- Üstündən illər keçib, ancaq sizin adınız çəkiləndə ilk xatırladığım "Yanmış körpülər"dəki müstəntiq olur. Bilirəm ki, o dövrdə çəkmək də çətin idi, çəkilmək də. Maraqlıdır, bütün çətinliklərin qarşısında sizin əsas motivasiyanız nə idi?
- Sevgi. Başqa nə ola bilərdi ki? O dövrdə seriallarda oynamaq çox çətin idi. Təsəvvür edin, serialları bir kamera ilə çəkirdilər. Bir səhnəni neçə rakursda oynayırdıq. İndi səni iki-üç kamera ilə çəkirlər. "Yanmış körpülər"in dövründə həm maliyyə baxımından problemlər vardı, həm də seriala düşmək çətin idi. Ancaq biz yenə də çəkilirdik. Özümü bəxtəvər sayıram ki, ölkədə seriala çəkilən beş aktyor varsa, onun biri mənəm. Bu cəhətdən heç vaxt çətinliyim olmayıb.
- Gəlin nəzərə alaq ki, burada istedadınızla yanaşı, zahiri görkəminizin də rolu olub.
- Mən indi də yaraşıqlıyam (gülür). Aktyora sənət də vacibdir, görünüş də. Elə aktyor var ki, çox yaraşıqlıdır, ancaq içi boşdur. Pərdə açılır, bir neçə dəqiqə yaraşığına baxırlar, sonra görürlər ki, oyunu alınmır. Məsələn, Türkiyə seriallarına baxın, rol alanların çoxu modellərdir. Bizim aktyorlarımız onlardan qat-qat üstündür.
- Hətta?
- Əlbəttə. Artıq bizim seriallarımız Türkiyənin serialları ilə ayaqlaşa bilər. Sadəcə onlarda müasir texnikalar var. Bizim aktyorlar qılınc oynadıb at belində filmə çəkiliblər. Köhnə kinolara baxanda hər şey məlum olur. Bizim aktyor məktəbimiz olub.
- Bəs bu gün necə? Sizcə, film, serial sektorunda mövcud vəziyyət qənaətbəxşdirmi?
- Əlbəttə. Çox yox, on beş il qabaqla müqayisədə xeyli inkişaf var. Əvvəllər filmlər gec-gec çəkilirdi. Birindən pul alanda o birindən ala bilmirdik. Sizə bir hadisə danışım. Deməli, çəkilişdən öncə bizə dedilər ki, filmi çəkək verək efirə, bəyənsələr, ikinci hissəni çəkərik. Onda sizin pulunuzu verəcəyik. İş elə gətirdi ki, nə serial bəyənildi, nə də bizim pulumuzu verən oldu. Söhbət yaxın keçmişdən gedir. Həmin dövr idi ki, əlinə kamera alan başlayırdı serial çəkməyə. Ancaq indi kimsə səni dəvət edəndə onun gördüyü işlərə, çəkdiyi filmlərə baxırsan. Bir sözlə, indi seçim etmək imkanı var. Əvvəl bu imkanımız yox idi. Hardansa dəvət gələndə sevinirdin ki, səni filmə çəkəcəklər.
- Bəs seriallarla bağlı tez-tez səslənən bayağılıq ittihamı?
- Əlbəttə ki, bu da var. Ancaq keyfiyyətli işlərin də sayı artır. Bu gün elə seriallarımız var ki, özüm çəkilməsəm belə, izləyirəm.
- Məsələn?
- Məsələn, "Xəyanət" serialı. Bilirsiniz, əsas olan hekayədir. Ssenari yaxşıdırsa, hər şey yoluna düşəcək. Burada boşluq olanda, nə etsən də, xeyri yoxdur.
- Son dövrlərdə sizi seriallarda görmürük.
- Mən ötən mövsüm serialda oynayırdım. Düşünürəm ki, bir müddət sifət dincəlməlidir. Yoxsa ki, bir serialdan çıx, get o birinə... Müəyyən müddət sima unudulmalıdır ki, başqa serialda səni maraqla qarşılasınlar.
- Bəs sifət dincələndə aktyor nə ilə dolanmalıdır?
- Biz təkcə serialla dolanmırıq axı. Aktyorlar başqa filmlərə, tədbirlərə də gedirlər. Allaha şükür, teatrdan da maaş alırıq.
- Teatrda işləriniz necə gedir?
