
XXI əsrdə insan getdikcə sistem üçün əlverişli bir funksiyaya çevrilir. Alqoritmlər qərar verir, reytinqlər qiymətləndirir, rəqəmsal mühit isə yeni – sürətlə hərəkətə keçən, şəxssiz və insanın daxili dünyasına qarşı amansız - iyerarxiya formalaşdırır. Belə bir dünyada səmərəli olmaq insan, şəxsiyyət olmaqdan daha asandır. Məhz buna görə də bu gün insan haqqında danışmaq, dövrün özünə ünvanlanan intellektual bir çağırış kimi səslənir.
Fəlsəfə elmləri doktoru, professor Nigar Carullaoglunun “Doğuda ve Batıda insan ve şahsiyet” (Şərqdə və Qərbdə insan və şəxsiyyət) adlı kitabının nəşri, bəşəriyyətin dəyərləri yenidən nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. Bu gün insanlıq yenidən əsas sualı qarşısına qoyur: biz düşünən varlıqlarmıyıq, yoxsa sivilizasiya mexanizminin idarə olunan elementlərimi?
Müəllif Şumer miflərindən və “Gilqameş” dastanından başlayaraq XX əsr fəlsəfəsinədək, Şərqin mənəvi ənənələrindən Qərbin rasional refleksiyasınadək uzanan geniş bir yolu izləyərək şəxsiyyəti mədəniyyətin əxlaqi nüvəsi kimi bütöv bir tədqiqat çərçivəsində təqdim edir. Bu kitabda Şərq və Qərb əsas məqamda birləşir: insan birdəfəlik verilmiş varlıq deyil, o, seçim, məsuliyyət və daxili dünyası üzərində işləməklə formalaşır.
Biz professor Nigar Carullaoglu ilə insanın özünü ilk dəfə nə vaxt “mən” kimi dərk etməsi, alqoritmlərin niyə getdikcə yeni tanrıları xatırlatması və texnologiyaların mənanı qabaqladığı bir dünyada insan ləyaqətini qorumağın mümkün olub-olmaması barədə söhbət etdik. Bu, insanın gələcəyi haqqında söhbətdir.
- Nigar xanım, Siz şəxsiyyəti bütövlük kimi təqdim edirsiniz. Tarixin hansı məqamında insan “kosmosun bir hissəsi” olmaqdan çıxıb özünü ayrıca bir “mən” kimi hiss etməyə başlayıb?
- İnsan kosmosdan konkret bir ildə və ya dövrdə “çıxmayıb”. Bu, şüurun uzunmüddətli daxili inkişafıdır və o, bu gün də davam edir. Arxaik mədəniyyətlərdə insan özünü dünya nəfəsinin - təbiətin, tanrıların, nəslin, zamanın – bir hissəsi kimi hiss edirdi. O, “mən” demirdi, “biz” deyirdi. Onun taleyi mifin içində əriyirdi, şəxsi ad isə bütövlüyə mənsubluqdan daha az əhəmiyyət daşıyırdı.
Bu kosmik vəhdətdə ilk çatlar insanın tanrılar haqqında deyil, özü haqqında suallar verməyə başladığı anda yaranır. Artıq “Gilqameş” dastanında dramatik bir məqam ortaya çıxır: qəhrəman ilk dəfə öz ölümündən qorxur və məhz sonluluq qorxusu fərdi şüuru doğurur. Bu, “mən”in hələ ağrılı, erkən rüşeymidir.
Lakin əsl dönüş daha sonra baş verir - mifin yerini refleksiyanın tutduğu dövrdə. Həlledici an isə kosmik düşüncədən etik düşüncəyə keçiddir: insan ilk dəfə anlayır ki, o, ünsürlər qarşısında deyil, öz vicdanı qarşısında cavabdehdir.
Bu andan etibarən insan dünya nizamının funksiyası olmaqdan çıxır və seçim, şübhə və daxili dialoqa qadir bir varlıq – şəxsiyyət olur. O, özü danışmağa məcbur qalır.
