|
|
|
|

Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı, Beynəlxalq Qalereya və "Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 8 Mart-Beynəlxlaq Qadınlar Gününə həsr olunmuş "Güc və Zəriflik" adlı rəsm sərgisi təşkil olunub.
525.az xəbər verir ki, layihə rəhbəri Aygün Əzizova olan sərgidə müxtəlif yaş qruplarından 100 nəfər rəssamın müxtəlif üslub və mövzularda hazırlanmış zəngin sənət nümunələri nümayiş olunub.
Sərgini giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, xalqımıza xas ənənəvi ailə dəyərlərinə sadiq qalan çağdaş Azərbaycan xanımları, eyni zamanda, güclü müasirlik duyğusuna və yenilikçi təbiətə sahibdirlər. Mədəni tərəqqi yolunda əzmlə çalışmış maarifpərvər sələflərinin yaradıcı düşüncəli davamçıları kimi onların hazırkı yüksək ictimai nüfuzu və səhiyyə, təhsil, mədəniyyət, elm sahələrindəki mühüm nailiyyətləri ölkəmizin hərtərəfli inkişafını səciyyələndirən amillərdəndir.
Çıxışının sonunda B.Nəbiyev 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibəti ilə xanımları təbrik edib.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında qeyd edib ki, “Güc və Zəriflik” adlı sərgi qadınların cəmiyyətdəki roluna, onların gücünə, fədakarlığına və incəliyinə həsr olunub.
Sərgidə Aflow ART Studionun rəhbəri Günay Məmmədova, İnci Akademinin rəhbəri İnci Məstəliyeva, Şahanə ART Studionun rəhbəri Şəhanə Paşayeva, FA Tədris Mərkəzinin rəhbəri Fatma Əliyeva, PANDA School və Saleh Tədris Mərkəzinin müəllimi Elmira Həsənova, Core Akademiya Kursunun müəllimi İradə Feyziyeva, Master School Tədris Mərkəzinin müəllimləri Günəş Əsgərova və Nurəddin Məmmədov tələbələri ilə iştirak ediblər.
8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş sərginin bədii hissəsi Nemi Hotelin restoranında nahar süfrəsi arxasında davam edib.
Sonda sərgi iştirakçılarına diplom və hədiyyələr təqdim olunub.
Şahanə Müşfiq









