
"Azərbaycan gəncliyinin böyük əksəriyyəti bu gün hakim partiyaya üz tutur".
525.Az-ın məlumatına görə, bunu hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov dilə gətirib.
Onun dediyinə görə, bu faktı YAP-ın sədri İlham Əliyev də çıxışlarında dəfələrlə vurğulayıb: “Təbii ki, gənclərin partiyamıza axının köklü səbəbləri var və onlar YAP-ın ideyalarının, prinsiplərinin necə yüksək dəyərə malik olduğunu aydın şəkildə dərk edirlər. Gənclik bizim xalqımızın, dövlətimizin gələcəyidir.
Əgər gənclərimiz bu gün YAP-a üz tutursa, inanırsa, möhtərəm Prezidentimizin siyasətini dəstəkləyirlərsə, demək, onlar partiyamızın sabahının da işıqlı, uğurlu olmasını təmin edəcəklər. Bu mənada mən partiyamızın uğurlu gələcəyinə inanıram”.
Qarşıdan gələn 2013-cü il prezident seçkilərinə də toxunan millət vəkili bildirib ki, YAP yarandığı vaxtdan sonra iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb və bu qələbələrin əsasında da Azərbaycan xalqının hakim partiyaya olan inamı, etimadı dayanır:
“Bu mənada mən inanıram ki, 2013-cü ildə keçiriləcək prezident seçkilərində də dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev nəinki təkcə partiyamızın üzvlərinin, Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin səsini qazanacaq.
Çünki xalqımızın yeganə namizədi məhz cənab İlham Əliyevdir. Bu gün Azərbaycanda partiyamızın sədri İlham Əliyevə alternativ yoxdur.
Amma hesab edirəm ki, bu amil bizi arxayınlaşdırmamalıdır. Biz də bütün varlığımızla öz liderimizin qələbəsi uğrunda fəaliyyət göstərəcəyik.
Belə bir atalar sözü var ki, hər zaman qarşındakını özündən güclü say. Bu çox müdrik bir sözdür. Hesab edirəm ki, biz fəaliyyətimizdə hər zaman diqqətli olmalı və üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməliyik”.
H.Mirələmovun eyni zamanda sözlərinə görə, ümumi əhval-ruhiyyəni əsas götürərək deyə bilər ki, Xətai rayonunun da əhalisinin mütləq əksəriyyəti YAP sədri, Prezident İlham Əliyevi dəstəkləyən insanlardır:
“Bizlər-YAP üzvləri və cənab İlham Əliyevin sadiq əsgərləri bütün varlığımızla çalışacağıq ki, bundan sonra da partiyamızın nizamnaməsinin və proqramının tələblərini layiqincə yerinə yetirək”.
KAMİL



