Teatr rejissoru çox vaxt orkestri idarə edən dirijorla müqayisə olunur. Necə ki, dirijor müxtəlif musiqi alətlərinin dəyişik çalarlarını, xüsusiyyətlərini bilmədən orkestri idarə edə bilməzsə, teatr rejissoru da müxtəlif sənət sahələrini bilmədən bu işin öhdəsindən peşəkar səviyyədə gələ bilməz. Rejissor bir yazıçı, rəssam və şair qədər yaradıcı olmalıdır. Yaşadığı bütün çətinliklərə baxmayaraq, müasir Azərbaycan teatrının gerçək peşəkar, sənət fədaisi adlandıra biləcəyimiz yaradıcı rejissorları var. Onlardan biri də Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Samir Qulamovdur.
- Bu gün teatr rəhbərlərinin əksəriyyəti Azərbaycan teatrının mövcud vəziyyətində heç bir problem görmürlər sanki. Sizcə teatrlarda nə dəyişməlidir?
- Çox şey... Ən əsası da bəzi teatr rəhbərləinin təfəkkürü dəyişməlidir. Teatra rəhbərlik edən insan teatrı sevməlidir. Teatrın baş rejissoru teatrı gözəl bilməlidir, uzun illərin peşəkar rejissoru, ustadI olmalıdır ki, tabeçiliyində işləyən digər quruluşçu rejissorlar da aktyorlar, da ona tabe olsun.
Bu mütləq belə olmalıdır. Əks halda mənzərə dəyişə bilir. Bir çox teatrlarımızda bu, ən problemli məsələ olaraq qalır. Təəssüf ki, hazırkı teatr mühitində teatrı sevən, ora şəxsi mülkiyyəti kimi yox, sənət məbədi kimi yanaşan rəhbərlər də azdır. Teatr rəhbərliyinin repertuar seçimində məsləhət almalı olduğu ədəbiyyat mütəxəssisləri, hər tamaşaya bir layihə kimi yanaşan prodüser qrupu, PR məsələləri ilə yüksək səviyyədə məşğul olmağı bacaran komandası olmalıdır. Hər bir aktyorun 5 illik inkişaf perspektivləri planı hazırlanmalıdır. Dünən teatra işə qəbul edilən, universiteti yenicə bitirmiş gənc aktyor bu gün baş rol oynamamalıdır, səhnədə püxtələşməlidir.
- Teatrın həyatınızdakı yeri və əhəmiyyətini necə ifadə edərdiniz?
- Teatr mənim üçün, həqiqətən, mədəniyyət məbədidir. Bütün incəsənət sahələrinin bir araya gəldiyi, qovuşduğu, bir hədəfə vurduğu yeganə məkandır. Fikir verirsinizsə, heç kəs teatra arxa oturacaqda qucaqlaşmağa gəlmir. İnsanlar teatra gələndə ən gözəl geyimlərini geyinib gəlirlər. Teatr insanlara tarix, ədəbiyyat, zövqlü musiqi dinləmək təbliği ilə yanaşı pisi pis, yaxşını yaxşı kimi tanımağı öyrədir. Teatr milli mənəvi dəyərlərin ən böyük təbliğat məkanı olmalıdır. Təbii ki, teatrın insanlara nəyi necə təqdim etmək bacarığı çox əhəmiyyət daşıyır. Libretto müəllifi və quruluşçu rejissoru olduğum “Paris Notr-Dam kilsəsi" əsərində Hüqonun əsas məqsədi fiziki qüsurlu olan Kvazimodonun timsalında ali insan nümunəsi göstərmək olub, məncə. Keşiş Frolonun qaraçı qızı Esmeraldaya olan ehtirası da, gənc şair Qrequarin sevgisi də, cəmiyyətdə baş verən neqativ hallara etirazı da Hüqo üçün əsas məqsədin təbliği üçün bəhanə idi. Mən də o əsərə quruluş verdiyim zaman bu məqama daha həssas yanaşmağa çalışmışam. Əgər rejissor olaraq məqsədimə çata bilmişəmsə, bu mənə bəs edir.
