
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Zaman sənindir!” adlı tədbir keçirilib.
525.az-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, hər bir xalqın aydın gələcəyi onun sağlam və düşüncəli gəncliyə sahib olmasına əsaslanır. Gəncliyə böyük dəyər verən Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixi respublikamızda Gənclər Günü kimi qeyd olunur. Əsası Ulu Öndər tərəfindən qoyulan və gənclərin inkişafına yönəldilmiş bu siyasət ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizin faydalı məşğulluğunun təmin edilməsi və habelə onların asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra dövlət proqramları hazırlanır.
Gənc istedadların yaradıcılıq imkanlarının nümayiş etdirilməsi, həmyaşıdları arasında tanıdılması və yaradıcılığa çağırış məqsədi daşıyan tədbirdə geyim dizaynerləri olan gənclər Selcan Qasımzadə, Aydan Novruzova öz kolleksiyalarından nümunələr təqdim edərək, həm təsviri sənət və dizayn sahəsində hazırladıqları kreativ işlər barədə, həm də məşğul olduqları sənət sahəsi haqqında ətraflı məlumat veriblər.
Daha sonra Aydan Novruzovanın geyim dizaynı ilə yanaşı, incəsənətin çox qədim və nadir növlərindən biri olan qobelen toxuculuğuna məxsus əl işləri nümayiş olunub. Eləcə də gənc rəssam Aydan Qurbanovanın portret, peyzaj və natürmort janrında çəkdiyi bir-birindən fərqli əsərləri də sərgilənib. Onun işlərində insan baxışlarının ifadəliliyi, rəng həlli və kompozisiya xüsusiyyətləri tədbir iştirakçılarının marağına səbəb oldu.
Həmçinin, gənc musiqiçilərin həm milli, həm də dünya klassikasının seçilmiş nümünunələrindən ibarət canlı ifaları tədbirə xüsusi rəng qatıb. Konsert proqramında gənc ifaçı Cəlal Səmədov Xalq artistləri Tofiq Quliyevin “Kimsən sən?” və Oqtay Kazıminin “Qaytar eşqimi” mahnıları ilə çıxış edib. Prezident mükafatçısı Səməd NovruzovCüzeppe Verdinin “Riqoletto” operasından “La donna e mobile” ariyasını, Günel Əsədova isə fortepianoda Vəfa Əzizova və Aytən Nəsibovanın müşayiətilə Xalq artisti Vasif Adıgözəlovun “Qərənfil” romansını, Corc Bizenin “Karmen” operasından “Habanera” ariyasını ifa ediblər.
Sonda fortepianoda solo çıxış edən Fatimə Vəliyeva ABBA qrupunun məşhur əsərlərindən ibarət musiqi kompozisiyasını təqdim edib.
Şahanə Müşfiq






