
Fələstin Dövlətinin Azərbaycandakı səfiri Əhməd Metaninin “525-ci qəzet”ə müsahibəsi
- Cənab səfir, ilk növbədə müsahibəyə vaxt ayırdığınız üçün sizə təşəkkür edirəm. Artıq 6 aydır ki, Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. Azərbaycanı necə gördünüz, hansı təəssüratlarınız var?
- Təşəkkür edirəm. Azərbaycanda olduğum 6 ay ərzində bu ölkənin gözəlliyi və ruhu məni dərindən təsirləndirib. Qədim tarixlə müasir tərəqqinin bir arada olduğu Azərbaycan həqiqətən də çox gözəldir. Burada insanlar olduqca mehriban, qonaqpərvərdir və zəngin irsləri ilə qürur duyurlar. Bakının hərəkətli küçələrindən tutmuş, bölgələrin sakit mənzərələrinə qədər getdiyim hər yerdə bu xalqı təcəssüm etdirən dərin mədəniyyət, qürur, milli birlik hiss edirəm. Azərbaycanın inkişaf, mədəniyyət və beynəlxalq diplomatiya sahəsində əldə etdiyi nailiyyətlər möhtəşəmdir. Ölkə Şərqlə Qərb, ənənə və innovasiya arasında körpüyə çevrilib.
Azərbaycan xalqının qonaqpərvərliyi, mehribanlığı nəticəsində özünü evindəki kimi hiss edirsən. Mənim üçün burada xidmət etmək üstünlükdür, iki qardaş xalq arasında artan dostluq və əməkdaşlığa töhfə verməyi səbirsizliklə gözləyirəm.
- Azərbaycan-Fələstin münasibətləri ilə bağlı fikirləriniz necədir?
- Fələstin və Azərbaycan arasındakı dostluq ortaq dəyərlərə, qarşılıqlı hörmətə, ədalət və sülh yolunda birgə səylərin uzun tarixinə əsaslanan əsl qardaşlıqdır. Xalqlarımız onilliklər ərzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Qoşulmama Hərəkatı çərçivəsində çiyin-çiyinə addımlayıb, həyati əhəmiyyət kəsb edən beynəlxalq məsələlərdə bir-birini daim dəstəkləyiblər. Prezident İlham Əliyevin və Prezident Mahmud Abbasın müdrik rəhbərliyi altında tərəfdaşlığımız hər sahədə - siyasi dialoq, mədəni mübadilə və akademik əməkdaşlıq sahələrində daha da möhkəmlənib.
Azərbaycan humanitar təşəbbüsləri, fələstinli tələbələr üçün təqaüdlər və beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də tutduğu prinsipial mövqeyi ilə Fələstin xalqı ilə həqiqi həmrəyliyini ardıcıl olaraq nümayiş etdirir. Fələstin Azərbaycanın diqqətəlayiq inkişafına və dünya miqyasında artan təsirinə dərin heyranlıq bəsləyir.
Azad edilmiş ərazilərinin yenidən qurulmasından, infrastrukturun modernləşdirilməsinə və innovasiyaların irəliləməsinə qədər olan transformasiya ölkənin baxışını, qətiyyəti və dayanıqlılığını əks etdirir. Azərbaycanın balanslaşdırılmış və konstruktiv diplomatiyası, eləcə də qlobal enerji və sülh səylərində fəal iştirakı onun regional və beynəlxalq lider kimi mühüm rolunu göstərir. Biz xalqlarımızı birləşdirən yaxın və qardaşlıq bağı ilə fəxr edirik. Azərbaycanın uğurları Fələstin üçün qürur və ilham mənbəyidir. Azərbaycan hökumətinə və xalqına firavanlıq və əmin-amanlıq arzulayırıq.
- Oktyabrın 13-də mühüm bir hadisənin şahidi olduq. Dünya liderləri Misirdə Qəzza sülh sazişini imzaladılar. Bu, Fələstin üçün nə deməkdir?

- Misirdə imzalanan Qəzza sülh sazişi Fələstin üçün böyük əhəmiyyət kəsb edir. Bu, ağrılı müharibə və soyqırım mərhələsinin sona çatdığını bildirir və Qəzzanın yenidən qurulmasına, xalqımız üçün normal həyatı bərpa etməyə yol açır. Bizim üçün bu, sabitliyə, birliyə ümid, davamlı sülhə aparan ciddi siyasi prosesin başlanması deməkdir. Razılaşma həm də Fələstin hökumətinin Qəzzada yenidənqurma və idarəetmədən məsul olan qanuni orqan kimi mərkəzi rolunu gücləndirir. Biz bunu siyasi qazanc kimi deyil, daha geniş beynəlxalq birliyin əməkdaşlığı ilə həyata keçirəcəyimiz milli və humanitar vəzifə kimi görürük. İndi diqqət Nyu-York Bəyannaməsində bir daha təsdiqləndiyi kimi, ərəb, islam dünyası və beynəlxalq birlik tərəfindən geniş dəstək almış Fələstin hökumətinin Bərpa və Yenidənqurma Planını həyata keçirməyə yönəldilməlidir. Məqsədimiz aydındır: İordan çayının qərb sahili və Qəzza zolağında bütün Fələstin qurumlarını birləşdirmək, bu sülhün ədalətə, suverenliyə və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin qurulmasına əsaslanan siyasi həllə gətirib çıxarmasını təmin etməkdir. Bir sözlə, bu saziş ümidə doğru bir addımdır və real dəyişikliyə, dirçəlişə, xalqımız üçün ləyaqətli gələcəyə çevrilməlidir. Qəzza sülh sazişi məşəqqətdən suverenliyə yol açır.