- Teatrı keçmiş və indiki zamanla müqayisə etdikdə hansı fərqlər qabarıq görünür?
- Əvvəllər teatr səhnəsinə hər zəif əsər yol tapa bilməzdi. Böyük səhnədə debütant rejissorlara eksperiment etmək imkanı verilməzdi. Tamaşaçı müəyyən məbləğdə pul ödəyib bilet alıbsa, yaxşı tamaşaya baxmaq ixtiyarı var. Eksperiment üçün teatrların kiçik səhnələri mövcuddur. O səhnələr məhz bu işlər üçün nəzərdə tutulub. 152 yaşına qədəm qoyan qocaman Azərbaycan teatrının ən əsas səhnəsində eksperiment etmək teatra xəyanətdən, qeyri-peşəkarlıqdan başqa bir şey deyil. Təxminən 7-8 il əvvəl teatrların birində bir tamaşaya baxdım. Tamaşanın leytmotiv musiqisi “Can-cana” mahnısı idi... Hər bir teatr işçisi işə gələndə bir daha çalışdığı teatrın adı yazılan lövhənin üstünü diqqətlə oxumalıdır və ona göstərilən etimadın nə qədər əhəmiyyətli olduğunu hər gün biraz da dərk etməlidir.
- Rejissor olaraq cəmiyyət qarşısında məsuliyyət daşıdığınızı düşünürsünüz?
- Təbii... Teatr ictimai şüurun istənilən tərəfə istiqamətlənməsi baxımından çox ciddi rol oynayır. Ona görə də teatr rəhbərləri ilə yanaşı rejissorların məsuliyyəti də kifayət qədər ciddi olmalıdır.
- Teatr mühitində ədalətsizliklə üzləşmisiniz?
- Ömrunun 20 ilindən çoxunu teatra bağlamış bir teatr adamı üçün ağıla gələ biləcəkdən daha çox! İşlədiyim teatrlarda hər zaman, ədalətsiz qərarlara, teatr adamının gördüyü işə qeyri-peşəkar yanaşmasına qarşı çıxmışam. Əslində bu haqda çox danışmaq istəmirəm. Bilirsiniz ki, mənim teatr fəaliyyətim Akademik Milli Dram Teatrından başlayıb. 13 il işləmişəm orada. Ən çox haqsızlıqla da ilk orada qarşılaşmışam. Bəlkə də dünyada yeganə insanam ki, haqqımda 36 əsassız ərizə, izahat var idi. Yeri gəlmişkən, 22 yaşımda Süleyman Sani Axundovun "Eşq və intiqam" əsərində oynadığım Səfi bəy obrazına görə Həsənağa Turabovdan rəsmi təşəkkür alan yeganə gənc aktyor olmuşam. Turabov nəhəng sənətkar olmaqla yanaşı həm də çox böyük şəxsiyyət idi.
- Nəyə etiraz edirdiniz?
- 55 yaşlı aktyora 18 yaşlı gənc oglan obrazı verirdilər. Mən bu cür halları qəbul edə bilmirdim. Mənə görə, bu, tamaşaçıya qarşı hörmətsizlikdir.
Peşəkar teatr dərnək deyil axı. Ağarmış saçlarla, qırışmış üzlə, oynadığın gənc əsgər obrazı nə qədər uyğunluq təşkil edir? Etiraz edirdim, “belə olmalı deyil” deyirdim. Deyirdilər, sən teatrın fəaliyyətinə mane olursan. Sonrası da məlumdur. Teatrdan öz ərizəmlə ayrıldım. Mən teatrı o cür görmək istəmirdim. Ömrümün ən gözəl illərini verdiyim, çox sevdiyim teatrdan üz döndərməli oldum.
