
Uzun illərdir ki, ermənilərin sifarişi ilə antiazərbaycan kampaniyası aparan ABŞ konqresmenləri yenidən fəallaşıblar. Belə ki, ötən həftə sonu Birləşmiş Ştatlardan olan 87 konqresmen Prezident Donald Trampa müraciət edərək onu ermənilərin Qarabağa qayıtmasına dəstək verməyə çağırıblar. Müraciətin məzmunundan, orada yer alan ifadələrdən aydın olur ki, onların bu addımı heç də hansısa humanitar məqsədlərə xidmət etmir. Bu, erməni lobbisinin amerikalı konqresmenlər vasitəsilə həyata keçirməyə çalışdığı növbəti təxribat aktıdır. Məqsəd isə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırıldığı, təmasların davam etdirildiyi bir vaxtda süni gərginlik, regionda yenidən münaqişə ocağı yaratmağa çalışmaqdır. Konqresmenlərin müraciətinin başqa cür izahı yoxdur. Xüsusilə Əbu-Dabi görüşündən sonra sülhə yönəlmiş müsbət mesajlar, regionda hazırda mövcud olan dinc vəziyyət həmin qüvvələri narahat edir və ona görə də yenidən hərəkətə keçib, proseslərin gedişinə mane olmaq istəyirlər. Əks halda, Qarabağı könüllü şəkildə, öz seçimləri ilə tərk edən ermənilərə görə boş yerə hay-küy salmazdılar.
Məlumdur ki, rəsmi Bakı tərəfindən ermənilərə hər hansı təzyiq göstərilməyib, onlardan ərazi tərk etmək tələb olunmayıb. Əksinə, qalıb yaşamaları dəfələrlə təklif olunub və Azərbaycan vətəndaşlığını qəbul edərlərsə, qanunla bütün hüquqlarının təmin ediləcəyi bildirilib. Lakin ermənilər öz istəkləri ilə Qarabağı dinc şəkildə, bütün hüquqları təmin olunmaqla tərk ediblər. Hətta bu məsələdən "etnik təmizləmə" adı ilə Azərbaycan əleyhinə istifadə etmək istəyən qüvvələr öz bədnam niyyətlərinə nail ola bilməyiblər. İndiyə kimi bir sıra təxribatçıları çıxmaq şərtilə, Azərbaycan əleyhinə bu cür uydurmalar irəli sürülməyib. Çünki ortada hər hansı bir sübut, fakt yoxdur. BMT missiyası ermənilərin Qarabağda qondarma "etnik təmizləmə" ilə bağlı iddialarını təkzib edib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Almaniyanın "Berliner Zeitung" nəşrinə müsahibəsində bildirib ki, Azərbaycan ərazisini tərk etmək ermənilərin öz qərarı olub: "Birincisi, Qarabağdan erməniləri biz çıxarmamışıq. Getmək qərarı onların özü tərəfindən verilib. İkincisi, Azərbaycan kifayət qədər kompleks bir reinteqrasiya planı hazırlayıb, lakin ermənilər bu plandan imtina edib. Bu plan nə deməkdir? Azərbaycan vətəndaşlığını qəbul etmək, Azərbaycan vətəndaşları ilə loyal şəraitdə, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları çərçivəsində yaşamaq. Bu, istənilən bir dövlət üçün tamamilə normaldır. Azərbaycan öz ərazilərinin ziqzaqvari formada dəyişdirilməsi ilə heç vaxt barışa bilməz. Bu məsələ qapadılıb. Azərbaycan vətəndaşı qismində yaşamaq istəyənlər üçün isə müvafiq prosedurlar mövcuddur".
