|
|
|
|

Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevə yeni ittiham irəli sürülüb. İntiqam Əliyev indiyədək Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilirdi.
Dekabrın 15-də Bakı İstintaq Təcridxanasında İntiqam Əliyevlə görüşmüş vəkil Cavad Cavadov “Media forum” saytına deyib ki, bu ittihamlara Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə) maddəsi də əlavə olunub.
Vəkilin sözlərinə görə, İntiqam Əliyev barəsində başlanmış cinayət işinin istintaqını aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin müstəntiqi Bakı İstintaq Təcridxanasına gələrək yeni ittihamı İntiqam Əliyevə elan edib.
Beləliklə, İntiqam Əliyev Cinayət Məcəlləsinin dörd maddəsi (213.1, 308.2, 192.2, 179.3.2) ilə təqsirləndirilən şəxsə çevrilib.
Qeyd edək ki, İntiqam Əliyev avqustun 8-də tutulub, həmin vaxt barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Sonradan bu müddət daha 3 ay uzadılıb.
İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəridir. 20 ildən çoxdur vəkillik fəaliyyəti ilə məşğul olur. Əsasən insan hüquqlarının müdafiəsi sahəsində ixtisaslaşıb.