- Çox yaxşı. Teatrımızın direktoru Naidə xanım İsmayılzadə çox kübar, teatr bilikləri zəngin insandır. Həmişə gənclərə, ümumilikdə kollektivə qarşı çox həssas və qayğıkeş yanaşır. Bu da təbii ki, şəxsən yaradıcı insan kimi mənə stimul verir. Biz nə qədər desək də ki, aktyoruq, rolu biz yaradırıq, ancaq etiraf etməliyik ki, səmərəli fəaliyyət üçün rəhbərliyin qayğısı, xoş münasibəti çox vacibdir. Kollektivimiz olduqca mehribandır. Bu yaxınlarda Xalq artisti Cənnət Səlimovanın quruluşunda "Qaraca qız" tamaşasını təhvil verdik. Orada "Oruc" rolunda çıxış edirəm. Mənim xasiyyətimin tam əksi bir obrazdır. Sərt, çılğın, qorxulu bir insanı oynayıram.
- Teatr fəaliyyətinizdən danışarkən həmişə "Mən, sən, o və telefon"dakı "Seymur" obrazını xüsusilə fərqləndirirsiniz. Nədir bu bağlılığın sirri?
- Söhbət açılmışkən, deyim ki, hazırda Anarın sözügedən əsərinin motivləri əsasında mono tamaşa hazırlamaq istəyirik. Niyyətimiz "Mədinə"nin həyatda olmadığı dövrü canlandırmaqdır. O əsər elə bir əsərdir ki, aktyoru hekayəsi oynadır. Mən o rola o qədər bağlanmışdım ki... (fikrə gedir). Deməli, o tamaşanın final səhnəsində Seymur Mədinəyə deyir ki, "Mən səni sevirəm, səninlə ailə qurmaq istəyirəm". O da "Sus" deyib gedir. Ancaq həmişə o səhnəni oynayanda hiss edirdim ki, bu cavab nəsə yaxşı səslənmir. Həmin ərəfədə parkda gəzərkən təsadüfən gördüm ki, qızla oğlan qucaqlaşıb bir-birinin qulağına nəsə deyirlər. Bu səhnə məni təsirləndirdi. Tamaşanı oynayanda Mədinə obrazını canlandıran aktrisaya əvvəlcədən dedim ki, bu dəfə sənə bir sürprizim olacaq. Tamaşa zamanı Mədinə "Sus" deyəndə onu özümə çəkib öpdüm. Bunu eləyəndə zal qalxdı ayağa. Dedilər ki, bunu birinci tamaşada etmək lazım idi.
- Deyəsən, qızı öpməyə bəhanə lazım imiş...
- Əlbəttə ki, müəyyən çərçivədən çıxmamaq şərtilə bu kimi addımlar atmaq olar. Bilirsiniz, hər tamaşa özünəməxsus yanaşma tələb edir, bütün rolları eyni oynamaq olmur axı. Məsələn, bizim uşaqlar üçün "Şirinlər" tamaşamız var. Orada mən "Şirin baba" rolunu ifa edirəm. Həmin obrazı hər dəfə başqa cür oynayıram.
- Heç şirinliyiniz yoxdur ancaq, çox zəhmli adamsınız.
- Hə (gülümsəyir). Məni əvvəlcədən tanımayan dostlarım deyir ki, kənardan heç kimi saymayan, özündən razı görünürsən, ancaq tanıyandan sonra məlum olur ki, çox kövrək adamsan. Həqiqətən də beləyəm. İnanın, mən kiminsə qəlbini sındıranda həmin gecəni yata bilmirəm. Gözləyirəm ki, səhər açılsın, onun könlünü alım.
- Deməli, görkəminiz aldadır. Həm də təkcə dostlarınızı yox, rejissorları da. Nədənsə sizi çox vaxt mənfi obrazda görürük.
- Əslində, əvvəllər daha çox müsbət rollarda çıxış edirdim. İllər öncə seriallardan birində yenə müsbət rol təklif etdilər. Bu dəfə dedim ki, mənə ancaq müsbət obraz verirsiniz, imkan verin mənfi rolda da özümü sınayım. Necə oldusa, həmin serialdan sonra, ancaq mənfi obrazlarda oynadım.
Dediyim kimi, mənə görə filmdə əsas olan hekayədir. Hekayə yoxdursa, uğurlu iş ərsəyə gətirmək çətin olur. Bu yaxınlarda bir nəfər zəng edib mənə dedi ki, analoqu olmayan bir serial çəkirəm. Soruşuram ki, bu analoqu olmayan serialın adı nədir? Deyir, "Qladiator". Deyirəm qurban sənə, qladiator vaxtıdır? Bu cür mövzular istəyirsənsə, öz qəhrəmanlarımızdan çəkək də. Deyir yox, mən belə istəyirəm. Deyirəm yaxşı. Söhbət maliyyə məsələsinə gələndə deyir ki, öz hesabımıza çəkirik, dəstəyinizə ehtiyacımız var, bizdən pul istəməyin. Deyirəm pul yoxdursa, nə məcburdur bunu çəkirsiniz. Pul olmayan yerdə qeyri- peşəkarlıq görünəcək axı.
- Sizcə, bu, çox kəskin yanaşma deyil?
