|
|
|
|

Cəmiyyətimizdə geniş miqyasda əsasən tələbə və şagirdlər arasında keçirildiyini müşahidə etdiyimiz eridisiya və bilik yarışlarının davamlı estafetindən Ağstafanın pedaqoji heyəti də geri qalmaq istəmədiyini nümayiş etdirib. Rayonun orta məktəblərinin müəllimlərdən ibarət komandalarının intellektual yarışları böyük maraq doğurub.
Tədbir “Konstitusiya və Suverenlik İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman salonunda baş tutub.
Tədbirin gedişi zamanı sözügedən qoruğun ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və bu artefaktlara aid nəşrlər və digər çap məhsullarından ibarət sərgi də nümayiş olunub.
Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. O, çıxışı zamanı müəllimlərin bu maraqlı görüşünə uğur arzularını çatdırıb və “Konstitusiya və Suverenlik İli” ilə bağlı bu yarışın mövzularının dövlətimiz və cəmiyyətimizlə bağlı yüksək amallara həsr olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib.
Rayonun 31 ümumtəhsil müəssisəsinin pedaqoqlarından ibarət komandaları arasında keçirilən və məktəblilərin də öz müəllimlərinin uğurlu çıxışlarını diqqətlə izlədikləri yarışın əsas qayəsi dövlətçiliyimiz, tariximiz, mədəniyyətimiz və mənəvi dəyərlərimizin təbliği olub.
Münsiflər heyətinin qiymətləndirilmələrinin yekunları üzrə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızılhacılı” komandası isə 3-cü yerlərə layiq görülüblər.
Zakir Muradov,
Ağstafa-Gəncə





