|
|
|
|

Son dövrlərdə Türkiyədə məktəblərdə ard-arda baş verən faciəli hadisələrdən sonra bir sual yenidən ictimai müzakirənin mərkəzinə çıxıb: uşaqlarda zorakılıq meyllərinin artmasında serialların, filmlərin, internet oyunlarının və ümumilikdə rəqəmsal ekran mədəniyyətinin payı nə qədərdir? Bu sualın yenidən aktuallaşması da səbəbsiz deyil. Çünki müasir dövrdə uşağın davranış dünyasını formalaşdıran təsirlər artıq əvvəlki kimi yalnız ailə, məktəb və yaxın sosial çevrə ilə məhdudlaşmır. Onun gündəlik həyatına ekranlar, platformalar və virtual münasibət modelləri də daxil olub. Məsələ də məhz buradan başlayır.
Bu kontekstdə serialların rolu təbii şəkildə gündəmə gəlir. Xüsusilə zorakılıq, intriqa, mafiyatik münasibətlər, sərt güc obrazları və qisas motivləri üzərində qurulan bəzi yüksək reytinqli ekran əsərləri son hadisələr fonunda daha geniş müzakirə olunmağa başlayıb. Hətta bu tip serialların yayımına yenidən baxılması, bəzilərinin efirdən qaldırılması və ya ssenarilərində ciddi dəyişikliklər edilməsi ilə bağlı müzakirələr də intensivləşib. Vaxtilə Azərbaycanda da geniş izləyici kütləsinə malik olmuş bəzi seriallarla bağlı aparılan elmi tədqiqat və ictimai müzakirələrdə, onların xüsusilə böyük şəhərlərin kənar məhəllələrində yaşayan bəzi gənclərin zorakılıq dili, güc təsəvvürü və davranış meylləri üzərində müəyyən təsir yaratdığı aşkarlanıb.
Məsələ yalnız daxili təsirlə də bitmir. Bu serialların Türkiyənin xaricdə formalaşan ictimai imicinə təsiri də diqqətdən kənarda qalmamalıdır. Çünki bu ekran əsərləri təkcə Azərbaycan, Özbəkistan və Qazaxıstan kimi yaxın coğrafiyalardan savayı, Cənubi Amerikadan Balkanlara, Ərəb yarımadasına qədər uzanan geniş bir məkanda maraqla izlənir. Onlar bir tərəfdən ölkənin tanıdılmasına xidmət edir, valyuta gəliri yaradır və Türkiyəyə ciddi turizm axını qazandırır. Digər tərəfdən isə zorakılıq, intriqa, mafiyatik münasibətlər, sərt kişi obrazları və qisas üzərində qurulan bəzi hekayələr ölkə haqqında birtərəfli və mənfi təsəvvürlər də formalaşdıra bilir. Xarici auditoriyanın müəyyən hissəsi ekranda təqdim olunan, əslində çox vaxt ssenaristin təxəyyülünün məhsulu olan hadisələri real sosial mənzərənin birbaşa əksi kimi qəbul edir. Bunun nəticəsində Türkiyə haqqında asayiş baxımından güvənsiz, insanların isə zorakılığa daha meyilli olduğu qənaəti yarana bilir. Təsadüfi deyil ki, bəzi ölkələrdə türk seriallarının məhdudlaşdırılması və ya yayım siyasətinə yenidən baxılması ilə bağlı müzakirələr zaman-zaman gündəmə gəlir. Bununla yanaşı, Türk tarixini, milli-mənəvi dəyərləri və adət-ənənələri ön plana çıxaran, ölkə haqqında daha müsbət və dolğun təsəvvür formalaşdırmağa çalışan ekran əsərlərinin də az olmadığını qeyd etmək lazımdır.
