|
|
|
|

Böyük sənətkarların gedişi, adətən, təkcə bir insanın yoxluğu kimi yaşanmır; belə anlar cəmiyyətin öz estetik yaddaşı, mədəni davamlılığı və sənət haqqında təsəvvürləri ilə yenidən üz-üzə qaldığı mənəvi məqamlara çevrilir. Çünki sənət fərdi istedadın səhnədə və ya ekranda təzahürü olmaqla yanaşı, bir cəmiyyətin duyğu tərzinin, mənəvi incəliyinin, tarixi şüurunun və simvolik özünüifadəsinin də daşıyıcısıdır. Bu mənada böyük sənətkarların yoxluğu şəxsi itki hüdudlarını aşaraq bir ənənənin, bir üslubun və bir baxışın taleyi ilə bağlı sualları gündəmə gətirir.
Rasim Balayevin yoxluğu da məhz belə bir mənəvi və mədəni düşüncə məqamı yaratdı. Çünki o, Azərbaycan kino sənətində sadəcə tanınmış aktyor deyildi; milli kino yaddaşının formalaşmasında xüsusi yeri olan, obrazın mənəvi dərinliyinə enə bilən, ifasına daxili intizam və estetik ləyaqət qazandıran sənətkarlardan idi. Onun yaratdığı Babək və Nəsimi kimi obrazlar Azərbaycan kinematoqrafiyasının yaddaşında ayrıca yer tutmaqla yanaşı, milli ekran sənətimizin mənəvi gücünü, tarixi şüurunu və bədii sanbalını ifadə edən nadir sənət nümunələrinə çevrilmişdir.
Belə sənətkarlar haqqında danışarkən mövzunu yalnız bioqrafik faktlar çərçivəsində təqdim etmək düzgün olmaz. Çünki həqiqi sənət adamı təkcə rol ifa etmir; o, cəmiyyətin özünü anlama biçiminin bir parçasına çevrilir. Tamaşaçı onu sadəcə ekran siması kimi yox, bir etibar, bir səviyyə və bir sənət ölçüsü kimi qəbul edir. Rasim Balayev də məhz belə qəbul olunan sənətkarlardan idi. Onun simasında Azərbaycan tamaşaçısı illər boyu yalnız aktyor ustalığını yox, sənətdə ciddiyyəti, təmkinli ifadəni, daxili mədəniyyəti və obraz qarşısında məsuliyyəti görürdü.
Onu tamaşaçıya sevdirən başlıca cəhətlərdən biri də, şübhəsiz, sənətkar miqyasına rəğmən, sadəliyini qoruması, insanlarla arasında süni məsafə yaratmaması, xalqa açıq və səmimi bir şəxsiyyət olaraq qalması idi. Böyük sənətkarların bir qismi zamanla əlçatmaz simaya çevrilir, lakin Rasim Balayevdə sənət ucalığı ilə insani sadəlik arasında özünəməxsus bir uyğunluq vardı. Bunu onunla İstanbulda səmimi bir dost mühitində söhbətləşmək imkanı əldə etmiş biri kimi ayrıca qeyd edə bilərəm. Həmin ünsiyyətdə də aydın hiss olunurdu ki, onun sənətdə yaratdığı inandırıcılığın arxasında peşəkar ustalıqla yanaşı, təbii insaniyyət, həyatla canlı təmas və qarşısındakı insanı dəyərləndirən mədəni sadəlik dayanırdı.
Bəlkə də buna görə onun itkisi ilə bağlı ictimai reaksiyalarda adi hüznlə yanaşı, daha dərin bir duyğu da sezildi: sanki insanlar yalnız bir sənətkarı deyil, həm də bir sənət keyfiyyətini yola saldıqlarını hiss edirdilər. Xüsusilə vida mərasimində bu nəslin son yaşayan əfsanələrindən biri Fəxrəddin Manafovun qısa, lakin son dərəcə dərin mənalı televiziyalara müsahibəsində kinomuzun və teatrımızın sütunlarının bir-bir getdiyini yanğı ilə dilə gətirməsi, Hamlet Xanızadə başda olmaqla böyük sənətkarları ehtiramla anması həmin duyğunu daha da aydınlaşdırdı. Həmin sözlərin yaratdığı emosional təsir və ardınca, xüsusilə sosial mediada ifadə olunan reaksiyalar göstərdi ki, cəmiyyətin daxilində həqiqi sənətə, böyük sənətkar miqyasına və sənətdə getdikcə seyrəkləşən estetik ağırlığa dair dərin bir həssaslıq yaşayır.