Bununla belə, vurğulamaq vacibdir: kosmik vəhdətin itirilməsi dünya ilə qopma demək deyil. Əksinə, yetkin şəxsiyyət hər iki varoluşu özündə birləşdirir: o, artıq özünü “mən” kimi tanıyır, lakin itirilmiş bütövlüyü yeni, şüurlu səviyyədə bərpa etməyə can atır. Məhz buna görə kitabımda iddia edirəm ki, şəxsiyyət kosmosa zidd deyil, onun özünüdərkinin ali formasıdır.
- Müasir dünyanın yenidən mifoloji şüura qayıtdığını demək olarmı? Sadəcə indi tanrıların yerini alqoritmlər və reytinqlər tutur.
- Bəli, biz bir çox cəhətdən mifoloji düşüncənin texnoloji maska altında qayıdışını müşahidə edirik. Bu gün alqoritmlər vaxtilə tanrıların yerinə yetirdiyi funksiyanı yerinə yetirir: görünməzdirlər, hər şeyi bilirlər və izah vermədən insan talelərinə təsir göstərirlər. Reytinqlər sakral iyerarxiyanı, yəni sufi Şeyx Attarın dediyi kimi, arayıb bulmaq, səmavi eşq, mərifət, məntiq, tevhid, heyrət, vəhdət məqamlarını aşaraq Allaha pillələrlə qalxan müqəddəs yolu əvəz edib, rəqəmsal təsdiq isə inamın yeni formasına çevrilib. Təhlükə ondadır ki, insan yenidən məsuliyyətdən imtina edərək onu “sistemə” ötürür. Ağıl, seçim subyekti olmaqdan çıxanda mif artıq əfsanə kimi yox, interface kimi yüzillərin cərəyanından keçərək geri qayıdır.
- Siz Şumer miflərindən XX əsr fəlsəfəsinədəki yolu araşdırırsınız. Sizcə, insanlıq şəxsiyyət anlayışında ən təhlükəli dönüşü hansı əsrdə edib?
- Ən təhlükəli dönüş XX əsrdə, bütün ölkələrdə deyil, güclü dövlət olmaq iddiasında olan ölkələrdə baş verdi; şəxsiyyətin mənəvi əxlaqı tam olaraq deyil, ideoloji, texnokratik və ya istehlakçı sistemin funksiyası olaraq təqdim edilməyə başladı.
Məhz o vaxt insan metafizik, yəni görünməyən, toxunulmaz aləmin - mənəviyyat dünyasının dərinliyini itirdi və getdikcə faydalılıq, rol və alqoritmlə ölçülməyə başlandı. Mən bunu kitabın XX əsr fəlsəfəsinə həsr olunmuş hissəsində ətraflı təhlil edirəm.
- Bu gün insanı getdikcə peşəsi, diaqnozu və ya sosial statusu ilə müəyyənləşdirirlər. Şəxsiyyət funksiya ilə əvəzlənəndə nəyi itiririk?
- Sıradan insanı funksiya ilə əvəz etmək olar, şəxsiyyəti deyil. İnsan peşəyə, diaqnoza və ya sosial etiketə endiriləndə o, subyekt olmaqdan çıxır və sistemin xidmət vahidinə çevrilir. Bu cür insan daxili azadlığı, əxlaqi seçimi və özünü aşmaq qabiliyyətini itirir – insanı şəxsiyyət edən isə məhz bu keyfiyyətlərdir. Funksiya icra olunur, insan vəzifəsini yerinə yetirir. Halbuki şəxsiyyət məna, məsuliyyət və ətraf aləmin dəyişdirilməsi üçün cavabdehdir. Şəxsiyyətin yox olduğu yerdə cəmiyyət idarəolunan olur, insanlıq mənəvi baxımdan boşalır.
- Şərq və Qərb “insanı kimdir” sualına fərqli cavablar verilir. Bu sivilizasiya modellərinin kəsişdiyi nöqtə varmı?
