
Bu günlərdə Bişkekdə Xalq yazıçısı Anarın “Seçilmiş hekayələr” kitabı çapdan çıxıb.
525.az xəbər verir ki, kitaba Çingiz Aytmatovun 2005-ci ildə Anar haqqında yazdığı geniş məqaləsi ön söz kimi verilib. Tanınmış yazıçı Kotorqən Joldobek Monoldorovun qırğız dilinə çevirdiyi kitaba Anarın on dörd hekayəsi daxil edilib. Kitaba yazıçının Moskvada çıxan kitablarının, eləcə də filmlərinin siyahısı da əlavə olunub.
Özbəkistanda nəşr olunan “Təfəkkür! jurnalında isə Anarın “Yaşasın söz azadlığı” hekayəsi çap edilib. Ümumiyyətlə, Özbəkistanda yazıçının on bir kitabı çıxıb, ədəbi qəzet və jurnallarda onlarla hekayələri, müsahibələri dərc olunub. “Dantenin yubileyi” povesti televiziya ekranında səhnələşdirilib, “Zəncir” hekayəsi əsasında bəstəkar E.Kələntərovun yazdığı musiqili komediya Mukimi adına Dövlət Teatrında tamaşaya qoyulub, “Asqılıqda işləyən qadının söhbəti” hekayəsi əsasında qısametrajlı film çəkilib.
Özbəkistan Prezidenti Ş.Mirziyoyev Anarın 85 illiyi münasibətilə onu qardaş ölkənin “Dostluq” ordeni ilə təltif edib.
Qazaxıstanda da Anarın yeni - beşinci kitabı nəşrə hazırlanır.



