat gəlir?
- Oynadığım bütün rolları sevə-sevə oynayıram. Sevməsəm, oynaya bilmərəm. Hərəsinin özünəməxsus məsuliyyəti və çətinliyi var. Fərqi yoxdur, bütün tamaşalarda məsuliyyətli davranıram, heç birini ayırmıram. Bir çoxları elə bilir ki, uşaq tamaşalarında oynamaq asandır, amma elə deyil. Onların könüllərini almaq daha çətindir. Necə ki ana övladlarını bir-birindən ayırmır, mən də heç bir rolumu digərlərindən ayıra bilmərəm.
- Asya xanım, ömrünü sənətə fəda edən bir çox aktyor və aktrisamız var ki, heç bir fəxri ad almayıblar. Gənc Tamaşaçılar Teatrında da belə aktyorlarımızın sayı az deyil. Sizcə, bu, nə ilə bağlıdır?
- Bu özü ayrıca bir mövzudur. Mən özüm də illərlə bu sənətdəyəm, amma fəxri adım yoxdur. Mən xalqımın artistiyəm, tamaşaçılarım məni sevsinlər, bəsimdir.
- Mütaliə edirsinizmi?
- Hə, edirəm. Düzdür, əvvəl daha çox oxuyurdum, amma indi o qədər oxumaq imkanım olmur. Daha çox sosial şəbəkələri izləyirəm. Hazırda Bukovskinin "Qadınlar" əsərini oxuyuram. Bizim sənət elədir ki, mütləq mütaliə etməliyik. Tamaşaya hazırlaşanda nə qədər pyeslər oxuyuruq. 60-a yaxın kitab oxumuşamsa, 60-a yaxın tamaşada da rol aldığıma görə o qədər pyes oxumuşam.
- Deyirsiniz ki, utancaqsınız. Bu xarakterinizə görə ardınca getmədiyiniz bir arzunuz varmı?
- Hə, çoxdur. Amma hamısı yadıma düşmür. Birin deyə bilərəm. Utandığımdan maşın sürməmişəm. Əslində sürə bilirdim, amma utandığımdan cəhd etmirdim. Daha çox axşamlar sürürdüm, o da çətin olurdu. Kompleksim var, düşünürəm ki, qıraqdan kimsə baxsa, deyəcək bacara bilmir. Buna görə gərgin oluram. Marketə gedəndə elə olur ki, söz soruşmağa utanıram.
Əvvəllər sənətə təzə gələndə utancaqlığıma görə çox çətinlik çəkirdim. Rollarımı istədiyim kimi oynaya bilmirdim. Amma sonra mənə bir hiss gəldi və başladım özüm üçün məşq eləməyə. Eləcə adət halına aldı və utanmadan rollarımı canlandırmağa başladım.
- Gənc Tamaşaçılar Teatrına gəlişinizi necə xatırlayırsınız?
- Mən əvvəllər Hüseynağa Atakişiyevin rəhbəri olduğu Gənclər Teatrında işləyirdim. Həmin teatr sonradan Gənc Tamaşaçılar Teatrına birləşməli oldu. İlk dəfə bura gələndə deyirdim ki, balaca rol belə versələr, bəsdir. Daha sonra işlədikcə iddialarım çoxaldı. Belə bir söz var: insan yüksəlmək istəmirsə, niyə həmin işdə qalsın. Mən də yüksəlmək istədim. Ona görə də indi bu qədər rolum var. Mən öz üzərimdə çox çalışırdım. Görürdüm ki, bir rolun öhdəsindən gələ bilmirəm, qapanırdım məşq otağına. Xeyli çalışırdım, oxuyurdum. Hər hansı bir tamaşada rol alacaqdımsa, gedirdim həmin tamaşanı araşdırırdım, pyesin müəllifini araşdırırdım. Məsələn, Şeksprin "Romeo və Cülyetta" əsərində rol alacağımı biləndə onun bütün həyatını, əsərlərini oxudum. Verona şəhəri ilə maraqlandım. Cülyetta Veronadan idi. Hətta sonradan Cülyettanın balkonunu, Şeksprin evini görmək üçün ora belə getmişdim.
- Mərhum rejissor Hüseynağa Atakişiyevanın sizə qarşı sərt davranmasının səbəbi nə idi? Qardaşı qızı olduğunuzu digərlərinə bildirmək istəmirdi, yoxsa daha yaxşı rol canlandırmağınız üçün tələbkar davranırdı?
- Mən ilk dəfə Gənclər Teatrına rejissor assistenti kimi getmişdim. Utandığımdan rol almaq, səhnəyə çıxmaq fikrim yox idi. Amma Hüseynağa müəllim məni ştata aktrisa kimi götürdü və mənə baş rol verdi. Səhnəyə Qurban İsmayılov, Ayşad Məmmədov, Nəsibə xanım kimi aktyor və aktrisalarla bir otaqda hazırlaşırdım, əsəri oxuyanda belə utanırdım, qızarırdım. Birinci rolumu düşünürəm ki, yaxşı oynamamışdım. Nə edəcəyimi bilmirdim. Düzdür, rejissor Hüseynağa müəllim, Nəsibə xanım necə oynamaq lazım olduğunu mənə izah edirdilər. Amma utanırdım. Ola bilsin ki, onda Hüseynağa müəllim mənim utancaqlığımı hiss elədi, ona görə elə davrandı. Həm də onun xarakteri də elə idi. Həm yumşaq adam idi, həm də sərt. Onun tamaşalarında oynamaq üçün dua edirdim. Ən kiçik rola belə razı idim. "Əbləhlərin toyu" tamaşası oynanılacaqdı və bütün truppa o tamaşada iştirak edirdi, amma mən yox idim. Çox fikir edirdim ki, mənə niyə rol vermədilər. Dua edirdim, niyyət edirdim ki, mənə burda rol versələr, uşaqlara hədiyyə alacağam. Elə oldu ki, ofisiant rolu lazım oldu və mən oynadım. Onun tamaşalarında oynamaq zövq idi, o, böyük bir məktəb idi. Heç kimə güzəştə getmirdi, hətta mənə belə. Heç kimi heç kimdən ayırmırdı, hamıya eyni münasibət göstərirdi.