Qeyd edim ki, məni Akademik Milli Dram Teatrına böyük sənətkarımız Həsənağa Turabov qəbul etmişdi. Mənim üçün çox dəyərli xatirəsi var həmin anın. Heç bir müsahibədə bu barədə danışmamışam. Universiteti yenicə bitirmişdim. Arzum yalnız Akademik Milli Dram teatrında işləmək idi. Bir aydan çox teatrın xidməti qapısının qarşısında o vaxt teatrın direktoru və bədii rəhbəri Xalq artisti Həsənağa Turabovu gözləyirdim. İstəyirdim yaxınlaşıb xahiş edim ki, məni teatra işə qəbul etsin. Nəhayət teatrın muhafizəçisinin sanki yazığı gəldi mənə. Gizlincə məni Həsənağa müəlimin otağının qarşısına apardı. Qapını döyməyə cəsarət etmədim. O məni qəbul etməyə də bilərdi. Uzaqdan gördüm, gəlir. Qapısının qarşısında, tanıyırmış kimi, mənimlə çox səmimi görüşdü, soruşdu, burda neynirsən, nəsə lazımdır? Bildirdim ki, sizinlə görüşməyə gəlmişəm, burda işə düzəlmək istəyirəm. Dedi, keç içəri. Otaqda iclas idi. İçəridə Xalq artistləri Azərpaşa Nemətov, Səyavuş Kərimi və başqa sənətkarlar var idi. Təhsilimlə bağlı sorğu-sualdan sonra müavini çağırıb dedi, bu oğlanı ştata götür, bu gündən də əmrini ver. Müavin bildirdi ki, ştatda yer yoxdur. Həsənağa müəllim fikrə getdi. Sonra müavinə dedi: “Sən belə elə... Məni aktyor ştatından çıxart, Samiri ştata götür”. Bilirsiniz bu nə demək idi? Kim öz ştatını, tanımadığı bir gəncə verərdi? Bunu yalnız Həsənağa Turabov kimi nəhəng ürəkli sənətkar edə bilərdi. Mən onun ruhuna borcluyam.
- Teatra sadiq, sizə etibar edən tamaşaçı kütləniz varmı və bunu necə müəyyənləşdirisiniz?
- Mən öz tamaşaçılarımdan çox razıyam. Quruluş verdiyim “Paris Notr-Dama ithaf”, “Leyli və Məcnun” tamaşalarında hər dəfə anşlaq olursa, biletlər son yerə qədər satılırsa, tam əminliklə deyə bilərəm ki, sırf mənim tamaşalarımın sadiq tamaşaçı kütləsi var və onlar mənim imzam olan işləri çox sevirlər. Hətta bir dəfə Mədəniyyət Nazirliyinə şikayət məktubu da yazmışdılar ki, biz həmin tamaşalara bilet tapa bilmirik. Bu sarıdan, rejissor kimi indiyədək çalışdığım heç bir teatrda belə narahatlığım olmayıb. Tamaşalarımda hər zaman anşlaq olub. Bu da mənə daha uğurlu işlər görmək üçün xüsusi sövq verir.
- Tamaşaçınızı məmnun etdiyiniz qədər teatrşünasları da razı sala bilirsiniz?
- Mən tamaşa hazırlayanda heç vaxt fikirləşmirəm ki, hansısa teatrşünas tamaşanı bəyənəcək, yoxsa yox. Onda işləmək olmaz, insan hansısa qəlibə düşər. Teatrşünas xofu rejissorun düşüncələrini bir yerə toplamasına mane olar. Bizim teatra bütün sahələrdə çalışan insanlar gəlir. Əgər tamaşa bitəndə bütün zal ayağa qalxıb aktyorları ayaq üstə alqışlayırsa, deməli, düz yoldasan. Hətta deyərdim ki, bəzən teatrı teatrşünas qədər bilən tamaşaçılar olur.
- Peşəkar fikirləri, tənqidləri sizin üçün əhəmiyyətli deyil?
- Əgər o peşəkar qərəzlidirsə mən o fikirləri qəbul etmirəm. Təəssüf ki, belə hallar həm mənə qarşı, həm digər rejissorlara qarşı çox olub, olacaq da. Bəzən elə rejissorlar haqqında yalnız tərifə hesablanmış məqalələri yazırlar ki... Tərifə layiq olan böyük sənətkarlarımız olub, bu gün də elə sənətkarlar var. Dünyasını dəyişənlərin ruhundan, sağ olanların isə özündən utanmaq lazımdır, məncə.
