
“Çin və Azərbaycan Dünya Antifaşist müharibəsindəki Qələbəyə əvəzsiz tarixi töhfələr veriblər. Hər iki ölkə çoxtərəfliyin, beynəlxalq bərabərliyin və ədalətin müdafiəsində əsas qüvvədir”.
525.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey Prezident İlham Əliyevin Çinə son səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Mən Azərbaycan tərəfinin bu yaxınlarda dərc olunmuş tarixi materialları ilə tanış oldum, xüsusi olaraq öyrəndim ki, 40 mindən çox azərbaycanlı Uzaq Şərq və Zabaykalye cəbhələrində xidmət edib, Yaponiyanın Kvantun ordusuna qarşı döyüşlərdə fəal iştirak edib.
“Onlar Çinin Harbin, Şenyan və Çançun kimi mühüm şəhərləri uğrunda gedən döyüşlərdə mühüm töhfələr veriblər. Çin təcavüzə qarşı apardığı mübarizədə Azərbaycan xalqının göstərdiyi dəstəyi və köməyi heç vaxt unutmayacaq.
Faktlar sübut edir ki, beynəlxalq vəziyyət nə qədər təlatümlü olarsa, Çin və Azərbaycan bir o qədər həmrəyliyi və əməkdaşlığı gücləndirməli, dünyaya daha çox sabitlik və müsbət enerji gətirməlidir”, - diplomat vurğulayıb.
Əlavə edib ki, Çin iki dövlətin liderləri tərəfindən əldə edilmiş mühüm razılaşmaların həyata keçirilməsi üçün Azərbaycanla birgə səylər göstərməyə, daha böyük nəticələr üçün tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməyə, beynəlxalq bərabərliyin və ədalətin qorunmasına, dünyada sülh və inkişafa daha böyük Çin-Azərbaycan töhfələrini verməyə hazırdır”.
Pərvanə Sultanova