- Rejissorluq təhsili almısınız, amma bu gün aktrisa olaraq fəaliyyət göstərirsiniz. Anidən qərarınızı dəyişib rejissor kimi fəaliyyət göstərmək istəyiniz olubmu?
- Rejissor kimi bir tamaşa qurmuşam və fərqinə varmışam ki, ağır peşədir. Hər bir aktyorla iş prosesi, əsərin analizi çox çətin olduğuna görə o öhdəliyi hələ götürə bilmərəm. Amma belə bir istəyim var. Gələcəkdə mənə uyğun bir əsər, mövzu olsa, istəyərəm ki, bir tamaşa qurum. Amma hələ ki istək olaraq qalır.
- Bəzən elə olur ki, bir çox aktrisa sənətini ailə həyatından üstün tutur, ya da tərsinə, ailəsinə görə sənətdən imtina edir. Bəs siz necə? Ailə həyatınızla sənətinizi balanslaşdıra bilirsinizmi?
- Mənim yoldaşım özü də sənət adamıdır. Biz evlənəndə bilirdik ki, aktyor və aktrisayıq. Buna görə bizim aramızda bu məsələ ilə bağlı heç bir problem olmayıb. Əlbəttə, filmlərdən, seriallardan təkliflər olanda onunla məsləhətləşirəm. Amma bu mövzuda problem yaşamamışıq.
- Qeyd etdiyiniz kimi, həyat yoldaşınız Əmrah Dadaşov Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aparıcı aktyorlarındandır. Həm sizin, həm də onun hansısa rolu canlandırması münasibətlərdə problemlər yaratmır ki? Bu məsələ ilə bağlı anlaşılmazlıqlar olanda məsələni necə həll edirsiniz?
- Yox, elə bir şey olmayıb. Ümumiyyətlə, mənə münasibətimizi korlayan təkliflər gəlmir deyə elə situasiya ilə qarşılaşmamışıq. Həm də mənim öz xarakterimdən asılıdır. Yoldaşımın rol aldığı "Qadınım" tamaşasında bir az səmimi münasibət var idi, amma o da mənə bir problem yaratmadı.
- Deyəsən, serial sahəsinə "Sevgi naminə" ilə nöqtə qoydunuz. Son zamanlar sizi ekranlarda görmürük.
- Hardasa 5 ildir ki, mən heç bir serial və filmdə rol almıram. Ona görə ki, ssenarilər mənə uyğun olmur, maraqlı gəlmir. Bir də istədiyim qonorarı vermirlər. Əvvəllər yaxşı qonorar alırdım, amma indi az məbləğ təklif edirlər.
- Əksər seriallarımızın uğursuz alınmasının, yaxud izləyicilər tərəfindən kəskin tənqid olunmasının səbəbləri nədir?
- Çünki aktyor olmayan adamları da çəkilişə dəvət edirlər. Əslində onları da qınamıram, ola bilsin ki, büdcə az ayrılır deyə bu yola əl atırlar. Həm də ssenari baxımından zəiflik var. Bir ara serial sektorunda çox yaxşı inkişaf var idi, sonra bir sükut çökdü. Amma bu o demək deyil ki, indi çəkilən seriallarımız pisdir. İçlərində baxımlı olanlar var. Düzdür, mən çox baxmıram, amma bu barədə danışanlar az deyil.
- Son zamanlarda yayımlanan seriallara münasibətiniz necədir? Məsələn "Vətəndaş A", " Əqrəb mövsümü", "Alatava" kimi seriallara baxmısınız?
- Sözün açığı, onlara da baxmamışam, buna görə bir fikir deyə bilmərəm. Amma "Vətəndaş A" serialından bir hissəni izləmişdim və çox bəyənmişdim. Başqa bir səpkidə çəkilən serialdır. Dəqiq fikir bildirmək üçün hamısına baxmaq lazımdır. Bəzən olur ki, mənim iştirak etdiyim filmlərin, tamaşaların hamısına baxmayan insanlar gəlib deyirlər ki, sən ancaq ağlayırsan. Amma onların digər rollarımdan xəbərləri yoxdur. Buna görə də düzgün, dəqiq fikir yürütmək üçün gərək hər şeyi izləyəsən. Bir bölümə baxmaqla fikir yürüdənlər var. O vaxt mən "Həyat sən nə qəribəsən" serialına çəkiləndə birinci bölümə baxıb bəyənmədiklərini deyənlər oldu. Amma hansı ki, orda çətin, gözəl süjetlər var idi. Baxmamış heç nəyə qiymət vermək olmaz.
- Son dövrlərdə çəkilən filmlər yaşlı nəsil tərəfindən tənqid edilir. Bəs sizin yeni filmlərimiz barədə fikirləriniz necədir?
- Tamaşalarım olduğuna görə yeni filmləri izləməyə vaxtım olmur. Kənardan deyilən fikirlərə əsaslanaraq bir söz deyə bilmərəm, gərək hamısına özüm baxım, öz fikrim olmalıdır. Biri deyir yaxşıdır, biri deyir pisdir. Bəlkə elə mənim xoşuma gələcək. Özümə də maraqlı gəlir hamısı, amma işlərlə bağlı çatdırıb baxa bilmirəm.
Ləman İLKİN