
Azərbaycan Milli Konservatoriyası “Huma Quşu” Təhsilə Yardım Fondu ilə birgə “Gəl səndən danışaq, Humay” adlı xatirə gecəsi keçirib.
Trend xəbər verir ki, tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının rektoru, sənətşünaslıq doktoru, əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə çıxış edərək bildirib ki, gecənin əsas məqsədi 35 yaşında faciəvi şəkildə dünyasını dəyişmiş Humay Quliyevanın obrazını, müxtəlif sahələri əhatə edən nəcib humanitar fəaliyyətini gənclərə mümkün qədər dolğun şəkildə təqdim etməkdir.
O qeyd edib ki, Humay Quliyeva zəngin mənəvi mədəniyyətə, yüksək intellektə və ünsiyyət mədəniyyətinə malik bir insan idi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı kimi qısa ömrünü dünyanın müxtəlif yerlərində ehtiyacı olan insanlara yardım göstərməyə həsr etmişdi.
Bilkənt və Kolumbiya universitetlərinin məzunu olan Humay Quliyeva bp, Dünya Bankı, “Financial Time”, Beynəlxalq Qırmızı Xaç Komitəsi kimi beynəlxalq təşkilatlarda çalışıb, dünyanın dörd qitəsində mənsub olduğu ölkəni - Azərbaycanı yüksək səviyyədə təmsil edib. Vətəndən uzaqlarda yaşamasına və işləməsinə baxmayaraq Avropada Azərbaycanlı Tələbələr Forumunun fəal iştirakçılarından və “For Azerbaijan” xeyriyyə qurumunun təsisçilərindən biri olub.
Məhz buna görə də Humayın xatirəsini yaşatmaq, xeyirxah əməllərini davam etdirmək üçün “Huma Quşu” Təhsilə Yardım Fondu yaradılıb. Fondun əsas məqsədi aztəminatlı ailələrdən olan istedadlı və qabiliyyətli gənclərə maliyyə dəstəyi göstərərək onların həm Azərbaycanda, həm də xaricdə bakalavr və magistr səviyyəsində keyfiyyətli təhsil almasına kömək etməkdir. Fond eyni zamanda onların cəmiyyət üçün faydalı, xeyirxah və vətənpərvər gənc vətəndaşlar kimi formalaşmasına dəstək verir.
Bundan əlavə, fond Qarabağ müharibəsi iştirakçılarına da maliyyə dəstəyi göstərir, onların müasir texnologiyalar sahəsində müxtəlif kurslarda təhsil almasına, ixtisaslarını artırmasına və yeni peşələrə yiyələnməsinə kömək edir.
“Huma Quşu” fondunun prezidenti, Humayın anası Şəhla Vəzirova qızı haqqında çox təsirli xatirələrini bölüşüb.
“Huma Quşu” Təhsilə Yardım Fondu tədbirin təşkili və məzmununa verdiyi böyük dəstəyə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə, Azərbaycan Respublikasının Xalq artistləri Mənsum İbrahimov və Elçin Həşimova, Azərbaycan Respublikasının Əməkdar artistləri Elnur Əhmədova və Emil Əfrasiyaba, musiqişünas Şəfaqət Məmmədovaya, AMK tələbələri vokalçılar Azər Çələbiani, Sevil Əsədullayeva, Araz İmanov, Aydan Salahova və Ülkər Abdullayevaya, kamança ifaçısı Reza Mohammedi, fortepiano ifaçıları Cəlal Səmədov və Əməkdar müəllim Naibə Şahməmmədovaya, nağara ifaçıları Siyavuş Kərimov və Səyyar Teymurova, bas gitaraçı Kənan Sadıqova, Humayın şeirinə bəstələnmiş mahnının müəllifi Pikə Axundovaya və mahnının ifaçıları Nuray Hacızadə, Leyla Abdulrəhimova və Fatimə Əlizadəyə, eləcə də bütün tədbir iştirakçılarına xatirə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərindən təşəkkür edir.
Gecə ərzində Humayın obrazı müxtəlif xatirələr, öz yazılarından parçalar, ona həsr olunmuş mahnılar, həmçinin sevə-sevə ifa etdiyi Azərbaycan və xarici ölkə bəstəkarların əsərləri vasitəsilə təqdim olunub. Tədbirdə Humayın dostları Xumar Hüseynova və Leyla Cahangirova, BP və BQXK müxtəlif ölkələrdə nümayəndəliklərinin HUmayla birlikdə çalışmış əməkdaşları Kler Bebbinqton, Samir Hacımustaviç, Catherine Po, Silvia Izzo, Katia Gia Caterina, Tanya Brown-un xatirələri səsləndirilib, “Humayla birlikdə oxuyaq” və “Humayı xatırlayaraq” formatında çıxışlar təqdim olunub, onun sözlərinə yazılmış mahnı ifa edilib və Milli Konservatoriyanın hazırladığı videoçarx nümayiş etdirilib.
“Huma Quşu” Təhsilə Yardım Fondu xatirə gecəsinin keçirilməsinə və Humayın gənclərə nümunə olacaq fədakarlıq dolu həyatının müasir gəncliyə təqdiminə görə Azərbaycan Milli Konservatoriyasının rəhbərliyinə və tədbir iştirakçılarına dərin təşəkkürünü bildirib.
Fond haqqında daha ətraflı məlumatı rəsmi internet saytından əldə etmək mümkündür: https://humagushu.az/







Vüqar İmanov



