
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Yəməndəki son hadisələri yaxından izləyir və gərginliyin davam etməsindən dərin narahatlığını ifadə edir”.
525.az xəbər verir ki, bu barədə BƏƏ-nin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Qeyd olunub ki, BƏƏ qardaş Yəmən xalqını müdrikliyə, təmkin göstərməyə və ölkədə təhlükəsizlik və sabitliyi təmin etmək üçün səy göstərməyə çağırır.
“BƏƏ Yəmənin və regionun təhlükəsizliyinə, sabitliyinə və rifahına olan qətiyyətli sadiqliyini rəhbər tutaraq, gərginliyin aradan qaldırılması, qarşıdurmadan daha çox dialoqa üstünlük verilməsinin və qardaş yəmənlilər arasında mövcud fikir ayrılıqlarının anlaşma və konsensus yolu ilə həll edilməsinin vacibliyini vurğulayır. Bu proses rasional və məsuliyyətli bir yanaşma əsasında, xalqın maraqlarını prioritetləşdirmək, sabitlik və rifahı önə çıxarmaqla həyata keçirilməlidir”, - bəyanatda bildirilir.
BƏƏ bir daha təsdiqləyir ki, mövcud çətinliklərin öhdəsindən gəlməyin, Yəməndə və regionda davamlı sabitliyə töhfə verməyin və xalqın təhlükəsizlik və rifah arzularını yerinə yetirməyin ən təsirli yolu gərginliyin azaldılması və konstruktiv dialoqdur.
Pərvanə Sultanova