- Bəli, belə bir nöqtə var. İnsan, nə yalnız kosmik nizamın bir hissəsi (Şərq), nə də təkcə muxtar rasional subyekt (Qərb) olmaqdan çıxıb mənəvi məsuliyyət daşıyan şəxsiyyətə çevrildiyi anda bu nöqtə yaranır. Şərq və Qərb bir məsələdə həmfikirdir: insan cismən tam ola bilər, lakin mənən o, tam deyil, o, daxili aləminin üzərində çalışaraq, mədəniyyət, seçim və məsuliyyət vasitəsilə inkişaf edir, formalaşır. Bu nöqtədə Qərbin azadlığı Şərqin mənəvi dərinliyi ilə birləşir və özünü dağıtmadan dünyanı dəyişdirə bilən universal insan idealı yaranır. Belə bir nöqtəni bəşəriyyət eramızın VIII yüzilində və keçən yüzildə yaşadı və bunun itirilməsini heç istəmərəm. Bir də unutmayaq; şəxsiyyət Marselin dediyi kimi “kütlə insanı”, “kütlədən çıxmış bir fərd” deyil, o, kütlədən ayrılan, seçilmiş, toplumu yönləndirən bir insandır.
- Tədqiqatınız göstərir ki, şəxsiyyətin əxlaqi ölçü olmadan formalaşması mümkün deyil. İnsan “uğurlu” olub, amma şəxsiyyət olmaya bilərmi?
- Bu, çox geniş və əhatəli bir sualdır və qorxuram bir müsahibə daxilində bunu izah etmək çətin olacaq. Ola bilər, əlbəttə. Nə qədər sənətkarlar var ki, onları zəmanəsi şəxsiyyət olaraq qəbul etməyib və onlar heç bu iddiada da olmayıblar. Tarixdə bu insanların rolu əsərləri ilə naviqator olmalarındadır, yəni insanlığın gedəcəyi yolu öngörüləri (intuisiyaları ilə) əvvəlcədən göstərmələri olub. Uğurlu olublarmı, əlbəttə, olublar, ancaq şəxsiyyət olmayıblar. Nə qədər məmurlar var ki, onları cəmiyyət şəxsiyyət olaraq qəbul etməyib və bu gün də etmir. Qəddarlıqla uğur qazanan sərkərdələr olub ki, zəmanəsinin ən böyük şəxsiyyəti olaraq qəbul edilib, böyük uğurları olub, amma bu günün prizmasından dəyərləndirirsək, xəstə psixikaları, eqoları ilə xalqlarını məhvə sürükləyiblər. Və sirr deyil ki, tarixi çox zaman belə şəxsiyyətlər yönəldib – Napoleon, Hitler, Mussolini, Stalin və başqaları. Bunlar, müəyyən tarixi dönəmlərdə zəmanəsinin ən uğurlu insanları olub. Kitabda kiçik hərfli insan, şəxsiyyət, böyük hərfli İnsan, ideal insan və hətta Nəsiminin yaratdığı İnsan-Allah anlayışlarını bu üzdən açıqladım.
Uğur xarici göstəricilərlə ölçülür: status, sosial güc, pul, təsir vasitələri. İnsanın çeşidli kateqoriyaları isə əxlaqi seçim, məsuliyyət və daxili azadlıqla formalaşır. İnsan sistem daxilində qalib gələ bilər, amma insanlıq qarşısında iflasa uğrayar, mənliyini itirər, simasız bir insana çevrilər. Bir də etik nüvə olmadıqda, birmənalı olaraq funksional, səmərəli, lakin əvəzolunan fərd yaranır.
- Siz yazırsınız ki, hər bir fərd şəxsiyyətə çevrilmir. Buna daha çox nə mane olur – qorxu, rahatlıq, yoxsa mənanın yoxluğu?
