|
|
|
|

İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubundakı Dahiye bölgəsinə ardıcıl 3 şiddətli hava hücumu həyata keçirib.
525.az “CNN TÜRK”ə istinadən xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi (NNA) hücumların Hureyk bölgəsini hədəf aldığını və hücumların çox şiddətli olduğunu bildirib. Hücumlardan sonra bir çox binanın dağıldığı, ətrafdakı binalara ciddi ziyan dəydiyi bildirilib.
Hücumlardan birinin bələdiyyə binasının arxasını hədəf aldığı, sonuncu hücumun isə xəbərdarlıq edilmədən bir binaya edildiyi bildirilib. Hücum zamanı ölən və ya yaralanan olub-olmadığı barədə məlumat paylaşılmayıb.
Qeyd edək ki, İsrail Ordusunun sözçüsü Aviçay Adraee "X" hesabından 2 xəritə paylaşaraq qarşı tərəfi hücumla hədələmişdi. Adraee, sözügedən xəritələrdə qeyd olunan ərazilərin Hizbullah obyektləri olduğunu iddia edərək, işarələnmiş ərazilərdən ən az 500 metr uzaqlaşmaq barədə xəbərdarlıq edib.
Ləman İlkin