Prezidentin köməkçisi əlavə edib ki, Qarabağ ermənilərinin bu ərazini könüllü şəkildə tərk etməsini etnik təmizləmə adlandırmaq olmaz: "Lakin əgər biz qayıdış hüququndan danışırıqsa, o zaman onilliklər boyunca Ermənistan ərazisində yaşayan və oradan zorla çıxarılan azərbaycanlılardan da bəhs etməliyik. Qayıdış hüququ II Dünya müharibəsindən sonra məsələn, elə Almaniyanın özündə geniş şəkildə müzakirə olunan mövzudur. Bu, insan hüquqlarından biridir və Ermənistandan qovulan 250 min nəfər azərbaycanlıya münasibətdə də tətbiq edilməlidir. Sözsüz ki, onların da qayıtmaq hüququ var, lakin İrəvan bu barədə danışmaqdan imtina edir".
Göründüyü kimi, rəsmi Bakının bu mövzuda açıq mövqeyi var və bu mövqe ədalətdir, beynəlxalq hüququn normalarına tam uyğundur.
Konqresmenlərin yenidən fəallaşması həm də Prezident Trampın Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması ilə bağlıdır. Ağ Ev lideri sabiq administrasiyadan fərqli olaraq prosesə müdaxilə etmir, hansısa göstərişlər vermir, sadəcə öz dəstəyini göstərir. Bu günlərdə Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşündən sonra ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus bildirdi ki, Vaşinqton Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir: "Biz Cənubi Qafqazda sülhün və sabitliyin təşviqi üzrə səyləri dəstəkləyirik. Bildiyiniz kimi, Prezident Tramp və dövlət katibi Marko Rubionun yanaşması öz sözünü deyir. Amerika liderinin Nazirlər Kabinetinin son iclasındakı bəyanatları bu administrasiyanın sülhə sadiq olduğunu açıq şəkildə göstərdi".
Tramp 28 may Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi təbrik məktubunda qeyd edib: "ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir. Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ-la əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik".
Eyni zamanda, Tramp NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə görüş zamanı Azərbaycan və Ermənistan arasındakı danışıqların uğurlu nəticə verəcəyini ümid etdiyini deyib: "Güman etmək olar ki, Azərbaycan və Ermənistan arasındakı danışıqlar uğurlu nəticə verəcək. Tərəflər arasında danışıqlar müsbət istiqamətdə irəliləyir və regionda sülhün bərqərar olması üçün əlverişli şərait yaranır. Münaqişənin həlli həm region ölkələrinin inkişafına, həm də beynəlxalq sabitliyə böyük töhfə verəcək".
ABŞ Prezidenti Donald Tramp iyulun 19-da amerikalı senatorlarla şam yeməyində isə Azərbaycan və Ermənistanın sülh sazişi bağlamağa yaxın olduqlarını deyib. Göründüyü kimi, Tramp mühüm beynəlxalq məsələlərlə məşğul olmasına baxmayaraq, bu mövzunu da gündəmdə saxlayır. Birləşmiş Ştatlar, eyni zamanda bütün dünya Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul edir. Son günlər ABŞ-Azərbaycan münasibətlərində müsbət tendensiya özünü göstərir. Azərbaycan ABŞ-ın strateji müttəfiqidir, iki ölkə bir sıra mühüm məsələlərdə, o cümlədən enerji təhlükəsizliyi, bütövlükdə, təhlükəsizlik və daşımalara aid sahələrdə güclü tərəfdaşlığa malikdirlər. Təəssüf ki, bundan əvvəlki administrasiya münasibətlərə zərər verən addımlar atdı, etibarlı tərəfdaş olan Azərbaycanın əhəmiyyətini düzgün qiymətləndirə bilmədi. Onların Azərbaycana qarşı yanlış addımlarından biri də Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin qüvvəsinin dayandırılmaması ilə bağlı oldu. Bu, 1992-ci ildə, Azərbaycan çox çətin şərtlərlə üz-üzə qalanda, ərazisində müharibə gedəndə, torpaqları işğal ediləndə, dərin böhran içində olanda qəbul edilmişdir. 1992-ci ildə ABŞ Konqresinin qəbul etdiyi bu sanksiyalarda məqsəd ondan ibarət idi ki, guya Azərbaycan Ermənistanı blokadaya alır. Deməli, konqresmenlər o zaman olduğu kimi, indi də Vaşinqtonda əyləşib, məsələnin mahiyyətindən xəbərdar olmadan sadəcə erməni lobbisinin təsiri ilə qərarlar qəbul edir, müraciətlər ünvanlayırlar. Azərbaycan Prezidentinin Şuşa Qlobal Media Forumunda dediyi kimi, 2001-ci ildə biz ABŞ-a Əfqanıstandakı missiyasında lazım olduğumuz zaman Prezident və o vaxtkı bütün prezidentlər həmin sanksiyanın qüvvəsini dayandırırdı. Amma Prezident Bayden onu yenidən tətbiq etdi.
