|
|
|
|

İyunun 8-də AMEA-nın Əsas binasında Azərbaycanın görkəmli alimi və tanınmış ictimai-siyasi xadimi, respublika səhiyyəsinin təşkilatçılarından biri, akademik Vəli Axundovun anadan olmasının 110 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda akademik Vəli Axundovun məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Sonra AMEA-nın Əsas binasında akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən sərgiyə baxış keçirilib.
Yubiley tədbirini giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli görkəmli alim və dövlət xadimi Vəli Axundovun Azərbaycanın ictimai-siyasi və elmi həyatında mühüm izlər qoymuş şəxsiyyətlərdən biri olduğunu bildirib.
AMEA rəhbəri Azərbaycan xalqının yaddaşında dərin hörmətlə yaşayan akademik Vəli Axundovun dövlətçilik fəaliyyətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayıb. Bildirib, bu yüksək qiymətin ifadəsi olaraq Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə görkəmli alimin 80 illik yubileyi qeyd edilib, Prezident İlham Əliyevin müvafiq Sərəncamı əsasında isə alimin 100 illik yubileyi dövlət səviyyəsində keçirilib.
Sonra Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev akademik Vəli Axundovun həyat və fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış edib.
Nazir 1996-cı ildə akademik Vəli Axundovun 80 illik yubileyində Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladaraq Ümummilli Liderin onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. O, akademik Vəli Axundovun vətən və xalq qarşısındakı xidmətlərinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini söyləyib, bugünkü yubiley tədbirinin bu böyük şəxsiyyətə olan dərin hörmət və ehtiramın bariz ifadəsi olduğunu bidirib.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar çıxış edərək akademik Vəli Axundovla bağlı xatirələrini bölüşüb.
Sonra akademik Vəli Axundovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Yubiley tədbirində Azərbaycan Tibb Universitetinin kafedra müdiri tibb elmləri doktoru, professor İbadulla Ağayev akademik Vəli Axundovun ictimai-siyasi və elmi-pedaqoji fəaliyyəti haqqında geniş məruzə edib.
Tədbirdə, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini akademik Rafael Hüseynov, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AR Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Profilaktika İnstitutunun direktoru professor Adil Allahverdiyev çıxış ediblər.
Sonda Axundovlar ailəsi adından akademik Vəli Axundovun qızı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nigar Axundova çıxış edərək, atasının xatirəsinə göstərilən yüksək ehtirama görə təşkilatçılara və tədbir iştirakçılarına minnətdarlığını bildirib (xalqqazeti.az).