Əslində burada diqqət çəkən məsələ təkcə nostalji deyil. Daha konseptual baxdıqda görünür ki, tamaşaçının bu cür reaksiyası sənətin sosial funksiyası ilə bağlı mühüm bir həqiqəti ortaya qoyur. Sənət yalnız bugünün istehlak obyektinə çevriləndə onun dərin qatları zəifləyir; halbuki həqiqi sənət cəmiyyətin kollektiv yaddaşını, mənəvi təcrübəsini və simvolik özünüifadəsini nəsildən-nəslə daşımalıdır. Bu səbəbdən sənətdə ənənənin davamı məsələsi sentimental yanaşma deyil, mədəni davamlılığın əsas şərtlərindən biridir.
Məhz buna görə insanların “belə sənətkarlar azalır”, “əsl sənət adamları bir-bir gedir” kimi fikirlər səsləndirməsi üzərində ayrıca düşünmək lazımdır. Bu cür yanaşma bir tərəfdən böyük sənətkarlara verilən qiymətin göstəricisidir, digər tərəfdən isə sənətin gələcəyi ilə bağlı dərin bir narahatlığın ifadəsi. Çünki sənətdə ənənə normal halda qırılmamalıdır; o, forma dəyişə, yeni üslublar qazana, fərqli estetik dillərlə özünü göstərə bilər, amma əsas dəyərlər – peşəkarlıq, dərinlik, obrazın daxili həqiqəti və sənətkar məsuliyyəti – yaşamalıdır.
Əgər tamaşaçı bu davamlılığın zəiflədiyini hiss edirsə, bu hissin özü üzərində dayanmağa dəyər. Çünki izləyici hər zaman nəzəri terminlərlə danışmasa da, estetik keyfiyyət fərqini duyur. O, hansı ifanın yaşadığını, hansının isə yalnız nümayiş etdirildiyini ayıra bilir. O, hansı sənətkarın obraz qurduğunu, hansının sadəcə görünürlük qazandığını hiss edir. Deməli, burada söhbət təkcə fərdi zövqdən yox, cəmiyyətin estetik intuisiyasından gedir.
Bu nöqtədə məsələni daha geniş mədəni kontekstdə anlamaq mümkündür. Həqiqi sənətkarların yoxluğu daha çox ona görə kəskin hiss olunur ki, onlar yalnız fərdi yaradıcılıq sahibləri yox, eyni zamanda bir məktəbin, bir ənənənin və bir etik-sənət münasibətinin canlı daşıyıcıları olurlar. Onlar gedəndə təkcə bir insan getmir; bir səhnə davranışı, bir baxış tərzi və bir sənət nizamı da zəifləyir. Ona görə də belə itkilər cəmiyyətdə adi məşhur itkisi kimi yox, mədəni sükut anı kimi yaşanır.
Burada hökm verməkdən çox, sənətdə davamlılığın hansı şərtlərlə qorunduğu üzərində düşünmək gərəkir. Belə bir davamlılığın arxasında sağlam təhsil mühiti, köklü sənət məktəbi, sənətşünaslıq düşüncəsi, ustad-şagird ənənəsi, peşə intizamı, estetik tənqid və keyfiyyətə həssas tamaşaçı zövqü dayanır. Bu sahələr arasında əlaqə zəiflədikdə, sənətdə fərdi uğurlar qala bilər, lakin məktəb hissi zəifləməyə başlayır.
Rasim Balayevin vəfatı fonunda cəmiyyətin verdiyi reaksiya da bu məktəb məsələsini bir daha görünən etdi. İnsanların kədərində yalnız ayrılıq yox, həm də sənətin davamı ilə bağlı səssiz bir sual vardı: həqiqi sənətkarların təmsil etdiyi estetik səviyyə necə yaşadılacaq?
Bəlkə də burada ən mühüm məqam budur: cəmiyyətin həqiqi sənətə özləm duyması onun estetik duyumunun hələ tam itmədiyini göstərir. Bu, mühüm bir işarədir. Sənətdə dərinliyə, sanballı ifaya, mənəvi ağırlığa və peşəkar ləyaqətə ehtiyacın qalması da bunu təsdiqləyir. Böyük sənətkarların xatirəsi bu mənada yalnız keçmişə aid deyil; onlar həm də gələcək üçün meyar olaraq yaşayırlar. Bu ehtiyacın sabaha daşınması üçün sənətdə məktəb ənənəsinin qorunması, sağlam təhsil mühitinin gücləndirilməsi və estetik varisliyin ardıcıl şəkildə yaşadılması vacibdir. Yalnız bu halda böyük sənətkarların təmsil etdiyi səviyyə xatirədə qalan zirvə kimi yox, yeni nəsilləri formalaşdıran canlı davamlılıq kimi mövcud ola bilər.