- “Leyli və Məcnun” a yeni quruluş verdiniz. Sizin “Leyli və Məcnun” nə ilə fərqlənir?
- Artıq iki ildir ki, "Leyli və Məcnun" teatrın repertuarına daxil edilib. Hər zaman tamaşada anşlaq olur. “Mədəniyyət” kanalında dəfələrlə nümayiş olunub. TÜRKSOY Beynəlxalq Teatr Festivalının bağlanışında Mədəniyyət naziri Adil Kərimlinin göstərişi ilə "Leyli və Məcnun" nümayiş olundu.
Dövlət sifarişi ilə çəkilən, Vətən Müharibəsindən bəhs edən "44" adlı böyük bir film layihəsində bizim "Leyli və Məcnun" tamaşamızdan səhnələr də lentə alındı. Məncə, bunlar kifayət qədər ciddi uğurlardır. Opera və Balet Teatrının səhnəsində oynanılan “Leyli və Məcnun” klassika, antikvardır. Biz bu tamaşaya daha çox gənc nəsli cəlb etməyi arzulayırdıq. Müasir gəncləri bir neçə saat davam edən muğam ifaları ilə maraqlandırmaq çətin görünürdü. Yanaşmamız fərqli oldu. Muğam ifaları ilə yanaşı, aktyor oyununu da qabartıq. Bizim tamaşanın İbn Salamı da Leylini Məcnun qədər sevir. Amma o, hissinin qurbanı olmur. Bütün varlığı ilə ağlına tabedir. Təhsil problemini, erkən nikah problemini qabartmışıq. O dövrün qadına olan münasibətinə etiraz etdik biz. Məcnunun anası və Leylinin atasının timsalında valideyn-övlad münasibətlərinə toxunduq.
- Sizin bu əsərə daha müasir yanaşmanızı gözləyirdim.
- Mən klassikaya müasir yanaşmanın əleyhinəyəm. Bunun üçün kifayət qədər müasir əsərlər var. Klassika qorunmalıdır. Sadəcə hadisələrə və obrazlara baxış fərqli ola bilər. Bu gün “Leyli və Məcnun” tamaşasına gələnlərin əksəriyyəti gənclərdir. Mən tamaşa zamanı zalın yan qapısından tamaşaçıları müşahidə etməyi sevirəm. Elə müasir görünüşlü gənclər gəlir bu tamaşaya, adamın inanmağı gəlmir ki, bu cür müasir gənclər oturub uzun müddət muğam ifaları dinləyə bilə. Amma 74 dəqiqəlik tamaşanı heyranlıqla izləyirlər. Libretto üzərində çox dəyişiklik etmişəm. Musiqiləri isə teatrımızın orkestirinin rəhbəri əməkdar incəsənət xadimi Fəxrəddin Atayev və Əməkdar artist tarzən Elxan Mansurovun iştirakı və məsləhətləri ilə ixtisar etmişik. Daha yığcam, eyni zamanda aydın tərzdə və əsərə xələl gətirmədən bu işi görməyə çalışdıq. Hətta Fərhad Bədəlbəyli kimi böyük bir sənətkar muğamlararası keçidlərin redaktəsinin çox düzgün olduğunu deyirsə və librettonun redaktəsini tərif edirsə bu çox sevindirici haldır bizim üçün.
- Tez-tez səslənən fikirlərdən biri də budur ki, teatr müasirləşməlidir. Siz necə düşünürsünüz bu barədə?
- Mən bu fikri qəbul etmirəm. Əksinə, düşünürəm ki, teatrı 60-70-80 ci illərə, Mehdi Məmmədovun, Tofik Kazimovun, Ədil İskəndərov dövrünə qaytarmaq lazımdır. Bu gün də o tamaşalara baxanda görürsən ki, hər biri bizim dövrümüzlə səsləşir. “Meşanlar”, “Dəli yığıncağı”, “İblis”, “Otello”, “Hamlet” bunların hər biri bütün zamanlarda aktual olan tamaşalardır. Navatorluq da olmalıdır. Amma baxır hansı teatrda və hansı əsərdə. İstehsalata verilərkən əsərlərin bədii keyfiyyətləri müəyyən edilməlidir. Müasirlik çox vaxt səhv anlaşıla bilər. Bəzən də rejissorları çaşdırır. Bu portret çəkə bilməyən rəssamın abstrakt rəsmlər çəkməyə başlamasına bənzəyir. Bununla da bilmədiklərini gizlətməyə çalışırlar.
