|
|
|
|

Elm cəmiyyətə və dövlətə necə xidmət etməli, onun faydalılıq əmsalı necə artırılmalıdır? Müasir dövrdə bu sual yalnız akademik müzakirə predmeti deyil, həm də milli inkişafın, dövlət dayanıqlığının və strateji planlamanın əsas məsələlərindən biridir. Bu gün dünya təkcə texnoloji yeniliklərin sürəti ilə deyil, eyni zamanda müharibələr, iqlim riskləri, enerji keçidi, rəqəmsallaşma və süni intellektin yaratdığı yeni qeyri-müəyyənliklərlə üz-üzədir. Belə bir şəraitdə elm sadəcə bilik istehsal edən sahə deyil; o, riskləri öncədən görən, mürəkkəb prosesləri izah edən və qərarvermə üçün etibarlı əsas yaradan mühüm ictimai institut kimi çıxış edir.
Bu səbəbdən müasir mərhələdə elmin əsas vəzifəsi yalnız yeni informasiya toplamaq deyil, həmin biliyi ictimai və strateji faydaya çevirməkdir. İnformasiya artır, lakin hər məlumat eyni dərəcədə dəyər yaratmır. Elmi fəaliyyət bəzən nəşr sayı, formal hesabatlar və statistik göstəricilər üzərindən qiymətləndirilir. Halbuki elmin həqiqi əhəmiyyəti idarəetməyə analitik əsas verməsində, texnoloji yeniliyi sürətləndirməsində, sosial problemləri düzgün diaqnoz etməsində və gələcək risklər üçün qabaqlayıcı qərarların hazırlanmasına töhfəsində görünür.
Bu kontekstdə elm fəlsəfəsi xüsusi əhəmiyyət daşıyır. Çünki o, elmi yalnız bilik istehsalı prosesi kimi deyil, həm də metod, məqsəd, tətbiq və ictimai məsuliyyət müstəvisində dəyərləndirməyə imkan verir. Bu baxımdan elmin faydalılığı təkcə əldə olunan nəticələrlə deyil, həmin nəticələrin cəmiyyətin real ehtiyaclarına nə dərəcədə cavab verməsi ilə müəyyən olunur.
Elmin faydasını konkret sahələr üzrə daha aydın görmək mümkündür. Məsələn, səhiyyədə elmi tədqiqatlar daha dəqiq diaqnostika, profilaktika və müalicə strategiyalarına yol açır; eyni zamanda pandemiya kimi qlobal böhran dövrlərində qısa müddət ərzində effektiv peyvəndlərin hazırlanmasına imkan verməklə, elmi potensialın insan həyatının qorunmasında və ictimai sağlamlığın təmin edilməsində nə dərəcədə həlledici rol oynadığını açıq şəkildə göstərir. Kənd təsərrüfatında məhsuldarlığın, su və torpaq resurslarından səmərəli istifadənin elmi əsaslarını yaradır; enerji sahəsində alternativ mənbələr, səmərəlilik və davamlılıq məsələlərinə cavab verir; təhsil sahəsində isə öyrənmə nəticələrinin yüksəldilməsi, qiymətləndirmə mexanizmlərinin təkmilləşdirilməsi və rəqəmsal bacarıqların inkişafı üçün zəmin yaradır. Bununla yanaşı, süni intellekt əsaslı elektron mühəndisliyi həm hərbi texnologiyalarda, həm də məişət yönümlü texnoloji sistemlərdə mühüm inkişaf dinamikası formalaşdırır. Beləliklə, elm yalnız nəzəri bilik deyil, dövlət siyasətinin və ictimai rifahın praktik dayağıdır.
Bu xüsusda inkişaf etmiş ölkələrin təcrübəsi elm siyasətinin nəticələri və elmin faydalılıq əmsalı barədə daha dolğun təsəvvür formalaşdırır. Məsələn, ABŞ-də 2022-ci ildə elmi-tədqiqat xərclərinin həcmi 885,6 milyard dollara çatmış, R&D intensivliyi isə 3,4 faiz təşkil etmişdir. Çində rəsmi məlumatlara görə, 2024-cü ildə elmi-tədqiqat xərcləri 3,613 trilyon yuan olmuş və bu göstərici ÜDM-in 2,68 faizinə bərabər olmuşdur. Cənubi Koreya isə elmi intensivlik baxımından diqqətçəkən nümunələrdən biri olaraq qalır; OECD məlumatına əsasən, bu ölkədə R&D xərclərinin ÜDM-də payı 2021-ci ildə 4,93 faiz olmuşdur. Patent göstəriciləri də elmi potensialın tətbiqi nəticəyə çevrilməsini aydın göstərir: WIPO məlumatına görə, 2024-cü ildə Çində 1 795 715, ABŞ-də 501 831, Koreya Respublikasında isə 295 722 patent müraciəti qeydə alınmışdır. Bu göstəricilər elmin faydalılıq əmsalının təkcə elmi istehsalın həcmi ilə deyil, onun iqtisadiyyat, texnologiya və innovasiya sisteminə çevrilmə səviyyəsi ilə ölçüldüyünü göstərir.
