
Xalq artisti Roza Cəlilova "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.
525.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət yoldaşları iştirak ediblər.
Qeyd edək ki, Roza Cəlilova ilə vida mərasimi Təzəpir məscidində keçirilib.
***
Xalq artisti xoreoqraf-baletmeyster Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.
525.az xəbər verir ki, vida mərasimində mərhumun ailə üzvləri, sənət dostları, Mədəniyyət Nazirliyinin əmakdaşları və media mənsubları iştirak ediblər.
Mərasimin ardınca cənazə dəfn olunmaq üçün "Qurd qapısı" qəbiristanlığına aparılıb.
***
Xalq artisti rəqqasə, xoreoqraf-baletmeyster Roza Cəlilova vəfat edib.
525.az xəbər verir ki, bu barədə APA-ya onun qızı məlumat verib.
96 yaşlı rəqqasə bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirərək iki il M.F. Axundov adına Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyət göstərib, 1965–1975-ci illərdə rəqs qrupuna rəhbərlik edib.
Roza Cəlilova uzun illər xoreoqraf kimi çalışıb və 1989-cu ildə yaratdığı “Gülüstan” Mahnı və Rəqs Ansamblı ilə geniş tanınıb. Onun repertuarında Azərbaycan milli rəqsləri ilə yanaşı ərəb, fars, hind və digər xalqların rəqsləri də yer alıb. Səhnə fəaliyyəti dövründə Kanada, Çexoslovakiya, Efiopiya, Çin, ABŞ, Türkiyə, İraq, Mərakeş və digər ölkələrdə çıxış edib.



