Sevinc MƏHSİMOVA
UNEC İnklüziv Təhsil Mərkəzinin direktoru
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2015-ci ildən rəsmi olaraq fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi ilə ölkədə ali təhsildə bərabər imkanların təmin olunması istiqamətində qabaqcıl mövqeyini qoruyub saxlayır. İlk gündən inklüzivlik prinsiplərinə əsaslanan, bərabər hüquqlu, açıq və müasir təhsil mühitinin yaradılmasını qarşıya məqsəd qoymuşdur. Mərkəzin əsas missiyası - əlilliyi olan tələbələrin təhsil imkanlarını artırmaq, onların sosial və akademik inteqrasiyasını dəstəkləmək, həmçinin təhsil ictimaiyyətində inklüzivlik mədəniyyətini təşviq etmək olmuşdur. Hal-hazırda mərkəzin dəstəyi ilə əhatə etdiyi sadəcə əlilliyi olan deyil, bütün həssas kateqoriyadan olan tələbələrdir. Burda xüsusi ilə vurğulamaq istəyərdim ki, inklüziv təhsil - müxtəlif əqli və fiziki əlillikləri olan şəxslərə, qazilərə və şəhid övladlarına, məcburi köçkünlərə, əcnəbi tələbələrə, qeyri-ənənəvi cinsi oriyentasiyaya malik olan insanlara, valideyn himayəsindən məhrum olunmuş şəxslərə, penitensiar müəssisələrdə saxlanılan şəxslərə, o cümlədən HİV-ə yoluxmuş insanlara, çətin həyat şəraitində yaşayan insanlara, fitri istedadlı şəxslərə, ucqar kənd yerlərinin sakinlərinə, valideynləri boşanmış olan uşaqlara və s. - yəni təhsil prosesində xüsusi yanaşmaların, müxtəlif metod və üsulların tətbiqi zəruri olan bütün insanlara şamil olunur.
İnklüziv Təhsil Mərkəzinin ilk illərindən başlayaraq UNEC-də fiziki mühitin əlçatanlığına dair ciddi işlər görülmüşdür. UNEC-in tədris binalarında panduslar, sərbəst hərəkət üçün uyğunlaşdırılıb, liftlər və xüsusi sanitar otaqları qurulub. Bəzi binaların memari cəhətdən dəyişikliklər edilməsi çətin olduğundan, "external" adlanan səyyar panduslarla da təmin edilib. UNEC-in III tədris binasında əlçatanlığı tam təmin edilib.
Rəqəmsal mühitin uyğunlaşdırılması və xüsusi dəstək tədbirləri haqqında da bir neçə məqam qeyd etmək olar. UNEC inklüziv təhsilin inkişafı istiqamətində rəqəmsal mühitin əlçatanlığını artırmaq üçün mühüm addımlar atmışdır. Görmə və eşitmə məhdudiyyətli tələbələrin tədris prosesinə daha fəal inteqrasiyası üçün bir sıra xüsusi texnologiyalar tətbiq olunmuşdur. Bunlara Braille printerləri, ekran oxuyucu proqram təminatları və digər köməkçi vasitələr daxildir. Eyni zamanda, UNEC kitabxana resursları görmə məhdudiyyətli tələbələrin ehtiyaclarına uyğunlaşdırılmış və "Audio-kitab" layihəsi çərçivəsində bir neçə fənnin mühazirələri audio formatda hazırlanaraq təqdim edilmişdir.
Universitetin rəsmi veb-saytı və onlayn təhsil platformaları da əlilliyi olan şəxslər üçün daha əlçatan və istifadəsi asan hala gətirilmişdir. Bu tədbirlər, təhsildə bərabər imkanların yaradılması və inklüzivliyin təmin olunmasına xidmət edir.
Həssas kateqoriyaya aid olan tələbələrin psixoloji və fiziki ehtiyacları da nəzərə alınaraq əlavə dəstək mexanizmləri tətbiq edilir. Belə ki, panik atak, epilepsiya, yüksək stress və digər klinik hallar zamanı, mütəxəssis rəyinə əsasən həmin tələbələrin ara və əsas semestr imtahanlarını universitetin İnklüziv Təhsil Mərkəzində - daha sakit və uyğunlaşdırılmış mühitdə keçirmələrinə şərait yaradılır.
Bundan əlavə, görmə məhdudiyyətli tələbələrin yazılı imtahanlarının şifahi formatda verilməsi praktikası UNEC-in imtahanların təşkili qaydalarında öz əksini tapmışdır. Eləcə də, ciddi əzələ xəstəlikləri (poliomielit, USİ və s.) olan tələbələr üçün imtahanların test formatında keçirilməsi imkanı yaradılmışdır. Bu yanaşmalar UNEC-in təhsildə fərqlilikləri nəzərə alan, humanist və tələbəyönümlü siyasətini əks etdirir.