- Bu gün insana bir amil deyil, onların təhlükəli vəhdəti mane olur. Qorxu iradəni iflic edir, rahatlıq məsuliyyəti yuxuya verir, lakin ən dağıdıcı olan mənanın, hədəfin itirilməsidir. Daxili istiqamət yox olduqda qorxu vərdişə, rahatlıq isə həyatın əvəzləyicisinə çevrilir. Şəxsiyyət insanın rahatlıq hüdudlarından çıxdığı və öz seçiminə görə özünə, cəmiyyətə və zamana qarşı məsuliyyət götürməyə cəsarət etdiyi yerdə doğulur.
- XX əsrdə fəlsəfə humanizm böhranı yaşadı. Sizcə, XXI əsr insanı hələ də dəyərlidirmi, yoxsa artıq resursdur?
- XXI əsrin insanı hələ də dəyərlidir, lakin onu getdikcə daha israrla resursa çevirməyə çalışırlar. Humanizm böhranı sivilizasiyanın şəxsiyyətə qarşı səbrini itirməsindən yaranıb. Bu proses ən mükəmməl Romantizm dönəmində - filosofların, yazıçıların, sənətkarların əsərlərində açıqlanıb. Kitabımı məhz bu dönəmin şəxsiyyət konsepsiyası bölümündən başlamışdım.
Rəqəm, bazar və alqoritm faydalılığı ölçür, mənanı yox. Lakin insan yalnız o zaman dəyərli olmaqdan çıxır ki, özü şəxsiyyət statusundan - mənəvi məsuliyyət daşıyan, seçimi və vicdanı olan varlıq olmaqdan imtina edir. Gələcək “səmərəli resursa” deyil, texnologiyalar dövründə də insan olaraq qala bilən insanlara məxsusdur. Yaponiya bu baxımdan, yəni insan olaraq qalan vətəndaşlar yetirə bilən dövlətlərdən biridir. Siz yaponşünassınız və bilirəm ki, bu möhtəşəm dövlət haqqında da mənə suallar verəcəksiniz.
- Kitabda mədəniyyətə, şəxsiyyəti formalaşdıran əsas amil kimi böyük yer verilir. Şəxsiyyəti daha tez nə məhv edir – ideologiya, yoxsa mədəni boşluq?
- Şəxsiyyəti daha tez mənəviyyatsızlıqdan təkan alan mədəni boşluq məhv edir. İdeologiya kənardan təzyiq göstərə, zədələyə bilir. Yalnız müqavimət nöqtəsi şəxsiyyətin ləyaqətini qoruyur. Mədəni boşluq isə daxildən dağıdır: insanı mənanın dilindən, yaddaşdan, daxili dünyasının “onurğasından” məhrum edir. Mədəniyyət yox olduqda şəxsiyyət xeyirlə şəri, məqsədlə mənfəəti, azadlıqla başıpozuqluğu ayırd edə bilmir və idarə olunan bioloji vahidə çevrilir. Məhz buna görə kitabda mədəniyyət, şəxsiyyətin əsas immuniteti və onun son müdafiə həddi kimi təqdim olunur.
- Əgər XXI əsrin “ideal insanı”nın formulunu üç anlayışla ifadə etməli olsaydınız, bunlar hansılar olardı?
- XXI əsrin ideal insanının formulu abstrakt fəzilətlərin siyahısına sığmır - o, əsl insanın, şəxsiyyətin, böyük hərflə yazılan İnsanın vəhdətindən, daxili mənəviyyatından doğur. Onun əsasında, əlbəttə, şüur dayanır: səthi məlumatlılıq və ya mexaniki bilik yığımı deyil, müstəqil düşünmək, xeyirlə şəri ayırd etmək, dövrün səs-küyü arxasında mənanı eşitmək və öz qərarlarının qiymətini dərk etmək qabiliyyəti. Şüur insanın daxili yüksəkliyinin meyarıdır və onun kütlədə, ideologiyalarda və ya rəqəmsal alqoritmlərdə əriməsinə imkan vermir.
