Süfrəsində daim halal duz-çörək olsun,
Sətirləri cərgələnən incitək olsun;
Ay həzərat, yubileyi mübarək olsun
Professor Nizaməddin Şəmsizadənin!
Dediyinin həm quludur, həm də yiyəsi,
Bütövləşən Azərbaycan-əsas qayəsi!
Xəzinədir "Ədəbiyyat nəzəriyyəsi"
Professor Nizaməddin Şəmsizadənin!
"Sahibidir sərhədsiz, saf düşüncələrim",
Təfəkkürü-uca zirvə, dəryadan dərin.
Oxucular! Söz bağından gül-çiçək dərin
Professor Nizaməddin Şəmsizadənin!
Nəğmələri tək ürək yox-gəlir beyindən,
Bezib canlı "oyuncağın" boş hay-küyündən.
Şairliyi geri qalmır alimliyindən-
Professor Nizaməddin Şəmsizadənin!
Həmdəmidir bütün gənclər, bütün ulular,
Nitqi nəhəng çay kimidir-neçə qolu var.
Fərid adlı vətənpərvər, zabit oğlu var
Professor Nizaməddin Şəmsizadənin!
Seyrə çıxar-təbiətdən zövq ala-ala,
Görüşsə də hərdən qəmli qəlyanlılarla.
Xoşdur yaxın qohumluğu salyanlılarla-
Professor Nizaməddin Şəmsizadənin!
Gözəl Quba, qədim İspi...! Gözünüz aydın-
Altı on il bayramıdır böyük ustadın!
...Nizaminin adı ilə eynidir adı-
Professor Nizaməddin Şəmsizadənin!
Kəlamında-zəmanənin astarı, üzü,
Unudulmaz atasının özüdür, özü!
Zadəsində, badəsində yol gəlir "yüz"ü
Professor Nizaməddin Şəmsizadənin!