- Xeyr. Hər kəs öz iş ilə məşğul olmalıdır. Mən öz peşəmdən çıxış edərək bunları deyirəm. Bir ara belə bir tendensiya yayılmışdı. Film çəkilirdi, baxırdın ki, rejissoru filankəs, aktyoru həmin filankəs, operator da həmin filankəs. Belə olan halda sən nə çəkib, nə oynayacaqsan?
- Nə vaxtsa özünüzü rejissor kimi sınamaq istəmisiniz?
- Yox, istəməmişəm. Bildiyim bir sənət deyil. Bu yükün altına girib kimlərisə səhnəyə çıxarıb biabır eləmək istəmirəm. Mən ürəyimdəki tikanı aktyor kimi çıxarıram.
- Rəşad bəy, tez-tez tələbələrinizin uğurları haqqında eşidirik. Necə oldu ki, müəllimlik fəaliyyətinə başlamaq qərarına gəldiniz?
- O vaxt bu, özümü sübut etmək tələbatından irəli gəlirdi. Sanki özümü təsdiq ehtiyacı hiss edirdim. Bu niyyətlə də başlamışdım. Hətta əvvəllər uşaqları pulsuz hazırlayırdım. Onlar da qəbul xəbərləri ilə məni sevindirirdi. Bir də ayıldım ki, otuz-qırx tələbəm var. Onların uğurları məni çox sevindirir. Artıq əksəriyyəti bu sahədə fəaliyyət göstərir. Teatrda mənimlə bərabər çalışan tələbəm var. Onlarla fəxr edirəm.
- Həyat yoldaşınız da aktrisadır.
- Bəli. Bakı Uşaq və Gənclər Teatrında işləyir.
- Səhv etmirəmsə, xanımınız təzəlikcə işləməyə başlayıb.
- Hə. Çox əvvəllər mənimlə bir teatrda çalışırdı. Sadəcə sonra baxdıq ki, belə olmayacaq. Qucağımızda uşaq avtobusda teatra gedib-gəlmək alınmırdı. Uşaqlara görə işdən çıxmağa qərarı verdi.
- Mən elə bilirdim səbəb sizin qısqanclığınız olub.
- Yox, əsas səbəb bu idi. Qısqanmağa gəldikdə isə... Bilirsiniz, zamanla insanın düşüncələri dəyişir. Hadisələrə daha müdrik yanaşırsan. Yaş keçdikcə bir çox şeyə başqa cür baxmağa başlayırsan. Məndə də belə olub.
- Övladlarınız da incəsənətlə məşğul olur?
- Üç qızım var. Böyük qızım Aysu İncəsənət Universitetinin televiziya rejissorluğu fakültəsini bitirib. Ortancıl qızım da dizayner təhsili alır. Balaca qızım isə doqquzuncu sinifdə oxuyur. O, həkim olmaq istəyir.
- Artıq 25 ildir ki, sənətdəsiniz. Ancaq hələ fəxri adınız yoxdur. Bu, sizdə müəyyən qədər inciklik yaratmır ki?
- Tədbirlərdə, verilişlərdə məni çox vaxt Əməkdar artist kimi təqdim edirlər. Deyirəm mən hələ əməkdar deyiləm. Məncə, yaradıcı insan sadəcə yaradıcılığı ilə məşğul olmalıdır.
- Yəni heç inciklik yoxdur?
- Nə gizlədim, bir balaca incikliyim var. Ancaq hər şey göz qabağındadır, ümidvaram bir gün qiymət veriləcək.
- Çox nikbin adamsınız.
- Qətiyyən ağlaşma qurmaq fikrim yoxdur. Bilirsiniz, mən çox çətin günlər görmüşəm. Ən aşağı təbəqədən gəlirəm. Xüsusilə də, tələbəliyim çox çətin keçib. 1992-ci ildə atam Qarabağda yaralanıb gəldi. Ailə başçısı yataqda olan bir ailənin dolanışığını siz təsəvvür edin. O qədər kasıb idik ki, instituta gəlib-getməyə yolpulum olmurdu. Gündüzlər dərsdə olurdum, gecələr mühafizəçi işləyirdim. Mən təklikdən qorxan adamam. Həyat məni elə məcbur etmişdi ki, böyük bir fabrikdə gecəni tək qalırdım. Anamın qırmızı corablarını geyinib, dermantin cırıq ayaqqabını öz əllərimlə tikib dərsə gedirdim. Bir dəfə qrup yoldaşım İsmayıl qışda əynimdə yay şalvarı görüb soruşdu ki, Rəşad sən kasıbsan?
- Elə belə də dedi?
- Bəli, elə belə də soruşdu. Dedim görmürsən? Sabahı gün evindən mənə bir şalvar gətirdi. Əgər həmin Rəşad bu gün yaşaya bilirsə, üç qız böyüdürsə, heç bir çətinliyi yoxdursa, bu sənətdən necə gileylənsin?
Aytac SAHƏD