Lakin zorakılıq faktlarının artmasını bütünlüklə seriallarla əlaqələndirmək elmi baxımdan yetərli yanaşma sayıla bilməz. Bu prosesi daha geniş sosial, psixoloji və mədəni kontekst daxilində dəyərləndirmək lazımdır. Bu prosesi daha geniş sosial, psixoloji və mədəni kontekst daxilində təhlil etmək lazımdır. Çünki uşaqlarda aqressiyanın və emosional dözümsüzlüyün güclənməsi daha geniş sosial fonda baş verir. İnternet oyunları, sürətli mükafatlandırma mexanizmləri, rəqabət və üstünlük prinsipi üzərində qurulan virtual sistemlər bu prosesdə mühüm rol oynayır. Belə rəqəmsal mühit uşağın emosional ritmini dəyişir, gözləmə mədəniyyətini zəiflədir və ani reaksiya meylini gücləndirir. “Bəyənmə”, reytinq, xal və səviyyə üzərində qurulan sistemlər səbr, empatiya və emosional tarazlıq kimi keyfiyyətləri arxa plana keçirir. Münasibətlər getdikcə qarşılıqlı anlaşma müstəvisindən uzaqlaşaraq daha çox üstünlük, nəticə və təsir məntiqi ilə qavranılır.
Bu mənzərədə ailənin rolu da xüsusi diqqət tələb edir. Son illər bir çox valideyn küçəni və məhəlləni daha güvənsiz məkan hesab etdiyi üçün övladını evdə saxlamağı qoruyucu addım kimi qəbul edir. Saatlarla kompüter qarşısında qalmaq isə bəzən “heç olmasa gözümdədir” düşüncəsi ilə əsaslandırılır. Halbuki müasir sosial və psixoloji reallıq göstərir ki, fiziki riskdən uzaqlaşdırılan uşaq çox vaxt daha nəzarətsiz, daha geniş və daha mürəkkəb təsir gücünə malik virtual mühitə daxil olur. Beləliklə, görünən təhlükədən uzaqlaşmaq bəzən görünməyən risklərin içinə girmək demək olur.
Ənənəvi sosiallaşma mərhələlərinin zəifləməsi də problemi dərinləşdirir. Bir zamanlar uşaq münasibət qurmağı, qarşı tərəfi gözləməyi, davranış sərhədlərini hiss etməyi və qayda mədəniyyətini məhəllədə, oyunda, kollektiv təmasda öyrənirdi. Bu gün həmin təbii sosial məktəb daralır. Münasibət öyrənilən əsas məkan getdikcə daha çox simulyativ, sürətli və emosional baxımdan sərt virtual platformalara keçir. Məktəbdə disiplin anlayışının zəifləməsi də bu boşluğu böyüdür. Burada söhbət sərtlikdən deyil, normativ aydınlıqdan, müəllim nüfuzunun qorunmasından və qaydaların mənəvi legitimliyindən gedir. Belə ki, məktəb uşağa bilik qazandırmaqla yanaşı, məsuliyyət, hörmət və birgəyaşayış mədəniyyətini formalaşdıran əsas sosial institutdur. Bu xətt zəiflədikcə alternativ təsir mənbələrinin çəkisi artır.
Beləliklə, “hər şeyin günahkarı seriallardırmı?” sualı birmənalı cavabdan daha çox, çoxşaxəli yanaşma tələb edir. Seriallar, filmlər və digər ekran məzmunları uşağın davranış dünyasına təsir göstərən mühüm amillərdən biridir. Lakin əsas problem daha dərindir: müasir cəmiyyət uşağın sosiallaşma mühitini dəyişib, ənənəvi tənzimləyici mexanizmləri zəiflədib və onun daxili dünyasını getdikcə daha çox nəzarətsiz rəqəmsal təsirlərin ixtiyarına buraxıb. Buna görə də bu məsələ yalnız ekran təsirinin nəticəsi kimi deyil, uşağın mənəvi və sosial formalaşmasına təsir göstərən daha geniş ictimai mexanizmlər kontekstində təhlil edilməlidir.



