"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi, sənətşünas Sevil Əliyevadır. Onunla gənc rəssam Milena Nəbiyevanın "Malıbəyli" əsərindən danışmışıq.
Müasir incəsənətimizin tanınmış gənc rəssamlarından olan Milena Nəbiyeva 1981-ci ildə Bakıda dünyaya göz açıb. Kiyev Milli Memarlıq və İnşaat Universitetinin məzunu, Azərbaycan Rəssamlar İttifaqının, UNESCO yanında Beynəlxalq Rəssamlar Federasiyasının üzvüdür.
Özünəməxsus yanaşması ilə seçilən Milena həm realist, həm də ornamentçi rəssamdır.
- Milena Nəbiyeva yaradıcılığında xalça. İstərdim söhbətimizə buradan başlayaq.
- Rəssamın öz duyğularını kətan üzərində əks etdirməyə başlaması qədim türk motivlərinə yaranan maraqdan qaynaqlanır. Naxışlarda sirli və mistik anlam gizlənir. Onların mahiyyətini dərk etmək isə çox çətindir. Hər ornamental detal, əslində, mifik hekayədən bəhs edir. Saflıq, uğur, bərəkət, xoşbəxtlik, sağlamlıq, sevgi, dostluq, vətənpərvərlik, bəd nəzərdən qorunmaq kimi xalq inancları və rəmzlərinə bağlı olan naxışlar Milena Nəbiyevanın tablolarında öz əksini tapır.
"Malıbəyli" xalçaları Qarabağ Xalçaçılıq məktəbinin Şuşa qrupuna aid olan xovlu xalça növüdür. Bu məşhur xalça növü Malıbəyli kəndinin adından götürülüb. Qarabağın xalçaçılıq məktəbinin əsrlərə söykənən tarixi var. Qədimliyi və gözəlliyi ilə seçilən Qarabağ xalçaları Azərbaycan dekorativ-tətbiqi sənətinin nadir incilərindəndir. Qarabağ tipinin Şuşa qrupuna aid edilən "Malibəyli" xalçaları orijinal bədii xüsusiyyətə malikdir.
Milena Nəbiyeva da el sənəti nümunələri olan xalçaları ağ kətana həkk etməklə gözoxşayan ornamentləri dəqiqliklə işləyir. Başdan-başa ilmələrdən ibarət tablolar yaratmaq üçün səbir mütləqdir. Bunun öhdəsindən gəlmək sevgi və böyük həvəs tələb edir. "Malıbəyli" əsəri də zərif naxışların silsilə şəklində düzülüşündən ibarətdir və özünəxas fəlsəfəyə malikdir. Əsər 2023-cü ildə "Alovun ahəngi" adlanan fərdi sərgidə nümayiş olunub.
- Əsərin kompozisiyası necədir?
- Tabloda Malıbəyli kənd əhalisinin yarımçıq qalmış həyatı, fonda görünən qızılı rənglərdə isə xalqın zənginliyi və hər şeyin yenidən bərpa olunacağı vurğulanır. Burada qarabağlıların zəngin xalçaçılıq bacarıqları tərənnüm edilir. Əsərdəki ecazkar naxışlar, sirlərlə dolu elementlər və bu elementlərlə əks qütbdə dayanan realizm qaynayıb-qarışır. Kompozisiya baxımından əsərdə naxışlarla bərabər, alovun ahəngi də vəhdət təşkil edir.
- Bəs rəng həlli haqqında nə deyə bilərsiniz?
- Qarabağın zənginliyi, təbiəti, iqlimi, mədəniyyəti, məişəti əsərin koloritində öz əksini tapıb. Qarabağ xalçalarının forması uzunsov, rəng-boyaq palitrası isə olduqca zəngindir. Burada əsas fon qızılı rənglə, xalça naxışları isə al qırmızı, palıdı, qızılı, çəhrayı, sarı, qırmızı, tünd qırmızı rənglərlə işlənib. Qızılı rəng zənginlik rəmzi olaraq əsərdə daha çox gözə çarpır. Mövzularında Azərbaycanın milli-mənəvi dəyərlərinə, xalça, buta, nar kimi atributlara müraciət edən rəssamın müxtəlif naxışlardan hörülmüş kompozisiyaları sanki şəbəkəni xatırladır.
Gənc rəssam "Buta", "Naxışlı narlar", "Düşüncə", "Qarabağ xalçası" və başqa əsərlərini zəngin rəng çalarlarından, eləcə də tamaşaçılarda dərin emosional reaksiya doğuran naxışlardan istifadə etməklə yaradıb. Milena Nəbiyeva el sənəti nümunələrimiz kətana həkk etməklə göz oxşayan ornamentləri dəqiqliklə işləyir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Rəssam doğma Qarabağın tarixi abidələrini "Xudafərin körpüsü", "Kəlbəcərdə payız səhəri", "Qarabağ xalçaları" silsiləsindən "Çələbi" xalçası, "Xanlıq" xalçası kimi əsərlərdə təsvir edib.
Bu rəsmdə isə müəllif Qarabağın Malıbəyli kəndinin taleyini, müharibənin gətirdiyi dağıntıları, insanların məcburi köçkünlük həyatını təsvir edir. Əsər Qarabağ müharibəsinin təsirlərini və vətənpərvərlik hisslərini dolğun ifadə etməklə həm hüzn, həm də ümid doğurur.
Aytac SAHƏD