
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin daha da inkişafında, strateji tərəfdaşlığın güclənməsində mühüm bir səhifə açır. İki ölkənin münasibətləri qədim tarixə, eyni kökə söykənir. Ölkələrimizin müstəqillik əldə etmələri təbii ki, əməkdaşlıq imkanlarını daha da artırmış oldu.
Qeyd edək ki, Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulub. Daha sonra iki ölkə qarşılıqlı olaraq səfirliklərini açıblar. Bu gün Azərbaycan- Türkmənistan münasibətləri artıq strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir. Son illər isə Bakı-Aşqabad əlaqələri daha dinamik xarakter almağa başlayıb.
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə münasibətlərin bugünkü səviyyəsini qiymətləndirərək onu üç sözlə ifadə edib: qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq. Prezident İlham Əliyevlə keçirilən görüşdə səsləndirilən fikirlər, xüsusilə enerji, nəqliyyat, humanitar sahələrdə, beynəlxalq müstəvidə əməkdaşlığın genişlənəcəyini deməyə əsas verir.
Berdiməhəmmədovun fikirləri də bu məqamı təsdiqləyir: “Azərbaycana səfərimin əsas məqsədi ikitərəfli münasibətləri daha da dərinləşdirmək və inkişaf etdirmək, əldə olunan nailiyyətləri möhkəmləndirmək, yeni layihələrin və istiqamətlərin həyata keçirilməsinə əlavə stimul verməkdir”.
Türkmənistanın milli lideri, həmçinin işğaldan azad edilmiş ərazilərə, Füzuli və Şuşa şəhərlərinə səfər edib, bərpa-quruculuq işləri ilə yaxından tanış olub. Azad olunmuş ərazilərə səfər təbii ki, həm də mənəvi olaraq yanaşanda, əhəmiyyət daşıyır.
Görünən odur ki, bu gün Türkmənistanla Azərbaycan arasında münasibətlər siyasi, iqtisadi, nəqliyyat və logistika, neft və qaz sahələrində yüksələn xətlə inkişaf etməkdədir. Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov bu günlərdə iki ölkənin əməkdaşlığının əsas perspektiv istiqamətləri barədə danışarkən deyib ki, nəqliyyat sahəsində əməkdaşlıq həm ölkələrimiz, həm də qonşularımız üçün böyük perspektivlər açır, daha dəqiq desək, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı və Bakı Beynəlxalq Dəniz Ticarət Limanında yaradılmış müasir infrastruktur, sıx əməkdaşlıq şəraitində işləyən və ərazilərimizdən yüklərin tranzitini təmin edir. Çünki tranzitlə bağlı məsələlərdə qonşu dövlətlərlə qarşılıqlı əlaqə olmadan nəticə əldə etmək mümkün deyil. Qeyri-neft sahəsində əməkdaşlıqdan danışan diplomat söyləyib ki, bütövlükdə, Azərbaycan ilə Türkmənistan arasında ticarət-iqtisadi əlaqələrin böyük perspektivləri var, iki ölkə arasında qeyri-neft əməkdaşlıq sahəsini nəzərə almasaq belə, ticarət dövriyyəsinin həcmi ildən-ilə artır ki, bu da sıx iqtisadi əməkdaşlığın göstəricisi sayıla bilər.
Amma əməkdaşlığın genişləndirilməsi üçün digər sahələrdə də hələ də istifadə olunmamış böyük potensial var.
Onu da vurğulayaq ki, Azərbaycan hər zaman beynəlxalq platformalarda Türkmənistanın təşəbbüslərini dəstəkləyib. Bu məqam da ölkələrarası dostluğu, qardaşlığı gücləndirir.
Son illərdə ali səviyyəli qarşılıqlı səfərlərin artması da münasibətlərin irəli aparılmasında vacib rol oynayır. Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov 2 mart 2023-cü ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edib. Bu ay Xankəndi şəhərində keçirilən İƏT-in 17-ci Zirvəsində Türkmənistanın xarici işlər naziri Rəşid Meredov iştirak edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Mətin Məmmədli “525”ə deyib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri hər zaman önəmli yer tutub. Xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin xarici siyasətində əsas prioritet mövzulardan biri Mərkəzi Asiya ölkələri ilə münasibətləri dərinləşdirmək olub. Son illərdə Azərbaycan Prezidenti region ölkələrinə çoxsaylı rəsmi, dövlət, işgüzar səfərlər edib, eyni zamanda, region ölkələrinin liderləri Azərbaycanda səfərdə olublar.
Onun sözlərinə görə, Azərbaycan-Türkmənistan münasibətləri iki ölkənin maraqlarına xidmət etməklə yanaşı, Xəzər hövzəsində də sülh, təhlükəsizlik və əməkdaşlığın dərinləşdirməsinə töhfə verir: “Azərbaycan və Türkmənistan hər iki regionun daha da yaxşılaşmasında, inteqrasiya olunmasında ilk növbədə coğrafi mövqelərinə görə böyük rol oynayırlar. Türkmənistan bizim üçün Mərkəzi Asiyaya iki giriş qapısı ölkəsindən biridir. Türkmənistanla əlaqələri dərinləşdirmək Azərbaycanın geosiyasi, geoiqtisadi maraqlarına tamamilə cavab verir.
Cənab Prezidentin Türkmənistanın milli lideri ilə görüşdə vurğuladığı kimi, ortaq tarix, mənəvi yaxınlıq, etnik soy-kök birliyi də iki xalq, iki dövlət arasında münasibətlərin dərinləşməsində böyük rol oynayır. Münasibətlərin tarixinə nəzər salsaq görərik ki, təbii ki, bu münasibətlər hər zaman düz xətlə inkişaf etməyib. 90-cı illərdə Azərbaycandan qaynaqlanmayan müəyyən problemlər üzə çıxıb, ancaq Qurbanqulu Berdiməhəmmədovun hakimiyyətə gəlməsindən sonra artıq iki ölkənin münasibətləri yeni müstəviyə daxil oldu və yüksələn xətt üzrə inkişaf edir. Təsadüfi deyil ki, 2017-ci ildə Strateji Tərəfdaşlıq Bəyannaməsi imzalanıb. 2018-ci ildə beş Xəzəryanı dövlət Xəzərin hüquqi statusunu müəyyən edən konvensiya qəbul edib. Düşünürəm ki, Azərbaycan-Türkmənistan münasibətlərinin normallaşması, müsbət məcrada getməsi də bu konvensiyanın qəbul olunmasında böyük rol oynayıb. O cümlədən də son illərdə biz görürük ki, bir çox istiqamətlərdə - siyasi, iqtisadi, enerji, təhlükəsizlik və s. əlaqələr yalnız yüksələn xətt üzrə inkişaf edir. Son illərin iqtisadi göstəricilərinə də nəzər salsaq görərik ki, ticari-iqtisadi dövriyyə də xeyli artıb. Hər halda düşünürəm ki, Türkmənistan-Azərbaycan münasibətləri yalnız iki ölkənin maraqlarına xidmət etmir, böyük bir regionda - Xəzər hövzəsində Mərkəzi Asiyada, Cənubi Qafqazda sülhün, əmin-amanlığın, təhlükəsizliyin, o cümlədən də əməkdaşlığın dərinləşməsinə xidmət edən münasibətlərdir, Azərbaycan Prezidenti və Türkmən xalqının milli liderinin də bəyan etdikləri kimi, artıq münasibətlər qardaşlıq münasibətləri kimi xarakterizə olunur. Düşünürəm ki, bu səfər də münasibətlərin daha da dərinləşməsinə ciddi töhfə verəcək”.