- Akademik Musiqili Teatrı əvvəl sırf komediya janrında fəaliyyət göstərib və teatrın aktyorları əsasən komediya aktyorlarıdır. Bu sizə hansı çətinlikləri yaradır?
- Əvvəl biraz çətin oldu. Mən də elə bir çox aktyorlar da. Çox əziyyət çəkdik. Uzun illərin bərkimiş, möhürlənmiş özünə məxsus repertuarı olan bir teatr birdə-birə yeni janra müraciət etmişdi. Hətta “Paris Notr-Dama ithaf”əsərinə görə etirazlar da var idi teatr daxilində. Onlar bildirirdlər ki, bu bizə lazım deyil. Amma sonradan fikirlər dəyişdi. Onu da qeyd edim ki, teatrımızın kifayət qədər dəyərli sənətkarları və teatrı sevən gənc istedadlı aktyorları var. Bu da çətinlikləri tez dəf etməkdə bizə kömək oldu.
- “Paris Notr-Dama ithaf”ı, deyəsən, yaradıcılığınızın şah əsəri hesab edirsiniz?
- Rejissor kimi böyük uğur gətirib mənə. Əslində bütün tamaşalarım mənə əzizdir. Hələ planda olan, istehsalata hazırladığımız pyesi də indidən sevməyə başlamışam. Arzularım, planlarım çoxdur.
- Tamaşa hazırlayanda aktyorları özünüz seçirsiniz?
- Əsasən özüm seçirəm. Düzdü özüm seçmədiyim aktyorlar da olub. Musiqili teatrda biraz başqa cürdür bu məsələ, yəni səs imkanlarına görə də aktyorlar rollara təyin olunur. Amma son sözü təbii ki, rejissor deməlidir. Çünki tamaşanın ümumi keyfiyyətinin məsuliyyətini əsasən rejissor daşıyır.
- Siz həm də aktyorsunuz. Rejissor psixologiyası ilə aktyor psixologiyası arasında hansı fərqlər var?
- Böyük fərq var. Böyük Fellini rejissoru gəmi kapitanına bənzədirdi. Onlar yeni qitələr kəşf etmək arzusundadırlar. Amma bəzi aktyorlar matroslar kimidirlər evə qayıtmaq istəyirlər. Çünki yollarını gözləyənləri var. Rejissor yeni işə başlayandan sona kimi prosesin içində olur. Rəssamla, aktyorlarla, işıq rəssamı ilə, bəstəkarlarla, drijorla, xor, balet kollektivi ilə işləyir. Hətta rejissorun özünə də elə gəlir ki, onu evdə heç kim gözləmir. Bütün həyatı indi gördüyü işdən ibarətdir.
- Kinomuzun indiki vəziyyətini necə dəyərləndirirsiniz?
- Kifayət qədər ciddi rejissorlarımız, peşəkar səvyyəli aktyorlarımız var. Az-az da olsa yaxşı filmlərimiz də çəkilir. Amma istedadlıların, peşəkarların çoxu işsiz qalıb. Bu, həm kinorejissorlarımıza aiddir, həm də bəzi yaxşı aktyorlara. Bu istedadlı insanlarla Azərbaycan kinosu çoxdan dünya prokatlarına çıxmalı idi. Məsələn, mən indi bir rejissorun adını çəkmək istəyirəm: Yusif Quliyev. Tamaşaçılar, bəlkə də, tanımırlar o rejissoru. Yusif Quliyevin çəkdiyi film Beynəlxalq Audiovizual Festivalda nümayiş olunurdu. Mən də orda idim. İspanların çəkdiyi məşhur “Üç ayı balası” filminin rejissoru və bütün yaradıcı heyəti Yusif Quliyevi ayaqüstdə alqışlayırdılar. Bu, möhtəşəm görüntü idi. Belə istedadlı rejissor işsizlikdən kino sahəsindən uzaqlaşıb televiziyada işə düzəldi. Məncə, Azərbaycan kinosu Yusifi itirdi. Belə rejissorlar az deyil əslində. Yusif haqqında bir maraqlı faktı da danışmaq istəyirəm. O festivalda “Qran-pri” qazandı. 8 min manat pul mükafatı almalı idi. Elə səhnədəcə imtina etdi pulu götürməkdən. Dedi, verin bir prodüserə, qoy yeni bir filmin büdcəsi olsun. Kinonu bu cür sevən, bilən peşəkarları itirməyin əziyyətini çəkirik indi.
