
Bu gün Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyasının təqdimatı ilə bağlı mətbuat nümayəndələri və ictimaiyyət üçün bilgiləndirmə sessiyası keçirilib.
525.az xəbər verir ki, tədbiri giriş sözü ilə Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova açaraq qonaqları salamlayıb və sessiyanın məqsədi haqqında məlumat verib.
Daha sonra konsepsiya ilə bağlı təqdimat videosu nümayiş olunub. Videoçarxda Azərbaycan mədəniyyətinin müasir modeli, konsepsiyanın mərhələləri, Azərbaycan dilinin təbliği və gücləndirilməsi və sair kimi məsələlər barədə məlumat verilib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxışında bildirib ki, “Azərbaycan Mədəniyyəti – 2040” sənədi mədəni sahədə uzunmüddətli strateji yanaşmanı və inkişaf prioritetlərini özündə birləşdirir. Konsepsiya tək bir qurumun sənədi deyil, bütövlükdə mədəni ictimaiyyətin, ziyalıların və medianın fəal iştirakı ilə formalaşan ümumi yol xəritəsidir. Onun sözlərinə görə, Konsepsiyanın icrasında rəqəmsallaşma, kommunikasiya imkanlarının genişləndirilməsi və müasir idarəetmə alətlərindən istifadə xüsusi yer tutur. Eyni zamanda mədəniyyət iqtisadiyyatı, mədəni diplomatiya və milli dəyərlərin beynəlxalq səviyyədə tanıdılması da prioritet istiqamətlər sırasındadır.

İşçi qrupunun üzvü Nazlı Əhmədova “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası haqqında geniş təqdimatla çıxış edib.
Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov çıxışında bildirib ki, konsepsiyanın əsas məqsədlərindən biri qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin bütövlüyünü, saflığını, təmizliyini və azad ruhunu qorumaqdır. R. Hüseynov dövlət proqramları və konkret tədbirlər planı hazırlandıqca bu işin daha da sistemləşəcəyinə və güclənəcəyinə inandığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda ilk dəfədir ki, kompleks şəkildə belə bir mədəni konsepsiya tətbiq olunur.
“Azərbaycan dili mənşəyimizin, yaddaşımızın və dövlətçiliyimizin əsas sütunlarından biridir və heç vaxt “tarixi bədəndən” ayrılmamalıdır” - deyən akademik Nizami Cəfərov vurğulayıb ki, bu konsepsiyanın konseptual yanaşmasının əsas cəhətlərindən biri Azərbaycan dilinin ilk dəfə mədəniyyət faktoru kimi ayrıca qəbul edilməsi və mədəniyyətin strateji xəttində xüsusi yer tutmasıdır.
Kulturoloq, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov isə qeyd edib ki, bu gün təqdim olunan “Azərbaycan Mədəniyyəti - 2040” Konsepsiyası böyük hadisədir. Onun sözlərinə görə, sənəddə Azərbaycan mədəniyyətinə və ümumilikdə ölkənin mədəni inkişafına tamamilə yeni baxış təqdim olunur. Fuad Məmmədov bildirib ki, konsepsiya gələcəkdə yalnız ölkə daxilində deyil, daha geniş miqyasda da diqqət çəkəcək və müəyyən mənada paradiqma xarakteri qazanacaq.
Tədbirin davamında jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Şahanə Müşfiq