UNEC-də tədris prosesində inklüzivliyin təmin olunması məqsədilə fərdi yanaşma prinsipi əsas götürülür. Universitet daxilində fəaliyyət göstərən müvafiq Mərkəz tərəfindən mütəmadi olaraq müəllimlər və akademik heyət üçün inklüziv tədris metodologiyasına dair təlimlər təşkil edilir. Bu təlimlərin əsas məqsədi müəllimlərin həssas qruplardan, xüsusilə də əlilliyi olan tələbələrin tədris ehtiyaclarına uyğun şəkildə dərs keçmələri və onların təhsil prosesinə tam şəkildə cəlb olunmalarını təmin etməkdir. 2025-ci ilin may ayında "İnklüziv Ali Təhsil" adlı köməkçi vəsait hazırlanaraq ali təhsil müəssisələrinin müəllimləri üçün istifadəyə təqdim olunmuşdur. Bu vəsait inklüziv tədris metodlarının nəzəri əsaslarını, praktiki tətbiq yollarını və real təcrübə nümunələrini əhatə edir. Material tədris prosesinin bütün iştirakçıları - müəllimlər, inzibati heyət və tələbələr üçün əlçatan formada təqdim olunub.
Son 10 il ərzində UNEC-də 300-dən artıq müəllim və inzibati heyət üzvü inklüziv tədris və fərdi yanaşma üzrə təşkil olunub təlimlərdə iştirak edib. Bu göstərici universitetin inklüziv təhsilə verdiyi önəmin və davamlı inkişaf siyasətinin bariz nümunəsidir.
UNEC-də tələbələrin yalnız akademik uğurlarını deyil, həm də psixoloji və sosial rifahını təmin etmək məqsədilə geniş dəstək mexanizmləri formalaşdırılıb. Universitetin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi təkcə tədris yönümlü deyil, eyni zamanda psixoloji və sosial dəstəyi əhatə edən kompleks yanaşma tətbiq edir. Bu çərçivədə tələbələr üçün psixoloq xidmətləri, sosial işçilərlə fərdi və qrup məsləhətləşmələri təşkil olunub. Bu təşəbbüslər tələbələrin universitet mühitində özlərini daha güvənli, dəstəklənən və motivasiyalı hiss etmələrinə şərait yaradıb. UNEC-də fəaliyyətə başlamış Psixoloji Dəstək Mərkəzi bu istiqamətdə görülən işlərin platformasına çevrilib.
Mərkəzin təşəbbüsü ilə həyata keçirilən "Bərabər Hüquqlu Təhsil", "Mən də UNEC-liyəm", "Əlçatanlıq Hər Kəs Üçün" kimi maarifləndirmə kampaniyaları inklüziv cəmiyyətin qurulmasına yönəlmiş mühüm sosial çağırışlar kimi çıxış etmiş, tələbələr və geniş ictimaiyyət arasında inklüziv təhsilə dair düşüncə tərzinin formalaşmasına mühüm töhfə verib.
UNEC İnklüziv Təhsil Mərkəzinin həyata keçirdiyi bu kimi fəaliyyətlər inklüziv ali təhsilin formalaşmasına, sosial ədalət prinsipinin təbliğinə və həssas kateqoriyadan olan şəxslərin cəmiyyətə fəal şəkildə inteqrasiyasına mühüm töhfə verir.
UNEC İnklüziv təhsil mərkəzi 10 il ərzində bir çox xarici təşkilatlarla iş birliyini qurub, bir neçə təşkilatda expert qismində iştirak edir və bir neçə qurumla memorandumlar imzalanıb. UNEC-də təhsil alan əlilliyi olan tələbələr Erasmus+ layihəsi çərçivəsində müxtəlif vaxtlarda xarici universitetlərdə bir semest ərzində təhsil alıb. Bu da onların gələcək iş fəaliyyətinə müsbət təsir göstərir.
UNEC-də təhsil alan əlilliyi olan tələbələrin universitetdəki tələbə təşkilatlarının fəaliyyətinə fəal şəkildə cəlb olunması onların sosial inteqrasiyası baxımından mühüm rol oynayır. Bu iştirakçılıq prosesi həmin tələbələrin sosial bacarıqlarının inkişafına, özünəinam hisslərinin artmasına və ictimai fəaliyyətlərə daha rahat şəkildə adaptasiya olunmalarına şərait yaradır. Tələbə təşkilatlarında müxtəlif layihələrdə, tədbirlərdə, debatlarda və könüllü fəaliyyətlərdə yer alan əlilliyi olan gənclər təkcə akademik biliklərlə deyil, həm də liderlik və əməkdaşlıq bacarıqları ilə formalaşırlar. Bu da onların universitetdən sonrakı həyatda - istər peşəkar mühitdə, istərsə də ictimai sahədə daha fəal və müstəqil vətəndaş kimi çıxış etmələrinə imkan verir.
UNEC-də təhsil alan əlilliyi olan tələbələr arasında da bu cür istedadlı gənclər mövcuddur. Universitet olaraq biz, bu gənclərin yaradıcı fəaliyyətlərini təşviq etmək və onları daha geniş auditoriyaya tanıtmaq məqsədilə müxtəlif dəstək layihələri həyata keçirmişik. Belə ki, bir neçə tələbənin müəllifi olduğu ədəbi əsərlərin - şeir kitablarının və detektiv romanların nəşrinə, onların təqdimat mərasimlərinin təşkilinə dəstək göstərilmişdir. Bu nəşrlər gənclərin daxili dünyasını, düşüncə tərzini və ifadə imkanlarını cəmiyyətə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır.