- Yeni çəkilən filmlərə baxırsınızmı?
- Əksəriyyətinə baxıram. Bəyəndiklərim də olur bəyənmədiklərim də. Bilirsiniz ki, mən həm də ssenaristəm. Hazırladığım tamaşaların librettolarını özüm yazıram. Ssenari yazmağı Rüstəm İbrahimbəyovdan, Ramiz Fətəliyevdən,Pavel Findən öyrənmişəm. Rüstəm İbrahimbəyov həmişə deyirdi ki, ssenari yazarkən ətrafında baş verən hadisələrdən yararlanmaq mütləqdir. Əgər bir rejissor, ssenarist ətrafında baş verən hadisələrə, dünyada yaşanan problemlərə qarşı həssaslığını itiribsə, ortaya qoyduğu hər filmi ilə yeni bir qapı açmırsa mənə elə gəlir o adamların kinoya, teatra xeyirindən çox zərəri var. İndi dünyada baş verən hər şey kino mövzusudur. Nə qədər insan taleləri var. Necə olur ki, sən bir rejissor kimi bunları görə bilmirsən? Teatr və kino adamları həm də müşahidə etməyi bacarmalıdırlar.
- Özünüz film çəksəniz, hansı mövzuda olar?
- Müharibə mövzusunda. Əslində müharibə bir bəhanə olur hansısa bir fikiri tamaşaçıya çatdırmaq üçün. Müharibənin anaların uşaqların taleyinə təsiri mənim üçün ən həssas mövzudur. Bu mövzuya toxunmaq istəmişəm həmişə. Düşünmürəm ki, müharibə haqqında film ancaq döyüş səhnələrindən ibarət olmalıdır.
- Alman yazıçısı Haynrix Böll deyib, müharibənin səbəblərindən çox, nəticələrinin üzərində dayanmaq lazımdır. Bu elə bir mövzudur ki, həm də reallığı bütün çılpaqlığı ilə göstərmək cəsarəti tələb edir.
- Razıyam. Müharibə yaşanır, bitir. Amma geridə qalanlar üçün uzun müddət çətin olur. Müharibə mövzusunda çəkilən filmlərdə, yazılan əsərlərdə əsasən ana xətt kişilərin taleyi, qəhrəmanlığı olur. Bəs bu kişilərin geridə qoyduğu qadınların, uşaqların taleyi? Müharibədə olan atasının,oğlunun yolunu gozləyən ananın həyatında müharibə hansı izləri buraxır?!
- Hələ də fəxri ad almamağınızın yaradıcı ruhunuza təsiri varmı?
- Mən 24 ildən bəri bu sənətdəyəm. 17 tamaşada aktyor kimi rol almışam, 14 tamaşaya quruluş vermişəm, 34 dövlət tədbirinin rejissoru olmuşam.
Dəfələrlə diplom və mukafatlarla təltif olunmuşam. Kino və televiziya sahəsində çox işlər görmüşəm. Amma təəssüf ki, bu günə qədər nə Prezident mükafatı almışam, nə fəxri ad. Əslində 2008-2009 -cu illərdə adım nazirliyə göndərilən siyahıda olub, ancaq naməlum səbəblərdən alınmayıb.
Fəxri ad sadəcə olaraq motivasiyadı. Dəyər gördüyünü hiss etmək insana yaradıcılıq üçün daha çox stimul verir. Amma mən bu stimulu tamaşaçılardan alıram deyə o boşluğu çox hiss etmirəm.
Günel MUSA