Burada bir məqam ayrıca vurğulanmalıdır: elmin faydalılığı vahid şkala ilə ölçülə bilməz. Humanitar və ictimai elmlər milli yaddaşı, sosial həmrəyliyi, dəyər sistemini, ictimai sabitliyi və strateji düşüncə mədəniyyətini gücləndirməklə dövlətə xidmət edir. Bu isə heç də dəqiq elmlərin nəticələrindən az əhəmiyyətli deyil; sadəcə onun təsiri başqa formada təzahür edir.
Bu ümumi mənzərə daxilində, Azərbaycanda 27 martda qeyd olunan Elm Günü sadəcə simvolik tarix kimi deyil, elmin real ictimai rolu üzərində düşünmək, elmin faydalı əmsalının necə artırıla biləcəyini müzakirə etmək və elmi fəaliyyətin cəmiyyətin konkret ehtiyacları ilə daha sıx əlaqələndirilməsi yollarını qiymətləndirmək üçün mühüm fürsət kimi dəyərləndirilməlidir. Elmə verilən dəyər yalnız onun haqqında deyilən xoş sözlərlə və ya son dövrlərdə artan tənqidlərlə deyil, elmi infrastrukturun gücləndirilməsi, gənc tədqiqatçının qorunması, tədqiqatın tətbiq imkanlarının genişləndirilməsi və elmi nəticələrin qərarvermədə istifadəsi ilə ölçülür. Başqa sözlə, elmin dəyəri hesabatlarda deyil, iqtisadiyyatın bütün sahələrinə, cəmiyyətin düşüncə səviyyəsinə, idarəetmənin keyfiyyətinə, innovasiya potensialına və milli inkişafın məzmununa göstərdiyi təsirlə müəyyənləşməlidir. Çünki elm yalnız akademik mühitin daxili işi deyil; o, insan kapitalının keyfiyyəti, gənclərin istiqamətləndirilməsi, milli rəqabət qabiliyyəti və dövlətin strateji imkanları ilə birbaşa bağlıdır.
Bu mənada, elmin faydalılıq əmsalını artırmaq üçün dövlətin inkişaf prioritetləri ilə elmi tədqiqatların əlaqəsi daha da gücləndirilməli, elmə ayrılan maddi vəsaitin həcmi və səmərəliliyi artırılmalı, alimlərin maddi təminatı və sosial rifahı yaxşılaşdırılmalı, universitetlər, tədqiqat institutları və real sektor arasında əməkdaşlıq genişləndirilməli, gənc alimlərin keyfiyyətli elmi mühitə və beynəlxalq şəbəkələrə çıxışı dəstəklənməlidir. Eyni zamanda, xaricdə fəaliyyət göstərən azərbaycanlı alim və tədqiqatçıların bilik, təcrübə və akademik əlaqələrinin milli elmi inkişafın tərkib hissəsi kimi dəyərləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Elmi fəaliyyətin qiymətləndirilməsində yalnız kəmiyyət göstəricilərinə deyil, keyfiyyətə, yeniliyə, ictimai təsirə və tətbiq imkanlarına üstünlük verilməlidir. Bütün elm sahələrində eyni vaxtda eyni səviyyədə uğur qazanmağın mümkün olmadığını nəzərə alaraq, ölkənin mövcud elmi və institusional potensialı, güclü və zəif tərəfləri, imkan və riskləri sistemli şəkildə təhlil edilməli, eləcə də milli iqtisadiyyatın strateji tələbatları əsas götürülərək prioritet istiqamətlər müəyyənləşdirilməlidir.
Belə olan halda elm ölkənin rəqabət qabiliyyətini artıran, gələcəyini müəyyən edən və milli inkişaf modelinə real məzmun qazandıran strateji resursa çevrilə bilər. Bir məqamı xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu gündən formalaşdırılacaq elm və təhsil siyasəti yalnız cari dövrün deyil, həm də ölkənin uzunmüddətli inkişaf trayektoriyasının, iyirmi il sonrakı elmi, texnoloji və sosial potensialının əsas konturlarını müəyyən edən mühüm indikatorlardan biri olacaqdır.



