
Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı ilə Şabran rayonunda VII “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinə start verilib.
525.az xəbər verir ki, düşərgə çərçivəsində Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin şagirdləri ilə Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində təhsil alan, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları bir araya gəliblər.
Açılış mərasimində Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ceyhun Məmmədov, Şabran Rayon İcra Başçısının müavini İlkin Ağayev, İkinci Qarabağ müharibəsi qazisi Orxan Xıdırov və Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzinin sədri Qasım Nəsirov çıxış edərək layihənin əhəmiyyəti barədə iştirakçılara məlumat veriblər. Tədbir zamanı “Qardaşlaşmış Qarabağ Məktəbləri” layihəsi çərçivəsində əvvəlki illərdə təşkil olunan düşərgələrə həsr edilən videoçarx nümayiş etdirilib və iştirakçılara layihənin keçdiyi yol barədə ətraflı məlumat verilib.
23-29 dekabr 2025-ci il tarixlərində “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən düşərgə ərzində iştirakçılar üçün maarifləndirici təlimlər, intellektual oyunlar, mədəniyyət və idman tədbirləri, vətənpərvərlik mövzusunda görüşlər, yaradıcı məşğələlər və sağlamlıq yönümlü proqramlar təşkil olunur. Bu fəaliyyətlər uşaqların dünyagörüşünün genişlənməsinə, ünsiyyət bacarıqlarının inkişafına və komanda ruhunun formalaşmasına xidmət edəcək. Düşərgənin ikinci mərhələsinin isə 2026-cı ilin yay aylarında Fransada keçirilməsi nəzərdə tutulur.