Rəsmi Bakı Birləşmiş Ştatlarla güclü tərəfdaşlıq münasibətləri üçün böyük potensialın olduğu qənaətindədir və Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldırılacağına ümid edir.
Onu da vurğulayaq ki, zaman-zaman Azərbaycanın əleyhinə iş aparan konqresmenlərin bir çoxu çirkli reputasiyaya malikdirlər. Məsələn, onlardan biri keçmiş senator Bob Menendez korrupsiya və rüşvətxorluğa görə məhkum olunub. Məlum müraciətin təşəbbüskarlarından olan demokrat senator Adam Şiffi isə Prezident Trampı sərt tənqid edib, onun cinayət məsuliyyətinə cəlb olunmasının zəruriliyini bildirib. Başqa biri Frank Peloni də Azərbaycanda kifayər qədər "tanınır". Ötən il COP29 tədbiri zamanı Bakıya səfər etmiş konqresmen Peloni yerli ictimai fəallar tərəfindən "Rədd ol!" şüarları ilə qarşılandı və səfərini yarımçıq qoyaraq ölkəmizi tərk etdi.
Yada salaq ki, Azərbaycan QHT-nin ABŞ Dövlət katibi Marko Rubioya ünvanladıqları müraciətdə də həmin konqresmenlərin qərəzli fəaliyyətinə diqqət çəkilir, həmçinin könüllü olaraq bölgəni tərk edən ermənilərin "təəssübünü" çəkən bu şəxslərin vaxtilə zorakılıqla öz dədə-baba yurdlarından deportasiyaya məruz qalmış azərbaycanlıların qayıdış hüququ barədə heç danışmadıqları diqqətə çatdırılıb.
Müraciətdə bir qrup ABŞ konqresmeninin Azərbaycanın suveren əraziləri mövzusunda riyakarlığı, Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə qarşı fəaliyyəti kəskin şəkildə pislənilib: "Hesab edirik ki, Bayden-Blinken dövrünün ermənipərəst simaları faktiki olaraq ABŞ Prezidenti Donald Trampın Cənubi Qafqazda sülh səylərinə qarşı açıq təxribata əl atıblar".
O da vurğulanıb ki, regiona aidiyyəti olmayan, məsələlərdən xəbərsiz şəxslərin ABŞ-dakı erməni lobbisinin maddi həvəsləndirmələri müqabilində məsuliyyətsiz bəyanatlara imza atmaları təəssüf doğurur: "Biz hesab edirik ki, bu gün Azərbaycanın suveren ərazilərinə ermənilərin qayıdışı haqqında danışan Peloni kimi konqresmenlər, ilk növbədə, Ermənistandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu da tanımalıdırlar. Qərbi Azərbaycandan didərgin düşən insanlar dinc yolla doğma yurdlarına qayıtmalıdırlar. Qərbi Azərbaycan İcması da bu istiqamətdə Ermənistanla dialoq qurmağa hazırdır".
Göründüyü kimi, konqresmenlərin yenidən aktivləşməsi həm sülh prosesinə əngəl olmaq, həm də Azərbaycan-ABŞ münasibətlərindəki müsbət tendensiya ilə bağlıdır. Azərbaycan illər əvvəl ən ağır şərtlər altında olarkən bu cür kampaniyaları dəf edə bildisə, kiminsə diktə ilə danışmasına imkan vermədisə, indiki halda təbii ki, bu, tamamilə mümkünsüzdür. Güclü və haqlı Azərbaycan üçün belə kampaniyalar əbəsdir.



