
“İranda hər etiraz aksiyadan sonra rejim daha da zəifləyir, proseslər isə aktiv olmasa da, davam edir. Biz görürük ki, hazırkı aksiyalar əvvəlkilərdən fərqlənir, əgər hadisələr bu məntiqlə davam edərsə, qarşıdakı illərdə rejim hər halda olduğu kimi qalmayacaq, dəyişəcək. Hansı formada dəyişəcəyini, bunun dəqiq nə zaman baş verəcəyini demək bir qədər çətindir”.
Bu barədə 525.az-a politoloq İlqar Vəlizadə İrandakı vəziyyəti şərh edərkən bildirib.
O deyib ki, İranda müxtəlif qruplar – islahatçılar, mühafizəkarlar fəaliyyət göstərirlər. Həmin qrupların da arasında müəyyən qruplaşmalar var. İslahatçı qruplar doğrudan da həm siyasi, həm iqtisadi islahatlar təklif edirlər. Politoloq əlavə edib ki, bu təkliflərin böyük bir hissəsi reallaşdırılmamış qalır, çünki mühafizəkarlar onlara imkan vermirlər:
“Amma cəmiyyətin böyük hissəsi tərəfindən bu fikirlər əslində dəstəklənir. Prezident Məsud Pezeşkianın fikirləri, onun ictimaiyyətlə olan bu dialoqu əslində böyük bir kütlə tərəfindən dəstək qazanıb. Orda yaşayan azərbaycanlıların əksəriyyəti də bu cür yanaşmanı dəstəkləyirər. O deyir ki, konstitusiyanın müddəalarına əməl etməliyik. İran konstitusiyasının 15-ci bəndində bütün xalqların öz dilində danışması, onu inkişaf etdirməsi təsbit olunub, amma reallaşdırılmamış qalır. Bu yaxınlarda Pezeşkianın seçki kampaniyasına aid olan videosu yayımlandı. Orada deyir ki, “biz oğruyuq”. Söhbət əlbəttə ki, hakimiyyətdəki müəyyən qruplardan gedir, onlar korrupsiya ilə məşğul olur, siyasi sistemi, iqtisadiyyatı zəiflədirlər. Pezeşkian bu sistemin tərkibində olan adamdır. Amma görünən odur ki, sistemdə elə şəxslər var ki, islahatlar aparmaq istəyirlər”.

İ.Vəlizadə əlavə edib ki, şahın oğlu Rza Pəhləvinin hakimiyyətə gətirilməsi, insanların onu dəstəkləməsi barədə iddialar var, əslində isə belə deyil. Cəmiyyətin hansısa təbəqəsi mümkündür ki, onu dəstəkləsin. Amma bu, daha çox Qərbin marağında olan ssenaridir.
“Bütün bu məqamlar onu göstərir ki, biz birmənalı şəkildə İrandakı prosesləri təhlil edə, onun hansı ssenari əsasında gedəcəyini deyə bilmərik. Amma görünən odur ki, proseslər getdikcə mürəkkəbləşir və müxtəlif qrupların maraqları ifadə olunur. Hansı qrup proseslərdən daha çox mənfəət qazanacaqsa, o qrup İranın siyasi mənzərəsini müəyyənləşdirəcək. Şahın varislərinin gəlməsini istisna ediriksə, yerdə qalan yenə də bu prosesin iştirakçıları olacaq. Ya mühafizəkarlar, - onların şansı azdır -, ya da islahatçılar. Real ssenaridən danışsaq, islahatçıların şansları daha çoxdur, sadəcə olaraq bundan istifadə etməlidirlər. İndi rejimin dəyişməsindən danışmaq çox tez olardı, hazırda rejimdə islahatların aparılması daha real görünə bilər”.
ABŞ-ın İrana münasibətdə hansı addımı ata biləcəyinə gəlincə, politoloq deyib ki, hücum mümkün görünə bilər, amma söhbət ondan gedir ki, bu hücumlar hansı nəticəni verəcək:
“İran-İsrail müharibəsi göstərdi ki, əksinə, xalq hökumətlə daha sıx şəkildə fəaliyyət göstərdi. Həmin müddətdə iğtişaşlar olmadı. Yəni belə zərbələrdən iqtidar maksimum istifadə edəcək və repressiyaları genişləndirəcək. Deyəcəklər ki, biz müharibə şəraitindəyik və belə vəziyyətdə nə demokratiya, nə iğtişaşlar, bunlar hamısı Qərbin adamlarıdır. İndi də bu cür tezislər səslənir. Ona görə də inanmıram ki, belə zərbələrin proseslərə xeyri olsun”.
Pərvanə Sultanova