İkinci anlayış məsuliyyətlə bağlıdır. Yeni əsrin insanı təkcə əməllərinə deyil, birmənalı olaraq dediyi sözə, mədəniyyətin qorunmasına, cəmiyyətin və gələcək nəsillərin taleyinə cavabdehdir. O, günahı şəraitin “boynuna atmır” və zamanın rahat bəhanələri arxasında gizlənmir. Məsuliyyət yox olduqda azadlıq xaosa, tərəqqi isə mənəvi kasadlaşma formasına çevrilir.
Üçüncü başlanğıc mənəvi tamlıq: mənəvi bütövlükdür. Bu, ağıl, əxlaq və daxili mədəniyyətin uyumudur, harmoniyasıdır və insanın texnologiyaların sürəti ilə mənanın dərinliyi arasında parçalanmasının qarşısını alır. XXI əsrin şəxsiyyəti irəli getməyi bacarır, amma insan simasını itirmir, ənənə, etika və varlığın ali dəyərləri ilə əlaqəni qoruyur.
Şüur, məsuliyyət və mənəvi bütövlüyün vahidliyi təkcə müasir fərdi deyil, dəyişən dövrün təzyiqinə tab gətirə bilən və insan olaraq qala bilən həqiqi şəxsiyyəti yaradır. Doğrusu, bu gün biz artıq yeni bir insan kateqoriyasını yaratmalıyıq; həm Şərqi, həm Qərbi özündə birləşdirən və yolu Azərbaycandan keçən “planetin insanı” kateqoriyasının fəlsəfı dəyərini müəyyənləıdirməliyik.
- Və əsas sual: bu kitabda keçdiyiniz bütün fəlsəfi yoldan sonra insana daha çox inanmağa başladınız, yoxsa ondan daha çox qorxmağa?
- Mən insana, onun qeyri-adi imkanlarına, dühasına heyranlıqla baxan bir insanam. Bu mövzunun üzərində dayanmağımın əsas səbəbi də budur. Amma onun avtomatik yaxşılığına inanmağı dayandırdım. Bu kitab mənə əsas bir şeyi öyrətdi: insan nə işıqlı, nə də qaranlıq olaraq doğulur. O, imkandır. Potensialdır. Tamamlanmamış layihədir. Buna görə də o həm ali mərhəmətə, həm də insanlığın ən son aşağılıq həddinə - dağıdıcılığa da qadirdir. İnsandan yalnız o zaman qorxmaq lazımdır ki, o, şəxsiyyətini - vicdan və mədəniyyətinin daxili nüvəsini – itirir. Məhz şəxsiyyətsiz insan təhlükəlidir, çünki o, əxlaqi dayağı olmayan fərd, etikası olmayan ağıl, düşüncəsiz kütlədir. Dühalar atomu işıq olaraq yaradıb, cahillər eyni atomla insanlığı qaranlığa məhkum etmək istəyirlər.
Lakin daxili formalaşma yolunu keçmiş insan dünyanın ən böyük ümididir. Sufiləri və Kantı, Nizamini və Hegeli, qədim mifləri və XX əsr fəlsəfəsini araşdıraraq bir qənaətə gəldim: sivilizasiyalar bilik çatışmazlığından deyil, əsl insan çatışmazlığından dağılır. Buna görə yekunum sadə və bəlkə də sərtdir: mən insandan qorxmuram. Mən adama İnsan olmağa imkan verilməyən dünyadan qorxuram.
- Niyə əsas mənəvi sistemlər kimi məhz islamı, sufizmi, buddizmi və hindu fəlsəfəsini ətraflı təhlil edirsiniz, halbuki yəhudilik və xristianlıq tədqiqatın nisbətən periferik sahəsində qalır?
- Oxuduğum və heyran olduğum ilk dini kitab Qurani-Kərim olub. Məhz bu kitab məni digər dinlərlə maraqlanmağa sövq edib və kitabımda imkan daxilində oxucuları insan rakursunu əsas götürərək Şərqdə yayılan bir çox dinlərlə tanış edirəm.
