|
|
|
|

“ABŞ və İran mövcud problemləri diplomatik yolla həll etmək iradələrini qoruyub saxlayır və danışıqlar prosesi dayandırılmayıb”.
525.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Tayyib Ərdoğan deyib.
"ABŞ və İran arasında gərginliyi azaltmaq, bölgənin yeni münaqişə və xaosa sürüklənməsinin qarşısını almaq üçün əlimizdən gələni edirik. İrana hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bildirmişik və bunu həmkarlarımıza çatdırmışıq. Bu məqamda hər iki tərəfin diplomatiyaya qapı açmağa hazır olduğunu görürəm və bu, müsbət haldır”, - Ərdoğan bildirib.
Əlavə edib ki, həll qarşıdurmada deyil, ortaq məxrəc tapmaqda və danışıqlar aparmaqdadır.
“Bu proses aktivdir və kəsilməyib. Dialoq və diplomatiya üçün əsas açıq qalır", - Türkiyə lideri Misirdən qayıdarkən jurnalistlərə deyib.
O, həmçinin "aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra ABŞ və İranın liderlik səviyyəsində danışıqlarının" faydalı olacağı fikrini ifadə edib:
“Hərbi gərginliyin artması nəzərə alınmaqla, bu və ya digər şəkildə danışıqlar platformasının yaradılması vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və bölgəmizdə yeni bir münaqişə yaranmayacaq".
Pərvanə Sultanova



