İtaliyanın Piza şəhər bələdiyyəsinin "SMS Biblio" kitabxanasında Gürcüstanın İtaliyadakı səfirliyi və "Georgian friends" təşkilatı tərəfindən məşhur Azərbaycan yazıçısı Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsərinə həsr olunan konfrans təşkil edilib.
Konfransın moderatoru Aldo Bayokki Məhəmməd Əsəd bəyin həyat və yaradıcılığından, müəllifi olduğu "Əli və Nino" əsərindən söz açıb.
Azərbaycanın İtaliyadakı səfirliyinin əməkdaşı Aytən Abuşova bildirib ki, konfrans Azərbaycan, İtaliya və Gürcüstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. İtalyan dilinə ilk dəfə 1944-cü ildə tərcümə olunmuş "Əli və Nino" əsərində hadisələr əsasən Şərq və Qərb arasında körpü rolunu oynayan Bakıda baş verir.
"Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda" kitabının müəllifi professor Romolo Erkolino çıxış edərək Məhəmməd Əsəd bəyin qısa ömründə zəngin yaradıcılıq yolu keçdiyini vurğulayaraq, görkəmli şəxsiyyətlərin onun haqqında söylədikləri dəyərli fikirləri səsləndirib. Bildirib ki, görkəmli yazıçı həyatının son illərini İtaliyanın Positano şəhərində keçirib.
Piza Seminariyasının rektoru Don Roberto Filippini müxtəlif dinləri və adət-ənənələri təmsil edən iki gəncin böyük sevgisindən, onların qarşılarına çıxan maneələrdən və bu çətinliklərin dəf edilməsində apardıqları mübarizədən danışıb.