Bəqərə surəsinin dördüncü ayəsində yazılır: “(Günahdan çəkinənlər) sənə endirilən Kitaba da, səndən öncə endirilənlərə də inanırlar. Ahirətə də onlar kəsin olaraq inanırlar”. Allahın Bir və Vahid olmasına inanan bütün insanlar Müslümdür, yəni yeganə Allaha təslim olmuş insanlardır. Quranın ilk Fatihə surəsi Hz.İbrahimin duası ilə başlayır. Bu baxımdan dünyanın əsas dinləri bir birindən ayrı deyil, Hz.Mühəmməd peyğəmbərin dediyi kimi, “Mən öncə gələn dinləri inkar etmək üçün deyil, onları təsdiq etmək üçün gəldim” kəlamına əsaslanırlar. Sadəcə öncəki dinlərin ağızdan ağıza keçərək təhrif olunmasını nəzərə alaraq diqqətimi yalnız İslam dinində cəmləşdirdim. Qurani-Kərimi əbədiyyətin dini olaraq, 70 faizinin elmlə, 30 faizinin isə mənəviyyat, etik normalar və dinin tarixi ilə yüklənmiş sonuncu möhtəşəm bir dini Kitab olaraq qəbul edirəm.
- Müasir “uğurlu insan” həqiqi şəxsiyyətin antipodu deyilmi?
- Bu gün “uğurlu insan” işgüzar insanı təmsil edir. Bu insanın “odaklanma nöqtəsi” rəqəmsal dünyadır, gəlirini çoxaltmaq, zəngin olmaqdır. Biliyini müəyyən dəyərə satıb qazanc əldə etməkdir. Bunları mən nə mənfi, nə də müsbət insan olaraq qiymətləndirmək istəməzdim. Cəmiyyətdə, zəmanəmizin inkişafında özünəməxsus yer tutan insanlardır.
- Demək olarmı ki, qədim dünya insan faciəsini müasir dövrdən daha dərindən dərk edirdi?
- Yox, deməzdim. Tarixin bütün dönəmlərində faciəni daha dərindən anlayan insanlar və bu haqda fəlsəfi və ədəbi əsərlər yazanlar olub.
- Sufizmin həm Qərb rasionalizminə, həm də dini doqmatizmə alternativ təklif etdiyini iddia etmək olarmı?
- Deməzdim. Bütün dinlər kimi, sufiliyin də ilkin mərhələsi doqmatizmə söykənir. Başqa yolla dinin qapıları açılmır.
- Mədəni yaddaşın itirilməsi niyə sosial böhranlardan daha sürətlə şəxsiyyətin deqradasiyasına gətirib çıxarır?
- Konfutsi deyib: “Nə edirsən et, ənənəyə sadiq qal”. Mədəni yaddaşını itirən insan köksüz ağaca bənzəyir. Xalqına, millətinə xidmət etməyən insanın ömrü qurumuş otun ömrü qədərdir. İnqilab ərəfəsində Amerikaya köçən Raxmaninov artıq əsər bəstələyə bilmədi, yalnız gözəl pianoçu olaraq konsertlər verirdi. Onun bir fikrini heç unuda bilmirəm: “Pəncərəmin önündə bir ağcaqayın əkdim, vətəni deyil deyə bitmədi”.
- Bu gün “ideal insan” mümkündürmü, yoxsa bu kateqoriya klassik fəlsəfədə qalıb?
- Mənə görə, “İdeal insan” anlayışı ümumiyyətlə tarixin bütün dönəmlərində yalnız fəlsəfi bir termin olaraq qalıb. İnsan bütün rakuslardan baxıldığında ideal ola bilmir. O, xalqı tərəfindən qəhrəman olaraq, kollektiv tərəfindən işi gözəl bilən birisi kimi qəbul edilə bilər, yaxınları tərəfindən sevilə bilər və i.a. Ancaq bu ikili dünyada hamı üçün ideal olmaq imkansızdır. Yanusu iki üzlü insan kimi göstərirlər. Əslində isə o, ikiüzlü deyil, iki tərəfə baxan, təzadlarla dolu insanın simasıdır.
Əbülfəz Babazadə
Xüsusi olaraq “525-ci qəzet” üçün