- Yeri gəlmişkən, Misir prezidenti Əbdülfəttah əs-Sisi bəyan edib ki, Qəzza zolağı ilə bağlı razılaşma Fələstin dövlətinin yaradılmasına və onun İsraillə sülh şəraitində yaşamasına yol açır. Nəhayət, Fələstin dövləti qurulacaq?
- Prezident Əbdülfəttah əs-Sisinin bəyanatı ölkəmizin İsraillə yanaşı sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil, suveren Fələstin dövlətinin yaradılması ilə bağlı uzun müddətdir paylaşdığı və üzərində çalışdığı baxışını əks etdirir. Bu məqsəd yeni deyil; onun kökü beynəlxalq hüquq, BMT qətnamələri və Ərəb Sülh Təşəbbüsünə əsaslanır. Qəzza sülh sazişi münaqişənin idarə olunmasından onun həllinə keçmək üçün mühüm siyasi imkan təklif edir. Lakin Fələstin dövlətinin reallığa çevrilməsi üçün sözlərdən sonra işğala son qoyulması, məskunlaşmanın genişləndirilməsinin dayandırılması, blokadanın götürülməsi və Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı kimi tanınması ilə bağlı konkret addımlar atılmalıdır.
Biz Misirin rəhbərliyinin, ədalətə və bərabər hüquqlara əsaslanan əsl sülh prosesi üçün çalışan ərəb və beynəlxalq tərəfdaşlarımızın səylərini yüksək qiymətləndiririk. Fələstin dövləti uzaq qeyri-mümkün istək deyil; tarixi və qanuni hüquqdur. Səmimi beynəlxalq iradə və mövcud öhdəliklərin yerinə yetirilməsi ilə Fələstin Dövlətinin yaradılması reallığa çevrilə bilər və bu, olmalıdır.
- Fələstinlilər Qəzzanın idarə olunması ilə bağlı plandan razıdırlar?
- Fələstinin mövqeyi ardıcıl və prinsipialdır. Qəzza Fələstin Dövlətinin ayrılmaz bir hissəsidir və onun idarəçiliyi qanuni Fələstin hökuməti tərəfindən həyata keçirilməlidir. Biz bu məsələyə məmnunluq və ya narazılıq nöqteyi-nəzərindən deyil, daha çox legitimlik və milli məsuliyyət baxımından yanaşırıq. Qəzza ayrı bir humanitar məsələ deyil, suverenliyə, ədalətə və işğala son qoyulmasına bağlı siyasi və milli bir məsələdir. Humanitar yardım və yenidənqurma həyati əhəmiyyət kəsb edir, lakin siyasi hüquqları əvəz edə bilməz. Müvəffəqiyyətin əsl ölçüsü Qəzzanın vahid qanuni hakimiyyət və vahid Fələstin idarəetmə sistemi - bir dövlət, bir qanun, bir silah altında İordaniya çayının qərb sahilinə yenidən inteqrasiyası olacaq.
Fələstin hökuməti Nyu-York Bəyannaməsində təsdiq olunduğu kimi “Bərpa və Yenidənqurma Plan”ı üzrə geniş ərəb, islam və beynəlxalq konsensusu alqışlayır. Bu plan, yenidənqurma səylərinin xarici himayə deyil, beynəlxalq dəstək və nəzarət altında Fələstin qurumları tərəfindən həyata keçirilməsini təmin edir.
- HƏMAS-ın tərksilah edilməsi gündəmdədir. Bu, tamamilə mümkün görünür?
- Rəsmi mövqeyimizə görə, Qəzza Fələstin Dövlətinin tərkib hissəsidir və vahid legitim milli hakimiyyət tərəfindən idarə olunmalıdır: bir dövlət, bir qanun, bir silah. Məqsəd selektiv olaraq tərksilah deyil, silahlı qüvvələrin Fələstin hökumətinin tabeliyində birləşdirilməsi, bütün silahların qanuni milli çərçivədə cəmlənməsini təmin etməkdir. Bunun mümkün olması üçün ilk növbədə əsas səbəblər aradan qaldırılmalıdır: işğala son qoymaq, blokadanı aradan götürmək və Fələstin rəhbərliyi altında Qəzzanı yenidən qurmaq. Ədalət və siyasi suverenlik olmadan təhlükəsizlik və sabitlik mövcud ola bilməz. Bu şərtlər yerinə yetirildikdən sonra Fələstinin rəhbərliyi altında qanuni təhlükəsizlik qüvvələrinin birləşdirilməsi uzunmüddətli sülh üçün həm real, həm də zəruri olur.

