Şübhə eləmirəm, gələcəkdə araşdırmaçılar tariximizin 1987-2007-ci illərini ayrıca dövr kimi öyrənəcəklər. Ömrünün şüurlu çağı bu illərə düşən bizim nəslin həyat yolunu Azərbaycan xalqının yaşadığı ən ağrılı-acılı dönəmlərdən biri kimi tədqiq edəcəklər.
Niyə məhz sərhədini təxmini cızdığım bu 20 ili belə əminliklə deyirəm? Çünki bilirəm, Qarabağ münaqişəsinin başladığı və sonuncu qaçqın düşərgəsinin ləğv edildiyi bu 20 ildə Azərbaycan xalqının yaşadığı faciələri, indi yaşadığım İsveç toplumu 200 ildə görməyib.
Günel Mövludun "Düşərgə" roman-bioqrafiyasının hər səhifəsini çevirəndə elə bilirsən onunla paralel Varlam Şalamovun "Kalım hekayələri"ni də oxuyursan. Nə bilim, mənə belə gəldi. Həyatın dibinə çökməyə məhkum edilmiş düşərgə adamlarının ömür hekayətlərini oxuyurmuş kimiydim. Totalitar sovet sisteminin qurduğu düşərgədən çıxıb qurbanlar bahasına müstəqillik qazanmış ölkədə azad yaşamağa ümid edən insanların bu dəfə başqa düşərgələrə (müharibənin saldığı qaçqın düşərgəsi, müharibə xofunun hökm sürdüyü ona bitişik qonşu düşərgə) düşdüyünü görürsən.
Real həyatda olduğu kimi, virtual aləmdə də hər ölkə cameəsinin ovqatını, psixoloji durumunu, mənəvi dünyasını, düşüncə vektorunu, dünyaya baxışını, zövqünü duymaq mümkündür. O baxımdan mənim həyatda da, dediyim o dünyada da Azərbaycan və İsveç insanını görmək, hiss etmək imkanım var. Düşərgə adamını az qala yeddi arxa dönəni azad toplumda yaşamış insandan rahat seçə bilirəm.
"Düşərgə adamı" deyəndə "Şalamovun düşərgəsi"ndən çıxıb "Günelin düşərgəsi"nə, "ona bitişik qonşu düşərgəyə" düşmüş kəsləri nəzərdə tuturam. Özüm kimi, sənin kimi, o coğrafiyada doğulan hər kəs kimi.
Günel Mövludun "Düşərgə"si Vüsalə Məmmədovanın "Cəhənnəmdə çığırtı"sından sonra həyatımız haqda oxuduğum ən ağrılı kitabdır. Oradakı hər insan taleyi bir romana mövzu, bir filmə süjetdir. Hələ ürəyini beynəlxalq humanitar təşkilatın əməliyyat etdirdiyi balaca Vurğundan, saxlamağa gücü yetmədiyinə görə onu həmin təşkilatın nümayəndəsinə övladlığa verməyə hazır olan tənha anasından danışmıram.
Böyük bir yazıya köklənmişdim, "Persona" kitabında topladığım "Adamlar və kitablar" silsiləsindən olan bütün yazılar kimi, bu kitabı da yeni yazıya təkan bilib qaçqın düşərgələrində gördüklərimdən, eşitdiklərimdən yazacaqdım. Alınmadı, bu yazıdan o yana keçə bilmədim.
Gah o kitabdakı adamlar gəlib durdular gözümün qabağında, gah da şahidi olduğum neçə-neçə insan öz faciəsiylə. Bu qaranlıq şimal günlərində haldan hala saldılar məni.
Bir yandan da uşaqlığın şirin 5 ilini o müdhiş düşərgənin acı günləriylə yaşamış, bu gün sanki o məkandan, o zamandan qaçırmış kimi qürbətin, uzaq Norveçin şimal qaranlığında balasının işıqlı sabahına ümidli ana, gözünün dərinliyindəki kədəri təbəssümünün belə gizlədə bilmədiyi yazıçı, şair qadın - Günel Mövlud!
lll
Müəllifə sağ ol deyib bitirirəm bu yazını, düşərgəsiz yaşayacaq gələcək nəsillərə bizim çağlardan xəbər yolladığına görə.
Helsinqborq, İsveç