Azərbaycanla Macarıstan arasında münasibətlər yüksək səviyyədədir. İki dövlət strateji tərəfdaş olmaqla yanaşı, həm də etibarlı, güvənli münasibətlərə malikdirlər, hər zaman ədalətli, müstəqil mövqe nümayiş etdirirlər ki, bunu da az sayda dövlətlər bacarır. Macarıstan Avroatlantik dəyərləri bölüşməsinə, Avropa İttifaqı və NATO-nun üzvü olmasına baxmayaraq, öz müstəqil, praqmatik siyasəti ilə bəzi məsələlərdə Qərbin vahid yanaşmasına qarşı çıxış edir, bununla da Aİ strukturlarının məsuliyyətsiz addımlarına şərik olmaq istəmir.
Azərbaycan da balans siyasəti həyata keçirir, prinsipal və qətiyyətli mövqeyi nümayiş etdirərək, ilk növbədə öz milli, dövlət maraqlarını əsas götürür, Qərbin diktələrinə qarşı çıxış edir. Buna görə də bəzi Qərb dairələri tərəfindən ardıcıl olaraq haqsız, ədalətsiz münasibətə məruz qalır. Bu baxımdan Bakı və Budapeştin mövqeləri, maraqları üst-üstə düşür.
Prezident İlham Əliyevin 2025-ci il mayın 20-də Macarıstana səfəri heç şübhəsiz ki, iki ölkə arasında dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edən əlaqələrin daha da möhkəmlənməsinə təkan verəcək. Azərbaycan lideri Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında yuxarıda qeyd etdiyimiz məqama toxunaraq deyib: "Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq. Avropa İttifaqının içində ola-ola bu siyasəti aparmaq, deyə bilərəm ki, doğrudan da böyük qəhrəmanlıq tələb edir, siyasi iradə tələb edir və düşünülmüş siyasət tələb edir. Bütün bunlar da Macarıstanda var. Biz Macarıstanı çox sevirik, o cümlədən bu amillərə görə".
Macarıstanın Baş naziri Viktor Orbanın fikirləri isə iki dövlət arasında olan etimadı bir daha sübut edir: "Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident Əliyev bizim yanımızda olub".
Azərbaycan və Macarıstan 1992-ci ildə diplomatik əlaqələr qurub. İki ölkənin ən müxtəlif sahələrdə əməkdaşlığı ötən illər ərzində inkişaf edərək genişlənib. 2014-cü ildə tərəflər arasında Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə imzalanıb.
2023-cü il yanvarın 29-30-da Prezident İlham Əliyevin Macarıstana rəsmi səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdi. Səfər zamanı bir sıra sənədlər imzalandı ki, onlardan ən mühümü Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə idi. Sənəd təkcə ikitərəfli münasibətləri deyil, həm də regional və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsini ehtiva edir. Bəyannamədə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, TDT-nin Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanıb. Sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqları vurğulayaraq "Cənub Qaz Dəhlizi" (CQD) layihəsinin əhəmiyyətini ön plana çəkir.
Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə səmimi dostluq münasibətləri, iki ölkə arasında müntəzəm surətdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər əməkdaşlıq üçün yeni imkanlar açır. Bu baxımdan Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri mühüm əhəmiyyət daşıyır. Həm də ona görə ki, həmin dövrdə Macarıstanın Avropa İttifaqı Şurasına sədrlik edirdi, eyni zamanda bu, Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfər idi.
Ölkələrimizin əsas əməkdaşlıq sahələrindən biri energetikadır. Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu mənada Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair müvafiq Saziş vacib əhəmiyyət daşıyır. Həmin Sazişdən irəli gələrək qeyd olunan ölkələr arasında "yaşıl enerji"nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər uğurla davam etdirilir.
Prezident İlham Əliyev bu əməkdaşlıqdan danışarkən deyib: "Biz energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidir - "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarında. Gələn ilin əvvəlində növbəti kontrakt imzalanacaq. Azərbaycanın qurudakı neft yataqlarında Macarıstan şirkəti fəaliyyətə başlayacaq. Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq. Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik. Bizim qaz resurs bazamız kifayət qədər genişdir və genişlənir, yeni qaz yataqları istismara veriləcək. Biz bu gün 12 ölkəyə təbii qaz ixrac edirik. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər biz qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir. Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyükmiqyaslı yaşıl enerji gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə yaşıl enerji istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır".
Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. Hər iki ölkə, enerjidən əlavə kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir. 2024-cü ilin sonuna olan göstəricilərə əsasən ölkələrimiz arasındakı ticarət dövriyyəsində 29 faiz artım müşahidə edilib ki, bu da əlaqələrin möhkəmlənməsinin və inkişafının əhəmiyyətli göstəricisidir. Bundan başqa, ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 1,018 milyard ABŞ dolları təşkil edib.
Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində də əməkdaşlıq uğurla davam edir. 2018-ci ildən TDT-da müşahidəçi olan Macarıstan artıq tarixdə ilk dəfədir ki, təşkilatın Zirvəsinə ev sahibliyi edir.
Politoloq Zaur Məmmədov mövzu ilə bağlı bildirib ki, Azərbaycan-Macarıstan münasibətləri bu gün Avropa ölkələri arasında digər dövlətlərlə müqayisədə bir çoxlarından daha üst səviyyədədir. Bu səviyyəyə çatmaq beş ilin və ya on ilin hadisəsi deyil. Onun sözlərinə görə, təxminən 20 il əvvəldən başlayaraq Macarıstanla xüsusi münasibətlər quruldu və son on ildə bunun həm siyasi, həm digər baxımdan böyük nəticələrini görməyə başladıq: "Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasında ən böyük pay Azərbaycana aiddir. Çünki TDT-na inteqrasiya və bu təşkilatın üzvü olmaq heç də bir günün və yaxud beş günün nəticəsi deyildir. Bununla bağlı müəyyən danışıqlar baş verdi və gördük ki, Şərqi Avropada bir dövlət, hansı ki, orda dini baxımdan xristianlıqdır, Avropa İttifaqının, NATO-nun üzvüdür, bütövlükdə Avropa ailəsi hesab edilir, baxmayaraq ki, Şərqi Avropanın bir sıra ölkələri Avropanın bəzi siyasi institutlarına hələ ki, daxil deyillər, amma Macarıstan Türk Dövlətləri Təşkilatına daxil oldu və burada ən üst səviyyədə - Prezident və yaxud Baş nazir səviyyəsində bütün görüşlərdə iştirak etdi. Biz 44 günlük müharibədən sonra gördük ki, Fransanın başçılığı ilə Avropada Azərbaycana qarşı böyük və çox sərt bir koalisiya formalaşanda, Avropa Şurası Parlament Assambleyasında ölkəmiz hədəf alınıb və nümayəndə heyətimizi PA-da kənarlaşdıranda, qonşularımızdan da daha çox, birinci olaraq məhz Macarıstan heyəti çıxış etdi və sərt şəkildə AŞPA-da digər ölkələrdən olan həmkarlarını tənqid edərək Azərbaycanla dialoqu davam etdirməyə çağırdı. Bəlli idi ki, 44 günlük müharibənin nəticələri, Qarabağdakı ermənilər və digər məsələlərdən erməni məsələsinin yaddaşlarda və tarixdə qalması üçün ölkəmizə qarşı təzyiq kimi istifadə edəcəklər. Bu zaman Avropada hansı ölkələr bizə dəstək verə bilərdilər. Məsələn, 2021-ci ildə, 2022-ci ildə yaşıl enerji, ənənəvi enerji sahəsində Gürcüstandan keçməklə müxtəlif layihələr ortaya qoyuldu, müxtəlif memorandumlar imzalandı. İqtisadi münasibətlər sözsüz ki, bizim ikitərəfli və çoxtərəfli münasibətlərimizə təsir etdi".
Politoloq deyib ki, Azərbaycan coğrafi baxımdan kiçik dövlət olsa da, Avropanın Şərqi ilə Mərkəzi Asiya dövlətlərini birləşdirməyi bacarıbsa, bu, heç də asan məsələ deyil. Doğrudan da bu o deməkdir ki, Azərbaycan böyük işlərlə məşğuldur. Dövlətimiz sərbəst şəkildə öz maliyyə imkanları ilə həm nəqliyyat-kommunikasiya, həm də ənənəvi enerji layihələrini reallaşdıra bildi. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsindən sonra isə bu imkanlar daha da genişləndi.