
Bu gün Azərbaycanı böyük Zəfərə aparan Vətən müharibəsinin başlanmasından 5 il ötür. 2020-ci il sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin növbəti genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən və Azərbaycanın şanlı qələbəsi ilə noyabrın 10-da başa çatan müharibə torpaqlarımızın 30 ilə yaxın davam edən işğalına son qoydu. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir. Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Azərbaycan ərazilərinin 20 faizinin 30 ilə yaxın işğal altında qaldığı müddətdə aparılan sülh danışıqları heç bir nəticə vermədi. Ermənistan hakimiyyəti sülhlə manipulyasiya edir, ATƏT-in artıq keçmiş olan Minsk qrupu isə sadəcə turistik səfərlər etməklə işini bitmiş sayırdı. Azərbaycan Prezidenti hər zaman bəyan edirdi ki, tarixi torpağlarımızda ikinci erməni dövləti yaradılmasına heç vaxt imkan verə bilmərik. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik.
Ermənistan rəhbərliyi isə bir tərəfdən vəziyyəti daha da gərginləşdirən bəyanatlar səsləndirir, digər tərəfdən isə hərbi təxribatlara əl atırdı. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Günnüt əməliyyatı və 2020-ci ilin iyulunda Tovuz döyüşləri cəbhədə eskalasiyanı daha da artırdı. Bu döyüşlərin hər biri Azərbaycan Ordusunun mütləq qələbəsi ilə başa çatsa da, Ermənistan tərəfi dərs almaq istəmirdi. 2020-ci ilin avqust ayında Ermənistan daha bir hərbi təxribata əl ataraq, terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi. Lakin Azərbaycan Ordusu bu təxribat planını da pozdu.
Nəhayət, 27 sentyabrda Ermənistan bir neçə istiqamətdən Azərbaycan Ordusunun mövqelərinə doğru hücuma keçdi, ağır artileriyadan istifadə edərək yaşayış məntəqələrinə şiddətli atəş zərbələri endirdi. Prezident İlham Əliyev 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: "Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!"
Müharibənin ilk günlərindən başlayaraq hərbi üstünlüyə malik olan ordumuz "Dəmir yumruq" adlandırılan əməliyyatlarla kəndləri, strateji yüksəklikləri, ardınca şəhər və rayonlarımızı düşmən işğalından azad etməyə başladı. 27 sentyabrda Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi.
Ümumilikdə, Azərbaycan Ordusu sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib. 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi.
Dövlət başçısı xüsusilə Füzuli döyüşləri barədə danışarkən deyib: "Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək. Təkcə Füzuli əməliyyatı yox, başqa əməliyyatlar da. Doğrudan da çox böyük peşəkarlıq, məharət, şücaət, fədakarlıq tələb edən döyüşlərdi. Çünki bu 30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq Müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi".
Şuşanın işğaldan azad edilməsi xəbərini isə dövlət başçısı noyabrın 8-də Şəhidlər xiyabanından xalqa sayca yeddinci müraciətində elan etdi. Prezident İlham Əliyev hələ oktyabr ayında mediaya müsahibəsində Şuşa ilə bağlı suala cavabında demişdir ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.
Nəhayət noyabrın 10-da ağır məğlubiyyətə uğramış, ordusu darmadağın olmuş Ermənistan rəhbərliyi kapitulyasiya aktı imzalamağa məcbur oldu. Üçtərəfli bəyanatla münaqişə zonasında atəş və bütün hərbi əməliyyatlar tam dayandırıldı.
Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanata uyğun olaraq, 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Prezident Laçının mərkəzində dövlət bayrağımızı ucaltdı. Vətən müharibəsində qələbədən üç il sonra - 2023-cü ilin sentyabrında bir gündən də az davam edən lokal antiterror tədbirləri ilə Azərbaycan öz ərazisində separatizmin, terrorçuluğun kökünü kəsərək, dövlət suverenliyini tam bərpa etdi.
Vətən müharibəsində böyük qələbəyə imza atan Azərbaycan 3 minə yaxın şəhid verdi, 6 nəfər itkin düşüb. Düşmənin itkiləri isə daha çox 7-8 minə çatır.
Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gündə Zəfər tarixini yazdı. Dövlət başçısı İlham Əliyev öz çıxışlarında hər zaman bəyan edir ki, qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri, Azərbaycan zabitidir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torpaqlarımıza qayıdırıq... Biz bu Qələbəyə görə onlara borcluyuq".
Ali Baş Komandan İlham Əliyev çıxışlarında daim bəyan edir ki, şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.
Bu gün artıq azad olunmuş ərazilərimizdə "Böyük Qayıdış" proqramı uğurla icra edilir. İllərlə yurd həsrəti çəkən insanlarımız üçün ən yüksək səviyyədə şərait yaradılıb. Azərbaycanın səyləri ilə regionda sülh bərqərar olub.
PƏRVANƏ