- Sülh sammitində Azərbaycan da iştirak etdi. Eyni zamanda, Azərbaycan və Fələstin liderlərinin qısa görüşü oldu. Bu məsələdə rəsmi Bakının mövqeyini necə qiymətləndirirsiniz?
- Azərbaycanın sülh sammitində iştirakı və Prezident İlham Əliyevlə Prezident Mahmud Abbasın görüşü iki qardaş xalq arasında münasibətlərin dərinliyini və səmimiliyini əks etdirir. Biz Azərbaycanın Fələstin problemində beynəlxalq hüquq və ədalətə əsaslanan prinsipial və balanslı mövqeyini yüksək qiymətləndiririk.
Rəsmi Bakı regional və beynəlxalq forumlarda, o cümlədən BMT, Qoşulmama Hərəkatı və İƏT-də ardıcıl olaraq Fələstinə dəstək verib. Dərhal atəşkəs, humanitar yardım və müstəqil Fələstin dövlətinin yaradılmasına əsaslanan ədalətli siyasi həll çağırışları sülhə və insan ləyaqətinə həqiqi sadiqliyini nümayiş etdirir. Biz xalqımızın ən ağır dönəmlərindən birində Azərbaycanın həmrəyliyini yüksək qiymətləndiririk. Fələstin xalqının azadlığını və dövlətçiliyini təmin edən ədalətli və davamlı sülh yolunda çalışarkən, Azərbaycanla siyasi, iqtisadi və humanitar sahədə sıx koordinasiyanı davam etdirməyi səbirsizliklə gözləyirik.
- Azərbaycanın gələcək proseslərdə rolunu necə görürsünüz? Məsələn, Qəzzanın yenidənqurulması və sair...
- Azərbaycan növbəti mərhələdə, xüsusilə də Qəzzanın bərpası və yenidənqurulmasında mühüm rol oynaya bilər. Azad olunmuş ərazilərini uğurla bərpa etmiş bir ölkə kimi Azərbaycanın bərpa, infrastrukturun inkişafı və münaqişədən sonrakı dirçəliş sahəsindəki təcrübəsi dəyərli baxış və ilham mənbəyi rolunu oynayır. Biz Azərbaycanın balanslaşdırılmış diplomatiyasını, ədalət və beynəlxalq hüquq sahəsində prinsipial mövqeyini və İslam dünyasında artan liderliyini yüksək qiymətləndiririk. Fələstin Nyu-York Bəyannaməsində bir daha təsdiq olunduğu kimi, Azərbaycan da daxil olmaqla bütün tərəfdaşların Bərpa və Yenidənqurma Planına verdiyi dəstəyi alqışlayır. Fələstin hökumətinin müəyyən etdiyi prioritetlərə uyğun olaraq infrastruktur, təhsil, səhiyyə, şəhərsalma və arxitektura kimi praktiki əməkdaşlıq sahələrinin araşdırılmasını səbirsizliklə gözləyirik. Azərbaycanın davamlılıq nümunəsi, inkişafa sadiqliyi və həmrəyliyi onu etibarlı tərəfdaşa çevirir. Əminik ki, onun fəaliyyəti Qəzzanın bərpasına, xalqımız və bütövlükdə region üçün ədalətli və davamlı sülhün əldə olunmasına müsbət töhfə verəcək. Azərbaycanın dayanıqlılıq nümunəsi bizim yenidənqurma baxışımızı ruhlandırır.
- Cənab səfir, siz sülhün davamlı olacağına inanırsınız?
- Sülh yalnız ədalətli, əhatəli və Fələstin xalqının qanuni milli hüquqlarının tanınmasından qaynaqlandığı təqdirdə davamlı ola bilər. Təkcə atəşkəs kifayət deyil. Sülhü təmin edən işğalın sona çatması, blokadanın qaldırılması və paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılmasıdır. Davamlı sülh üçün cavabdehlik, yenidənqurma və münaqişənin təkcə nəticələrini deyil, səbəblərini də aradan qaldıran həqiqi siyasi proses tələb olunur. Fələstin hökuməti xalqımız qarşısında öz öhdəliklərini yerinə yetirməyə, hərtərəfli və davamlı həlli dəstəkləyən ərəb və beynəlxalq tərəfdaşlarla işləməyə sadiqdir. Biz sülh istəyirik. Biz təhlükəsiz və ləyaqətli həyat yaşamaq istəyirik. Övladlarımızın sülh və harmoniyada böyüməsini istəyirik. Lakin İsrail hökumətindəki radikal sağçı ekstremistlər bunu rədd edirlər. Onlar hakimiyyətdə qalmaq üçün zorakılığı, o cümlədən fələstinlilərin öldürülməsini təqdir edirlər. Qəzza sülh sazişinin ədalət, suverenlik və qarşılıqlı tanınma üzərində qurulmuş yeni mərhələyə başlayacağına ümid edirik.
Xalqımızın dözümlülüyü bizdə əminlik yaradır ki, həqiqətə və ədalətə əsaslanan sülh əldə edilə və davamlı ola bilər.
Pərvanə Sultanova



