|
|
|
|
Yaz sessiyasında Mədəniyyət komitəsi bir sıra məsələləri müzakirə etməyi nəzərdə tutur.
Bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov mətbuata açıqlamasında dilə gətirib. Onun dediyinə görə, bir neçə gün öncə adıçəkilən komitənin iclası keçirilib və qərara gəlinib ki, hazırlanmış bir sıra qanun layihələri var ki, MM-in plenar iclasına təqdim edilsin.
O, mətbuata açıqlamasında bildirib ki, bu sənədlərdən birincisi "Yaradıcı şəxslər və yaradıcılıq ittifaqları haqqında" qanun layihəsidir. Bu qanun layihəsi birinci oxunuşda qəbul olunub. Sadəcə, sənəddə bəzi mübahisəli məqamlar var. Komitə sədri düşünür ki, ikinci oxunuş üçün hazırlıq prosesində mübahisəli məqamlar öz həllini tapacaq: "Artıq layihə üzrə işi başa çatdırmaq üzrəyik. Mübahisəli məqamlar nədir?
Birinci oxunuşda belə bir irad tutuldu ki, prinsip etibarilə QHT-lər haqqında qanun var. Yaradıcılıq ittifaqlarının da fəaliyyəti bu qanunla tənzimlənməlidir. Yaradıcılıq ittifaqları dedikdə, biz Yazıçılar Birliyini, Rəssamlar İttifaqını, Bəstəkarlar İttifaqını və bu kimi təşkilatları nəzərdə tuturuq. Müzakirələr zamanı bəzi millət vəkillərinin qənaəti belə oldu ki, yaradıcılıq təşkilatları heç də hər hansı QHT ilə eyniləşdirilə bilməz.
Çünki bu ittifaqların böyük tarixi var və orada birləşən şəxslər xalqımızın mədəniyyətini, incəsənətini yaradırlar. Onlar öz sahələrində böyük əsərlər yaradırlar və bu fəaliyyətin müstəsna əhəmiyyəti var. Ona görə də, həmin təşkilatların fəaliyyəti sıradan bir QHT-nin oynadığı rol deyil. Bu səbəbdən də, yaradıcı şəxslərə və yaradıcılıq ittifaqlarına xüsusi diqqət olmalıdır. Digər tərəfdən, dövlətimizin mədəniyyət siyasətində də bu məsələ həmişə öndə olub.
Ümummilli liderimiz Heydər Əliyev həmişə bu sahəyə dövlət qayğısının göstərilməsinin tərəfdarı olub, hətta Sovet dövrü kimi mürəkkəb şəraitdə böyük təşəbbüskarı olub ki, Azərbaycanda, xüsusilə milli mədəniyyətin və incəsənətin inkişafı təmin olunsun. Heydər Əliyev bu istiqamətdə hər zaman öz dəstəyini göstərib. Müstəqillik illərində Ümummilli liderimiz hakimiyyətə gələnə qədər olan vəziyyət bizə məlumdur.
O vaxtlar Yazıçılar Birliyinin heç bir orqanı mütəmadi nəşr olunmurdu. Amma Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdan kimi mürəkkəb, maddi imkanların məhdud olduğu bir şəraitdə həmin ədəbi orqanlar maliyyə vəsaiti ilə təmin olundular və nəşr olunmağa başladılar. Eləcə də, bir sıra digər təşkilatlara da qayğı göstərildi. Bu qayğı bu gün də davam edir. Yəni, imkanlar genişləndikcə, yaradıcı şəxslərə xüsusi qayğı göstərilir. Ona görə də, çalışırıq ki, bu sahədə ayrıca qanun olsun. Qanun layihəsində digər mübahisəli məqam yaradıcı şəxslərin və ittifaqların maliyyələşdirilməsi məsələsidir. Bütün dünyada belədir ki, istənilən yaradıcı quruma və şəxsə müəyyən dəstək verilir. Amma o, daha çox özü-özünü maliyyələşdirməlidir. Yəni müasir dünyanın tələbi budur. Hansısa yaradıcı qurum və şəxsi bütünlüklə dövlət maliyyələşdirə bilməz. Bu yöndəki iradlarla biz də razıyıq".
N. Cəfərovun bildirdiyinə görə, digər bir məsələ də ortaya çıxır ki, yeni yaradıcı təşkilat yarana və dövlətdən onu maliyyələşdirməyi tələb edə bilər. Komitə sədrinin fikrincə, bu yanaşma doğru deyil: "Ona görə də, biz bu məsələdə hələlik belə bir kompromis üzərində fikirləşirik ki, çoxdan yaranmış və böyük tarixi təcrübəsi olan yaradıcılıq birlikləri, onların strukturu maliyyələşdirilsin. Bundan əlavə bir sıra qanun layihələri var ki, demək olar, müzakirələrə hazırdır. Onların sırasında muğam sənəti, aşıq sənəti ilə bağlı, kulinariya mədəniyyəti haqqında layihələrin adını çəkmək olar. Başqa bir məsələ də Mədəniyyət komitəsinin son iclasında müzakirə olundu. Bu da xalçaçılıq sənəti ilə bağlı qanun layihəsidir. Bilirsiniz ki, Bakıda "Azərilmə" şirkəti fəaliyyət göstərir. Bu, çox tanınmış şirkətdir. Komitənin iclasında iştirak edən şirkətin prezidenti Vidadi Muradov belə bir qanun layihəsinin qəbul olunmasını təklif etdi.
Fikir bundan ibarətdir ki, Azərbaycan xalçaları ticari məqsədlə beynəlxalq miqyasa çıxarılmalıdır. Çünki dünyada böyük xalça bazarı var, auksionlar keçirilir. Bəzən həmin auksionlarda bizim xalçalar başqa ölkələrin xalçaları kimi alınıb satılır.
Odur ki, xalçalarımız o auksionlarda iştirak etməlidir. Bu sahədə qanun layihəsinin hazırlanıb qəbul olunması maraqlı təklifdir, bu səbəbdən də məsələ geniş miqyasda müzakirə olunmalıdır".
Kamil HƏMZƏOĞLU