Eyni zamanda, istedadlı tələbələrin rəssamlıq sahəsindəki uğurlarına da xüsusi diqqət yetirilmişdir. Onların əl işlərindən ibarət fərdi və kollektiv rəsm sərgiləri təşkil olunmuş, bu sərgilər vasitəsilə tələbələrin bacarıqları daha geniş ictimayyətə təqdim edilmişdir. Belə təşəbbüslər gənclərin motivasiyasını artırmaqla yanaşı, onların cəmiyyətə inteqrasiyasını da sürətləndirir və şəxsi inkişaflarına töhfə verir.
Bu fəaliyyətlər bir daha göstərir ki, həssas qrupdan olan gəncləri yalnız sosial yardım yönümlü layihələrlə deyil, həm də onların istedadlarının inkişafına yönəlmiş proqramlarla dəstəkləmək vacibdir. Çünki bu gənclər həm öz həyatlarını mənalı şəkildə qurmaq, həm də cəmiyyətə dəyər qatmaq potensialına malikdirlər. UNEC İnklüziv Təhsil Mərkəzi daim onları nəzərdə saxlayır və dəstək göstərir.
UNEC İnklüziv Təhsil Mərkəzinin dəstəyi və universitetin inklüziv təhsil strategiyası çərçivəsində son 10 il ərzində 200-dən artıq əlilliyi olan tələbə ali təhsilini uğurla başa vurmuşdur. Bu məzunların bir hissəsi hazırda dövlət və özəl sektorda müxtəlif sahələr üzrə fəaliyyət göstərir, bəziləri isə inklüzivlik, hüquq bərabərliyi və sosial müdafiə sahələrində fəal ictimaiyyət nümayəndələrinə çevrilib. Onların şəxsi inkişaf hekayələri və peşəkar uğurları digər tələbələr, xüsusilə də həssas kateqoriyadan olan gənclər üçün motivasiya və ümid mənbəyi olub.
Lakin bütün bu uğurlara baxmayaraq, əlilliyi olan məzunların məşğulluq imkanları sahəsində hələ də ciddi problemlər mövcuddur. Onların əmək bazarına inteqrasiyası, işlə təmin olunmaları və peşəkar bacarıqlarının tanınması məsələləri gündəmdə qalır. Bir çox işəgötürənlər hələ də əlilliyi olan şəxsləri işə qəbul etməkdən çəkinir, onların peşəkarlığı və iş mühitinə uyğunlaşa bilmə qabiliyyətinə dair əsassız şübhələr bəsləyirlər. Bu isə nəticə etibarilə bu gənclərin öz ixtisaslarına uyğun layiqli iş tapmalarına mane olur, onların gələcək həyat fəaliyyətinin dayanıqlılığı baxımından ciddi risklər yaradır.
Mövcud vəziyyət göstərir ki, əlilliyi olan gənclərin məşğulluğu sahəsində sistemli yanaşmaya, konkret icra planlarına və həm dövlət, həm də özəl sektor səviyyəsində məqsədyönlü proqramlara ciddi ehtiyac var. Bu proqramlar həm işəgötürənlərin maarifləndirilməsini, həm də əlilliyi olan şəxslərin peşə bacarıqlarının artırılmasını və əmək bazarına adaptasiyasını əhatə etməlidir.
Cəmiyyətdə inklüziv mədəniyyətin formalaşdırılması müxtəlif elmi sahələrin biliklərinin inteqrasiyasını tələb edən kompleks və çoxşaxəli bir prosesdir. İnklüzivlik anlayışını təhsil, əmək bazarı və ümumi ictimai həyat səviyyəsində dərindən dərk etmək, onun nəzəri və praktiki əsaslarını müəyyənləşdirmək ali təhsil müəssisələrinin əsas vəzifələrindən biridir. Müasir tədqiqatlar sübut edir ki, inklüziv mühitin qurulması təkcə etik və əxlaqi məsuliyyət deyil, eyni zamanda təşkilati performansın yüksəldilməsi, innovasiyaların təşviqi və sosial ədalətin təmin olunması baxımından strateji əhəmiyyət daşıyır.
Son olaraq UNEC-in rektoru, profesor Ədalət Müradovun sözləri ilə bitirmək istəyirəm: "İnklüziv təhsil təkcə əlilliyi olan tələbələr üçün deyil, bütövlükdə universitet dəyərlərinin ayrılmaz hissəsidir. İnklüzivlik bizim üçün sosial məsuliyyət deyil, strateji inkişaf istiqamətidir. Hər bir tələbə - fərqi olmadan - bərabər imkanlara layiqdir".
UNEC İnklüziv ali təhsildə artıq bir model olaraq öz töhfələrini verməyə davam edəcək.